Xəbərlər
Vüqar Rəhimzadə: Zəfərlə işğalı eyniləşdirmək cəhdi xalqa xəyanətdir
Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 7 fevral 2024-cü il tarixində ölkəmizdə növbədənkənar prezident seçkiləri keçiriləcək. Təbii ki, hər bir addımın atılmasını şərtləndirən amillər mövcuddur. Bugünümüzün reallıqları növbədənkənar prezident seçkilərinin keçirilməsini bir zərurət kimi qarşıya qoyur. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin olunub. Müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisi üzrə seçkilər keçiriləcək. İşğaldan azad edilmiş ərazilərimizdə sakinlərin səsvermədə iştirakı üçün seçki məntəqələri yaradılır. Bu, mühüm addım hər bir azərbaycanlıda böyük qürur hissi yaradır.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Vüqar Rəhimzadə bu mühüm məqamı da xüsusi qeyd edib ki, növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı qərar ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesinin tamamlanmasından sonra qəbul olunub. Bununla da seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi pariyalara imkan yaradılıb. Bu yanaşma ölkədə ədalətli rəqabət mühitinin təmin edilməsinin bariz nümunəsidir. Bu baxımdan seçkilərin keçirilməsi ilə bağlı olan istənilən narazılıq yalnız qərəzli mövqeyin və məhdud potensialın təzahürü kimi dəyərləndirilməlidir. Radikalların seçkilərin keçirilməsi ilə bağlı qərəzli fikirləri ucuz reklamdır. Bu ünsürlər öz zəifliklərini etiraf etmək əvəzinə növbəti dəfə cəmiyyətdə qarışıqlıq və təxribat yaratmaq istəyirlər. Şəxsi ambisiyalarının quluna, xarici himayədarlarının əlində oyuncağa çevrilən və onların çaldığı hava ilə oynayan əli kərimovların səsləndirdikləri fikirlərə diqqət yetirsək onların ermənipərəst mövqelərini açıq-aydın nümayiş etdirdiklərini görərik. Fikrimizcə, utanmadan işğal altında olan torpaqlarımızın azad edilməsi ilə Koçaryanın, Sarkisyanın torpaqlarımızı işğal etməsini müqayisə edən beləsinə xəyanətkar adı yumşaq olar. Bütün dünya İkinci Qarabağ müharibəsində Azərbaycanın şanlı Qələbəsindən, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətindən, rəşadətli ordumuzun gücündən, qüdrətindən bəhs etdiyi halda tarixi Zəfərimiz əli kərimovlar, cəmil həsənlilər, arif hacılılar tərəfindən böyük kədər hissi ilə qarşılandı. Əslində onların bu antimilli davranışlarının səbəbi aydındır. Bu üzdəniraq ünsürlər əvvəllər ictimai fikri çaşdırmaq, iqtidarın gördüyü işlər barədə mənfi rəy yaratmaq, Prezidentin atdığı hər bir addımın əhəmiyyətini azaltmaq üçün hazırda tarixin arxivinə atılmış Qarabağ münaqişəsindən bir vasitə kimi istifadə edirdilər. Belə bir fikir yaratmağa çalışırdılar ki, iqtidar Qarabağ münaqişəsinin həllində maraqlı deyil. Hətta mütəmadi olaraq “sülh, yoxsa müharibə” adı altında sorğular təşkil edirdilər. Ermənilərə və ermənipərəst dairələrə dəstək olaraq belə bir rəy yaratmağa çalışırdılar ki, guya Azərbaycan hərb yolunu seçərsə məğlub tərəf ölkəmiz olar.
YAP Xətai rayon təşkilatının sədri bildirib ki, Əli Kərimovun cəfəng fikirlərindən onun torpaqlarımızın işğalına necə haqq qazandırdığı və erməni təcavüzünü böyük ruh yüksəkliyi ilə qarşıladığı aydın hiss olunur. Görünür, əli kərimov kimilər torpaqlarımızın onların hakimiyyəti zəbt etdikləri bir illik dövrdə xəyanətkar əməllərinin sayəsində işğal edildiyini unudublar.
Vüqar Rəhimzadə qeyd edib ki, dövlət başçısı İlham Əliyevin “İndi yenə kimsə saxta tarix yaratmaq istəyir. Yenə kimsə hansısa fərarinin, satqının, qorxağın günahlarını yumaq istəyir. Biz buna imkan verə bilmərik. Hər kəs bilməlidir, torpaqları satan kimdir, torpaqları əsarətdən qurtaran kimdir” çağırışı əli kərimov kimi satqınlara, xəyanətkarlara tutarlı cavabdır.
YAP Xətai rayon təşkilatının sədri bildirib ki, zəiflikləri, xarici ağalarından asılılıqları ucbatından seçkiləri illərdir “boykot” yolunu tutan bu ünsürlərin atdıqları addımın məqsəd və məramını ört-basdır etmək çəhdləri heç kimdə təəccüb doğurmur. Çünki xalqımız Əli Kərimovun xəyanətkar əməllərinin mütəmadi şahidinə çevrilib. Bu ünsür erməni dəyirmanına su tökən olduğunu, məhz buna görə tarixi Zəfərimizi kədər hissi ilə qarşıladığını dəfələrlə nümayiş etdirib. Vətənə xəyanət heç kimə baş ucalığı gətirmir. Əli Kərimov bunu özünün timsalında daha aydın görür. Bu antimilli ünsürün sosial baza problemini yaşaması ucbatından seçkilərə qatılmaqdan müxtəlif bəhanələrlə yayınmasının əsasında da onun məhz Vətənə və xalqa xəyanət əməlləri dayanır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm hərbi Zəfərini Koçaryanın, Sarkisyanın torpaqlarımızı işğal etməsi ilə eyniləşdirən Əli Kərimov fikirləri ilə havadarlarına xoş gəldiyini, bunun qarşılığında böyük məbləğdə vəsait əldə edəcəyini düşünsə də, xalqın ona qarşı nifrətini birə on qat artırdığını da unutmasın. Bu baxımdan bu gün Zəfərlə işğalı ayırd etməkdə çətinlik çəkən Əli Kərimova ictimai nifrət pik həddinə çatıb.