Xəbərlər
Sən elə bir zirvəsən…
Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının, Nəsimi Rayon İcra Hakimiyyətinin və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr edilmiş “Sən elə bir zirvəsən” adlı tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla anıblar.
Tədbirdə Bakı Musiqi Akademiyasının rektoru professor Fərhad Bədəlbəyli Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq missiyasından, müasir müstəqil dövlətimizin qurulmasında müstəsna xidmətlərindən danışıb. O, Heydər Əliyevin unudulmaz şəxsiyyət və dərin zəka sahibi olduğunu vurğulayıb. Qeyd edib ki, Heydər Əliyev Azərbaycan elminə və təhsilinə himayədarlıq edib, bu sahədə çalışanlara, xüsusilə də mədəniyyət işçilərinə həmişə diqqət və qayğı göstərib.
Tədbirdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsi və dövlət idarəçiliyi təcrübəsindən danışaraq müdrik rəhbərin mədəniyyət sahəsinin inkişafına xüsusi əhəmiyyət verdiyini söyləyib. O, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra qarşılaşdığı çətinliklərdən, ölkədə cərəyan edən xaos və anarxiyadan danışaraq vurğulayıb ki, belə bir böhranlı şəraitdə ölkəmizi fəlakətə sürükləyən məkrli planların qarşısını almağa qadir yeganə şəxsiyyət məhz xalqın inam və etimad bəslədiyi Ulu Öndər Heydər Əliyev idi. Bu gün hər bir azərbaycanlı Heydər Əliyev ideyalarından danışarkən Yeni Azərbaycan Partiyasının bilavasitə Ulu Öndər tərəfindən yazılmış məramnaməsinə dönə-dönə nəzər salmalı, orada Ümummilli Liderin qurmaq, görmək istədiyi yeni Azərbaycanın mənzərəsini gözümüz önündə canlandırmalıdır. Ümummilli Lider Heydər Əliyev əbədiyyətə qovuşmasına baxmayaraq, onun ideyaları yaşayır və Azərbaycanın işıqlı gələcəyinə xidmət edir. Azərbaycan xalqı Heydər Əliyev şəxsiyyətini həmişə uca tutaraq, əbədiyaşar liderimizin Vətən uğrunda həyata keçirdiyi tarixi missiyanı yüksək qiymətləndirir. Ulu Öndərin əsasını qoyduğu ideyalar Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilir.
Daha sonra Xalq artisti Xuraman Qasımova Ümummilli Liderlə bağlı xatirələrini bölüşüb.
Tədbir Bakı Musiqi Akademiyasının tələbələrinin hazırladıqları bədii hissə ilə davam edib.