Xəbərlər
Qalib dövlətin səsi ol!
Siyəzən rayonunda seçicilərlə görüş keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 27-də Siyəzən rayonunda seçicilərlə görüş keçirilib.
Görüş Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra müstəqil Azərbaycanın memarı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Siyəzən rayon təşkilatının sədri Samir Baxşiyev qeyd edib ki, qarşıdan gələn prezident seçkiləri müstəqil dövlətçilik tariximizin ən mühüm hadisələrindən biridir. Prezident seçkilərinin əhəmiyyəti ondan ibarətdir ki, “Zəfər seçkisi” adlandırılan bu seçkilər ölkəmizin bütün suveren ərazilərində keçiriləcəkdir.
Sonra “Qalib xalqın qalib Lideri” adlı videoçarx nümayiş etdirilib.
YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin komitə sədri Sadiq Qurbanov, təşkilat qrupunun üzvləri Taleh Xankişiyev, İlqar Osmanov çıxış edərək Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi son 20 il ərzində bütün sahələri əhatə edən uğurlardan bəhs ediblər. Xüsusi olaraq vurğulanıb ki, hazırda Azərbaycan qalib Liderin rəhbərliyi ilə özünün ən qüdrətli dövrünü yaşayır.
Natiqlər seçiciləri qarşıdan gələn 7 fevral prezident seçkilərində fəal iştirak etməyə, zəfər, inkişaf və rifah naminə Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.