Xəbərlər
Qax rayonunun seçimi milli həmrəyliyimizin təminatçısı cənab İlham Əliyevdir

Qax rayonunun İlisu və Ağçay kəndlərindən olan seçiciləri ilə görüş keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 16-da Qax rayonunun İlisu və Ağçay kəndlərində seçicilərlə görüş keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə YAP Qax rayon təşkilatının sədr müavini İlkin Abbasov, təşviqat qrupunun üzvləri Nizami Abdullayev, Mahir Əfəndi, Ramil Məmmədli, Zabit Əhmədov və Seyfullah Həmidov çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin kursuna və dövlətçilik ideyalarına sadiq olan Prezident İlham Əliyev son 20 ildə ölkəmizi yeni keyfiyyət mərhələsinə və davamlı yüksəliş xəttinə çıxarıb. Cənab İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini bərpa edərək müdrik lider, böyük strateq, qalib sərkərdə kimi adını əbədi olaraq tarixə yazdı, 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanına çevrildi.
Diqqətə çatdırılıb ki, Yeni Azərbaycan Partiyası bu seçkilərdə də xalqına verdiyi bütün vədləri yerinə yetirən qalib partiya kimi iştirak edəcəkdir.
Görüşdə çıxış edənlər bir daha bütün seçiciləri milli həmrəyliyimizin təminatçısı cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.