Xəbərlər
Beynəlxalq riyakarlığın təzahürü
Cavid Osmanov
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı
Ölkəmiz 2001-ci ildə Avropa Şurası Parlament Assambleyasına üzv olandan sonra ötən dövrün təcrübəsi göstərir ki, ermənipərəst, islamofob qüvvələr bu təşkilatdan daim Azərbaycana qarşı vasitə kimi istifadə ediblər. Bu isə beynəlxalq riyakarlığın təzahürüdür. Hazırda AŞPA adlı qrum təzyiq etmə alətindən başqa bir funksiyaya malik deyil. Avropa Şurası müxtəlif Avropa ölkələrinin Avropa Parlamentinə düşə bilməyən islamofob və türkəfob təfəkkürlü nümayəndələrinin düşərgəsidir.Uzun illər ərzində bu qurum Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərin işğalı faktına qarşı heç bir tədbir görməyib, yalnız ara sıra heç bir hüquqi çəkisi olmayan bəyanatlar və qərarlar verməklə kifayətlənib. Halbuki, bir quruma üzv olan iki ölkədən birinin digərinin ərazisini işğal etməsi faktına görə ən azından işğalçının səs hüququ əlindən alına bilərdi.
“İkili standartlar” siyasətindən kənara çıxa bilməyən AŞPA 23 oktyabr 2023-cü il tarixində “Dağlıq Qarabağda humanitar vəziyyət” adlı qətnamə qəbul edib. Həmin qətnamənin 23-cü bəndində təşkilat açıq-aşkar Azərbaycanı təhdid edilərək, 19 sentyabrda baş tutan lokal xarakterli anti-terror əməliyyatlarını hərbi əməliyyatlar kimi qiymətləndirərək, “Dağlıq Qarabağın erməni əhalisinin humanitar vəziyyəti”ndən ciddi narahatçılıq ifadə edib və Azərbaycan nümayəndə heyətinin etimadnaməsini 2024-cü ilin ilk iclasında tanımamaqla hədələyib.
Yanvarın 22-də Avropa Şurası Parlament Assambleyasının qış yarım-sessiyasının açılışında AŞPA-da ölkəmizin nümayəndə heyətinin etimadnamələri təsdiq edilməmişdir. Deputatların etimadnamələrin substantiv əsaslarla mübahisələndirilməsi ilə bağlı təşəbbüsü Sosialistlər siyasi qrupunun rəhbəri Frank Şvabe irəli sürmüş və həmin təşəbbüs təsdiqlənmişdir. Frank Şvabe təşəbbüsü irəli sürərkən çıxışında “100 mindən artıq Qarabağ ermənilərinin zorakılıqla qovulması və AŞPA məruzəçilərinin Laçın yoluna buraxılmamasını Azərbaycanın təşkilatla əməkdaşlıqdan yayınması kimi qiymətləndirib”. Qalmaqallı təşəbbüs formal olaraq Almaniyalı deputat Frank Şvabe tərəfindən irəli sürülsə də, məsələnin arxasında AŞPA rəhbərliyinin özünün durduğu, sadəcə sosialistləri qabağa verdiyi bilinən faktdır. AŞPA-nın sabiq və qüvvədə olan prezidentinin əleyhimizə səs verməsi təşkilat rəhbərliyinin mövqeyinin göstəricisidir. Bəllidir ki, Fransa və Almaniya tandem şəklində çıxış edirlər. Bir sıra hallarda Fransa öz istəklərini Almaniya vasitəsilə reallaşdırmağa çalışır. Buna səbəb Fransanın xarici siyasətində yaşanan ardıcıl uğursuzluqlar və adıçəkilən ölkənin nüfuzdan düşməsidir. Buna görə də Fransa Almaniya vasitəsilə AŞPA-nı Azərbaycana qarşı vasitə kimi istifadə etməyə çalışır. Bütün bunlar həmçinin onu göstərir ki, AŞPA Almaniya və Fransanın əlində oyuncaqdır. Fransa Azərbaycana qarşı bu qurumdan istifadə edir və ölkəmizə təzyiq göstərir. AŞPA-da Azərbaycana qarşı gedən proses təsadüfi deyil və bu Fransanın ölkəmizə qarşı kampaniyasının davamıdır.
Qərəzli və ünvanlı sifarişləri icra edən qurum olan AŞPA Prezident İlham Əliyevin müstəqil siyasətini, Ermənistanı məğlubiyyətini, tam suverenliyimizin bərpa olunmasını həzm edə bilmir. 2023-cü il aprelin 23-də Azərbaycan Respublikası tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulandan sonra Qərb təsisatları, habelə AŞPA dəfələrlə Azərbaycandan həmin sərhəd-buraxılış məntəqəsinin ləğv edilməsini, dolayısı ilə Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınmamasını tələb edib. Azərbaycan tərəfinin təzyiq qarşısında geri çəkilməyəcəyinə əmin olan AŞPA rəhbərliyi məzmunu saxlamaqla formanı dəyişmək qərarı verib. 2023-cü ildə AŞPA 3 dəfə ölkəmizə müraciət edərək Laçın yoluna məruzəçi göndərmək istədiyini bildirib. Ermənilərin “blokadada yaşadıqları”nı göstərmək və uydurma faktlar əsasında saxta hesabatların hazırlanmasına xidmət edəcək sözügedən absurd niyyətlərin reallaşmasına Azərbaycan imkan vermədi.
AŞPA Azərbaycan nümayəndə heyətinin etimadnamələrini mübahisələndirilməsi təşəbbüsünü irəli sürərkən guya bunu 7 fevralda Azərbaycanda keçiriləcək seçkiləri müşayiət etməyə dəvət edilməməsi, ölkədə “siyasi məhbus”ların olması ilə əlaqələndirsə də, əsas səbəbin Qarabağın azad olunması, suverenliyin tam bərpa edilməsi faktı ilə barışa bilməmələri, Ermənistana hər vasitə ilə dəstək olmaq siyasətindən irəli gəlir. Azərbaycan üçün nəinki AŞPA-da səsinin dondurulması, bu qurumun özü belə heç bir əhəmiyyət kəsb etmir.