Xəbərlər
Xalq əmin-amanlığa səs verəcək
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 28-də Sabirabad rayonunda seçicilərlə görüş keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib.
Görüşdə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, partiyanın İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Ramin Məmmədov, təşviqat qrupunun üzvləri Mirzəcan Xəlilov, Telman Mirzəyev, Fəzail Cəfərov, Gülandam Səmədova, Ərzuman Babaşov, Nicat Əliyev, İradə Əliyeva və Faiq Hüseynov çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə nəticəsində üçrəngli bayrağımız bu gün uzun illər düşmən tapdağı altında qalan torpaqlarımızda dalğalanır. Ölkəmizin yeni qələbələrə və uğurlara imza atması üçün natiqlər seçiciləri seçki günündə fəal olmağa və cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Görüş Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə sona çatıb.