YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Beynəlxalq riyakarlığın təzahürü

“Azərbaycan mühüm siyasi kampaniya - 7 fevral növbədənkənar prezident seçkiləri ərəfəsindədir. Azərbaycanın uğurlarını, xüsusilə ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsini həzm edə bilməyən dairələrin ölkəmizi gözdən salmaq, demokratik imicinə zərbə vurmaq üçün göstərdikləri cəhdlər diqqətdən kənarda qalmır. Avropa Şurasının Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması ilə bağlı qərarı da Avropanın səmərəsiz cəhdlərinin tərkib hissəsidir. Dünya gücləri, onların əlində oyuncağa çevrilən Avropa Şurası kimi qurumlar Azərbaycana qarşı atdıqları  addımların heç birinin əsası olmadığını, yalnız qərəz xarakteri daşıdığını çox yaxşı bilirlər.  Azərbaycana hansı sahədən diqqət yetirsələr ölkəmizin davamlı  uğurlarını görürlər. Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan kimi qəbul edilməsini şərtləndirən əsas amillərdən biri demokratik inkişafdır. Hər zaman sabitlik məkanı kimi nüfuz qazanıb. Ölkəmizdə demokratik cəmiyyətin varlığını təsdiqləyən bütün amillər mövcuddur. İnsan hüquqları yüksək səviyyədə qorunur və yeni müdafiə mexanizmləri müəyyənləşdirilir, mətbuat azadlığı təmin olunub, çoxpartiyalı sistem yaradılıb, seçkilərin demokratik, azad, beynəlxalq standartlara uyğun keçirilməsi üçün biri-birindən mühüm addımlar atılır. Cənab İlham Əliyev hər zaman belə bir çağırışı diqqətə çatdırır ki, demokratikləşmə Azərbaycanın hərtərəfli inkişafının əsasıdır. Bu müqayisəli təhlil də aparılır ki, elə ölkələr var  iqtisadi inkişafı yüksək səviyyədədir, amma demokratik inkişafdan danışmaq mümkün deyil. Elə ölkələr də var ki əksinə, demokratik inkişafı ilə diqqətdədir, iqtisadi tərəqqi aşağı səviyyədədir. Azərbaycanda isə vəziyyət tamamilə fərqlidir. İqtisadi və siyasi islahatların vəhdətliyi ölkəmizin  hərtərəfli inkişafında əsas amildir. Azərbaycan inkişafın təkmil modelini dünyaya təqdim etməklə daim diqqəti özünə yönəldir. Bu, ölkəmizin  yürütdüyü siyasətin məqsədyönlülüyünə əminliyindən irəli gəlir. Bu kontekstdən yanaşdıqda AŞPA kimi qərəzi fəaliyyətlərinin əsasına çevirən qurumlar öncə özlərinin həyata keçirdikləri siyasətin hansı prinsiplərə söykəndiyinə diqqət yetirsələr daha yaxşı olar.” Bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.

Millət vəkilinin sözlərinə görə, Avropa Şurası müxtəlif Avropa ölkələrinin Avropa Parlamentinə düşə bilməyən islamofob və türkəfob təfəkkürlü nümayəndələrinin düşərgəsidir: “Uzun illər ərzində bu qurum Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərin işğalı faktına qarşı heç bir tədbir görməyib, yalnız  heç bir hüquqi çəkisi olmayan bəyanatlar və qərarlar verməklə kifayətlənib. Halbuki, bir quruma üzv olan iki ölkədən birinin digərinin ərazisini işğal etməsi faktına görə ən azından işğalçının səs hüququ əlindən alına bilərdi. Avropa Şurasının işğalçı ilə işğala məruz qalan dövləti eyni vaxtda üzv qəbul etməsinin özü ədalətsizliyin təzahürüdür. Azərbaycan ilk gündən üzərinə düşən öhdəlikləri yüksək səviyyədə yerinə yetirdi. Bu fakt inkaredilməzdir ki, Azərbaycan kimi demokratik dəyərlərə sadiq olan, ədaləti və beynəlxalq hüuqu dəstəkləyən, təkmil inkişaf modeli ilə diqqətdə olan bir ölkə ilə əməkdaşlıq dünya güclərinə dividend qazandırar. Son üç ilin reallıqları Azərbaycanın malik olduğu imkanların təqdimatıdır. Azərbaycan tarixi Zəfərə imza atmaqla həm regionda yeni reallıqlar yaratdı, həm də dünya siyasətində yeniliklərə yol açdı. 30 il dünyadan ədalət gözləyən Azərbaycan dünya güclərinin edə bilmədiklərini edərək kağız üzərində saralan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini təkbaşına icra etdi. Bu gün AŞPA kimi qurumların atdığı addımlar beynəlxalq riyakarlığın təzahürüdür. Azərbaycanın tarixi Zəfərini qəbul etməyən, regionda gərginliklərin yaradılmasında maraqlı olan əksər dünya gücləri bu təşkilatdan bir vasitə kimi istifadə etməyə çalışırlar.”

Əliabbas Salahzadə bildirib ki, AŞPA Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini məhdudlaşdırmasını guya bunu 7 fevralda Azərbaycanda keçiriləcək seçkiləri müşayiət etməyə dəvət edilməməsi, ölkədə “siyasi məhbus”ların olması ilə əlaqələndirsə də, əsas səbəbi Qarabağın azad olunması, suverenliyin tam bərpa edilməsi faktı ilə barışa bilməmələri, Ermənistana hər vasitə ilə dəstək olmaq siyasətindən irəli gəlir: “Qarabağ münaqişəsinin  həlli prosesinin 30 il uzanmasını şərtləndirən amillərdən biri məhz dünyanın ikili standartlara əsaslanan siyasəti olub. Bu gün Azərbaycana qarşı qarayaxma kampaniyasını daha da dərinləşdirən Fransa vaxtilə münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan keçmiş ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri idi. 30 illik işğal dövründə Fransa da daxil olmaqla ATƏT-in Minsk qrupunun digər həmsədrləri  işğalçını adı ilə çağırmağın gərəksizliyini bildirdilər və bunu belə əsaslandırmağa çalışdılar ki, bu addım münaqişənin həllinə mane ola bilər.  Bu baxımdan ki, guya bu, bir tərəfin dəstəklənməsi kimi qəbul oluna bilər. Sual olunur- Ermənistana bu gün də açıq-aşkar dəstək göstərən ölkələr, beynəlxalq təşkilatlar beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozduqlarını düşünürlərmi? Atdıqları addımlara bu gün hansı şəkildə haqq qazandırmağa çalışacaqlar?”

Millət vəkili vurğulayıb ki, Azərbaycan sülh istəyir: “2020-ci ilin noyabrında müharibə bitdikdən dərhal sonra ölkəmiz  sülh danışıqlarına başlamaq üçün təşəbbüs irəli sürdü və Ermənistanla sülh müqaviləsinin əsasını təşkil edəcək beş prinsipi təqdim etdi. Azərbaycan 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti özü bərpa etmiş ölkə olaraq yeni sülh prosesinin müəllifi oldu. AŞPA reallıqlara Ermənistanın müdafiəsi baxımından yanaşmasaydı, Azərbaycanın bu kimi sülh addımlarını yüksək  dəyərləndirərdi. Siyasi korluq AŞPA-nın xəstəliyinə çevrilib.”