YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İnkişafa doğru

Natiq Quluzadə

YAP Zəngilan rayon təşkilatının sədri

Zəmanəmizdə öz xalqı tərəfindən İlham Əliyev qədər sevilən dövlət başçıları çox azdır. Yüksək intellekti, dərin ensiklopedik bilikləri, diplomatiya sahəsində məharəti, dəmir məntiqi, sözübütövlüyü ona beynəlxalq aləmdə böyük nüfuz qazandırıb. Vətən müharibəsindəki tarixi Zəfər bu məziyyətlərə böyük sərkərdəlik qabiliyyətini də əlavə etdi. Azərbaycan xalqı indi öz Prezidentini tam haqlı olaraq Müzəffər Ali Baş Komandan adlandırır.

Bu mərhələyə qədər keçilən yol isə enişli-yoxuşlu, mübarizə ilə dolu olub. Prezident İlham Əliyevin qazandığı bu sevgi illərin mübarizəsi sayəsində mümkün olub. 

2003-cü ilin payızı Azərbaycan tarixinin ən həlledici mərhələlərindən biri idi. Çox mürəkkəb bir situasiya yaranmışdır. Azərbaycan xalqı yenə də seçim qarşısında qalmışdı. Belə bir mürəkkəb vəziyyətdə – 1 oktyabr 2003-cü ildə Ulu Öndər Heydər Əliyev xalqımıza müraciət etdi və öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü açıqladı:

“Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.”

2003-cü ilin 15 oktyabrı tarixində keçirilmiş seçkilərdə xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına verdi. 

Son 20 il ərzində Azərbaycan xalqı və dövləti, sözün əsl mənasında, sürətli inkişaf dövrünü yaşamış, problemlərin böyük hissəsi öz həllini tapmış, istənilən istiqamət üzrə konkret proqramlar icra edilmişdir. Ötən illərdə dünyada baş verən qlobal böhran fonunda Azərbaycan iqtisadiyyatının davamlı inkişafı, bütün sosial proqramların vaxtında yerinə yetirilməsi əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş milli iqtisadi inkişaf modelinin möhkəm təməllər üzərində qurulmasının əyani göstəricisidir.

Cənab İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi, öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi təqdim etdi.

Prezident İlham Əliyev XXI əsrdə nəhəng transmilli layihələri həyata keçirməklə ən güclü rəqiblərinin kürəyini yerə vurdu və bu layihələri müstəqilliyimizin təminatçısına çevirdi. XXI əsrin iqtisadi möcüzələri sayıla biləcək TANAP və TAP layihələrini reallaşdırdı. Bu layihələrin reallaşması üçün diplomatiya tarixində görünməmiş təzyiqlərə, hətta təhdidlərə belə məruz qalmasına baxmayaraq, çox nəhəng ölkələrin dizini yerə gətirdi. Beləliklə, Trans-Anadolu və Trans-Adriatik qaz kəmərləri layihələrinin müəllifi kimi tarixə düşdü. 

Azərbaycanda ilk dəfə hərbi sənaye kompleksləri yaratdı. Beləliklə müharibə vəziyyətində olan və ərazisinin 20 faizi işğal edilmiş bir ölkənin silah idxalından asılılığına böyük ölçüdə son qoydu. Oğuz-Qəbələ-Bakı su kəmərini çəkməklə XXI əsrin ən qlobal problemi kimi səciyələndirilən içməli su problemini strateji şəkildə birdəfəlik həll etdi. Beləliklə, öz siyasi-inzibati ərazimizdə formalaşan su mənbələri hesabına su təminatı məsələsini milli təhlükəsizliyimizin problemi kimi gündəlikdən birdəfəlik çıxardı. İqtisadi böhranlara, beynəlxalq təzyiqlərə və pandemiyanın yaratdığı çətinliklərə rəğmən dövlət başçısı xalqa arxalanaraq Azərbaycanı inkişafa doğru aparır. Son dörd il ərzində siyasi partiyalar tərəfindən imzalanmış 9 birgə bəyanat və 3 müraciət uğurlu siyasi dialoqun və xalq-dövlət birliyinin təzahürüdür. Siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlərin imzalaması həmrəylik mühitinin inkişafı ilə yanaşı, dayanaqlı demokratik ənənələrin formalaşmasına xidmət edən mütərəqqi təcrübədir. Partiyaların həmrəyliyi ölkəmizdə mövcud siyasi potensialın yalnız dövlətin inkişafına və milli maraqlara xidmət etdiyini göstərir.

Xüsusi olaraq vurğulamaq gərəkdir ki, müstəqil siyasət əsas etibarilə ölkəyə rəhbərlik edən liderin şəxsi keyfiyyətlərindən və effektiv idarəetməsindən, bütövlükdə, onun istinad etdiyi rasional davranış modelindən asılıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ləyaqətli siyasət, kifayət qədər cəsarət və ölkənin gələcəyi üçün aydın strategiya mövcud olduğu halda müstəqil siyasət yeritmək mümkündür: “Müstəqil ölkə kimi Azərbaycan bu gün də müstəqil siyasət aparır. Bu müstəqil siyasət, ilk növbədə, Azərbaycan xalqının iradəsinə əsaslanır”.

Azərbaycanda sürətli inkişaf təbii olaraq, dövlət quruculuğunun bütün sahələrinə, o cümlədən sosial sferaya ciddi sirayət edib və bir çox sosial proqram və layihələrdə real əksini tapıb. Ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə zəmin yaradıb. Ən önəmli istiqamətlərindən biri ölkəmizdə qaçqın və məcburi köçkünlərə 30 ilə yaxın bir dövr ərzində göstərilən qayğıdır.

Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Müharibənin nəticəsində 300-dən çox şəhər və kənd döyüş meydanında işğaldan azad edildi. Düşmən ağ bayraq qaldırdı, təslim oldu və məcbur oldu ki, noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atsın. Bunun nəticəsində yüzlərlə şəhər və kənd bir güllə atmadan, bir şəhid vermədən geri qaytarıldı. Ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası və xalqımızın mədəniyyət beşiyi hesab olunan Şuşanın azad olunması Prezident İlham Əliyevin Zəfər zirvəsidir. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. 19 sentyabr 2023-cü ildə birgünlük antiterror əməliyyatı nəticəsində ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olundu, Azərbaycanın üçrəngli bayrağı ilk dəfə olaraq Xankəndi səmalarında dalğalandı. Xankəndi şəhərinin mərkəzində keçirilən parad isə qalib ordunun, Müzəffər Ali Baş Komandana, xalqa, şəhidlərimizin ruhuna hesabatı oldu.