Xəbərlər
Qusar seçicilərinin seçimi cənab İlham Əliyevdir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 16-da Qusar rayonunun Avaran və Xürel kəndlərinin seçiciləri ilə görüş keçirilib.
Görüşdə YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov, təşviqat qrupunun üzvləri General Sadulov və Xatirə Nağıbəyova çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, Prezident İlham Əliyev xalqın ən böyük arzusu olan Qarabağ məsələsini böyük uğurla həll edərək tarixi missiyanı gerçəkləşdirib. Bu illər ərzində Azərbaycan dünya sivilizasiyasına böyük töhfələr verərək bir çox ölkələrin etibarlı strateji tərəfdaşına çevrilib.
Təşviqat qrupunun üzvləri seçiciləri prezident seçkilərində fəal olmağa dəvət ediblər.
Çıxış edən seçicilər isə 7 fevral seçkilərində əldə olunan uğurların davamına, böyük Qələbənin memarı olan İlham Əliyevə səs verəcəklərini bildiriblər.