Xəbərlər
Cəlilabad rayonunda seçicilərlə görüş keçirilib
2024 – cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 27-də Cəlilabad rayonunun ağsaqqalları və ziyalıları ilə görüş keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşlərdə YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı, Milli Məclisin deputatı Malik Həsənov, təşviqat qrupunun üzvləri Ədalət Əsgərov, Nadir Babayev, Malik Nəzərov, Fazil Əsədov, Mikayıl Mirzəyev və başqaları çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, Yeni Azərbaycan Partiyası seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə gedir. Görüşdə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurlarından, ölkəmizin qarşısında yeni perspektivlərin açılmasından geniş bəhs edilib. Diqqətə çatdırılıb ki, hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə xalqımızın bütövlükdə milli gücünün artmasını təmin edib. Bu seçkilər həm də onunla əlamətdardır ki, müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq respublikamızın bütün ərazisində keçiriləcək. Ona görə də qarşıdan gələn prezident seçkiləri haqlı olaraq cəmiyyətimiz tərəfindən Zəfər seçkisi kimi dəyərləndirilir.
Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Görüş zamanı çıxış edən seçicilər də fevarlın 7-də seçki məntəqələrinə gedərək qalib Lider, xalqımıza Zəfər sevinci yaşadan cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.