Xəbərlər
Böyük hörmətin və rəğbətin təsdiqi

Həbib Cəfərov
YAP Astara rayon təşkilatının sədri
Tarixə qovuşan 2023-cü ilin uğurlarından bəhs edərkən Azərbaycanın artan beynəlxalq nüfuzunu xüsusi qeyd edirik. Tarixi Zəfərimizdən sonra ölkəmizin beynəlxalq münasibətlər sistemində yerinin və rolunun daha da möhkəmlənməsi diqqətdən kənarda qalmır. Azərbaycanın yalnız ikitərəfli deyil, beynəlxalq təşkilatlar çərçivəsində də əlaqələrinin yüksələn xətlə inkişaf etdiyi qarşılıqlı səfərlərin, həmçinin ev sahibliyi etdiyi, yaxud bu və ya digər ölkələrdə qatıldığı beynəlxalq əhəmiyyətli tədbirlərin say tərkibində özünün aydın ifadəsini tapır. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində cənab İlham Əliyev Azərbaycanın beynəlxalq nüfuzunun artmasını şərtləndirən amillərə diqqəti yönəltdi. Öncə ötən ilin növbəti zəfərini qeyd etməliyik. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Tarixi Zəfərimizdən ötən üç ildə Azərbaycan bu hədəfə sülh yolu ilə nail olmağa çalışsa da Ermənistanın himayədarlarına arxalanaraq atdığı addımlar, törətdiyi hərbi təxribatlar bunu mümkünsüz etdi. 10 noyabr 2020-ci il tarixli Bəyanatdan irəli gələn öhdəliklərini yerinə yetirməyən Ermənistan hərbi təxribatları ilə də diqqətdə oldu. Təbii ki, Azərbaycan bu vəziyyətlə barışa bilməzdi. 19 sentyabr tarixində Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi bir günlük lokal antiterror tədbirlərinin nəticəsində suverenliyimizi tam təmin etdik. Bundan əvvəl isə aprel ayında Laçın buraxılış-keçid məntəqəsinin yaradılması ilə ərazi bütövlüyümüz tam bərpa edildi. Dövlət başçısı İlham Əliyev o zaman dünyanın, əksər Qərb ölkələrinin Azərbaycana qarşı ittihamlarına, təzyiq göstərmək cəhdlərinə yönəldərək onu da vurğuladı ki, heç bir ittiham, heç bir təzyiq bizim iradəmizə təsir edə bilmədi: “Mən o vaxt da demişdim ki, heç kim bizim iradəmizə təsir edə bilməz. Biz haqq yolundayıq, öz sərhədimizi özümüz nəzarətə götürmüşük və heç kimə imkan vermərik ki, bizim torpağımızda at oynatsın. Bu, bizim torpağımızdır, bu torpağın sahibi bizik, nə lazım biliriksə, onu da edəcəyik, beynəlxalq hüquq çərçivəsində, o cümlədən beynəlxalq humanitar hüquq çərçivəsində. O da dərs olmadı işğalçılara, o da dərs olmadı onların arxasında dayanan anti-Azərbaycan qüvvələrə. Ona görə sentyabr ayında keçirilmiş antiterror əməliyyatı labüd idi və biz bunu keçirdik, bununla da fəxr edirik, qürur hissi keçiririk. Hər bir Azərbaycan vətəndaşı, dünyada yaşayan hər bir azərbaycanlı haqlı olaraq qürur hissi keçirir.”
Müraciətdə Azərbaycanın iqtisadi, hərbi, diplomatik uğurlarına diqqət yönəldildi və onların fonunda bir daha sübut olundu ki, düşünülmüş siyasət nəticəsində ölkə daim irəliyə doğru addımlayır. Ötən il “Heydər Əliyev İli” çərçivəsində bu məqamlar əsaslı şəkildə qeyd olundu. Azərbaycan Heydər Əliyev yolu ilə inamla addımlayaraq möhtəşəm uğurlara imza atır. Tariximizin Zəfər səhifələrinin daha da zənginləşməsi möhkəm təmələ əsaslanan siyasətin nəticəsidir. Dövlət başçısı İlham Əliyev bayram təbrikində bu məqamı da xüsusi vurğuladı. “Ulu Öndərin 100 illiyi ölkə üzrə qeyd edildi. Mən mənim üçün bu əziz günü - atamın doğum gününü Şuşada keçirdim. Şuşanın mərkəzi meydanında Azərbaycan xalqına müraciət edərək öz ürək sözlərimi bildirdim və dedim ki, Ulu Öndərin xatirəsinə ən böyük hörmət əlaməti bizim əməllərimizdir” söyləyən cənab İlham Əliyev onu da əlavə etdi ki, oktyabrın 15-də Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda, Xankəndidə qaldırdığım Dövlət Bayrağımız, noyabrın 8-də Xankəndinin mərkəzi meydanında Zəfər paradımız Ulu Öndərin xatirəsinə ən böyük hörmətimizin əlamətidir.
“Heydər Əliyev İli”ndə Azərbaycan biri-birindən mühüm uğurları ilə diqqətdə oldu. Tarixi sahibinə qovuşan torpaqlarımızda bərpa-quruculuq işlərinin ölçüyəgəlməzliyi soydaşlarımızın qayıdış ünvanlarının sayının armasında özünü təsdiqlədi. Belə ki, mart ayında - Novruz bayramı ərəfəsində Talış kəndində bayram sevinci yaşandı, köçkünlər öz doğma evlərinə qayıtdılar. Avqust ayında Füzuli şəhəri və Zabux kəndi bayram içində idi. 28 May- Müstəqillik Gününü qeyd edərkən Laçın şəhərinə köçkünlər qayıtdı. Ondan əvvəl, 2022-ci ildə Ağalı kəndində köçkünlər məskunlaşdı və beləliklə, beş yaşayış məntəqəsində həyat bərpa edilib. Cənab İlham Əliyev hədəfləri də açıqladı: “2024-cü ildə bir neçə yaşayış məntəqəsinə keçmiş köçkünlər, qaçqınlar qayıdacaqlar. Bu müjdəni mən bu gün onlara vermək istəyirəm və bildirmək istəyirəm ki, il ərzində Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilib keçmiş köçkünlərin sərəncamına veriləcək. Eyni zamanda, il ərzində Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar. Bundan başqa, bir neçə yaşayış məntəqəsi də keçmiş köçkünləri qəbul etməyə hazır olacaq.”
Bu gün Azərbaycan qalib ölkə olaraq yaratdığı reallıqlarla regionda, dünya siyasətində yeniliklərə yol açır. Ölkəmizin nüfuzu gündən-günə artır. Bu il Azərbaycanın COP29-a ev sahibliyi də bunu təsdiqləyir. Cənab İlham Əliyev sözügedən müraciətində diqqəti bu reallığa yönəldərək bildirdi ki, COP29-a ev sahibliyimiz bizə dünya ictimaiyyəti tərəfindən göstərilən böyük hörmət və rəğbətdir, eyni zamanda, bizim yaşıl enerjiyə keçidimizə olan böyük qiymətdir.
Dövlət başçısı İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətinə söykənərək 2023-cü ilin uğurlarına bir daha diqqət yetirməklə 2024-cü ilin də uğurla başa çatacağına böyük əminliyimizi ifadə edirik.