Xəbərlər
“Azərbaycanın yüksəlişinin davamlılığına səs verək!”
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 24-də Mingəçevir şəhərinin seçiciləri ilə görüşlər keçirilib.
Görüşlərdə YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, Milli Məclisin deputatı Aydın Mirzəzadə, təşviqat qrupunun üzvləri Təhmasib Hüseyinov, Rövşən Əhmədov, Mahir Mürsəlov çıxış ediblər.
Çıxışlarda Prezident İlham Əliyevin güclü, qətiyyətli və müdrik Lider olduğu vurğulanıb. Bildirilib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət, sosial, iqtisadiyyat, o cümlədən digər istiqamətlərdə atılan addımlar xalqın rifahının yüksəlməsinə yönəldilib. Abadlıq-quruculuq işləri də xalqın rahat yaşayışına şərait yaradır.
Natiqlər qeyd ediblər ki, gələcək inkişaf konsepsiyasının uğurla icrası üçün növbəti dövrdə də cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etməsi olduqca zəruridir.
Qeyd edək ki, həmin gün Mingəçevir şəhərinin Aydın Məmmədov küçəsində yaşayan seçicilərlə də fərdi görüş keçirilib.