Xəbərlər
“20 il əvvəl verilən vədlər reallıqlarda öz əksini tapdı”
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 24-də Şərur rayonunun Vərməziyar, Stansiya Daşarx, Çərçiboğan və Arbatan kənd seçiciləri ilə görüş keçirilib.
Görüşdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra YAP Şərur rayon təşkilatının sədri Əmir Babayev, Naxçıvan Muxtar Respublika Ali Məclisinin deputatı Turan Həsənova, təşviqat qrupunun üzvləri Həsən Cəfərov, Tacir Rəcəbov, Saleh Məhərrəmov, Leyla Abbasova, şəhid atası Əli İsmayılov, partiya veteranı Musa Quliyev, Vətən müharibəsi qaziləri Mikayıl Əliyev, Əmrah Məmmədov çıxış ediblər.
Natiqlər qeyd ediblər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə 20 il öncə həyata keçirilməyə başlanan uzaqgörən daxili və xarici siyasət Azərbaycanı dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxarıb. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin olunması cənab İlham Əliyevin çoxşaxəli fəaliyyətinin ən uğurlu nəticəsidir.
Seçicilər daha güclü və qüdrətli Azərbaycan naminə 7 fevral prezident seçkilərində partiya namizədi cənab İlham Əliyevi dəstələdiklərini deyiblər.