YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Müdrik xalqımız öz xoşbəxt gələcəyinə səs verəcək

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən 2024-cü ilin fevral ayının 7-də növbədənkənar Prezident seçkiləri keçiriləcəkdir. Müstəqillik tariximizdə ilk dəfə olaraq bütün Azərbaycan ərazisində keçiriləcək bu seçkilər həm də Zəfər Seçkisi kimi tarixə həkk olacaqdır. Seçkilərin Zəfər Seçkisi olması, bütün Azərbaycan ərazisində keçirilməsi məhz Prezident İlham Əliyevin illər ərzində həyata keçirdiyi müdrik, uğurlu və unikal siyasətin nəticəsində mümkün olmuşdur. Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında ölkəmizin ərazi bütövlüyü və suverenliyini bərpa edildi və hazırda şanlı üçrəngli bayrağımızı Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda şərəflə dalğalanmaqdadır. Bizlər həm də ona görə qürurlu və xoşbəxtik ki, 2024-cü ilin fevral ayının 7-də qalib və suveren Azərbaycan Respublikasının vətəndaşı olaraq Zəfər Seçkilərində iştirak edəcəyik.” Bu fikirləri Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, ümumiyyətlə növbədənkənar prezident seçkilərinin keçirilməsi dünyada qəbul olunmuş və geniş istifadə olunan siyasi təcrübədir. Belə ki, seçkilər vəziyyətdən asılı olaraq təxirə salına və ya vaxtından əvvəl keçirilə bilər: “Bu gün Azərbaycanda demokratik və ədalətli seçkilərin keçirilməsi üçün hər bir şərait mövcuddur. Bütün namizədlər bərabər hüquqa malikdirlər və bərabər öhdəliklər daşıyırlar. Eyni zamanda hər bir namizəd seçkiqabağı fəaliyyət və təşviqat kampaniyasının aparılması zamanı mediadan istifadə üçün bərabər şəraitlə təmin edilmişdir.”

Milli Məclisin deputatının sözlərinə görə, hazırda Azərbaycan regionda müstəqil siyasət yürüdən, qüdrətli və nüfuzlu dövlətdir: “Eyni zamanda ölkəmizdə çox sıx xalq iqtidar birliyi mövcuddur. Bu isə bir sıra radikal siyasi qüvvələri narahat etməkdədir. Təəssüf ki bu cür radikal siyasi qüvvələr yenə də öz ucuz demaqogiyalarından əl çəkmir, 2024-cü ilin fevralında keçirilməsi nəzərdə tutulmuş seçkilərlə bağlı qərəzli fikirlər səsləndirirlər. Heç bir elektrokatı olmayan, 5 min üzvü böyük çətinliklərlə toplayan və partiya üzvləri yalnız dost - tanışlarından, qohumlarından ibarət olan bu radikal siyasi qüvvələrin bütün arzuları hər zaman olduğu kimi bu dəfə də puç olacaqdır. Çünki ölkəmizin uğurlarını gözü götürməyən radikal siyasi qüvvələrə nəinki Azərbaycan xalqı artıq öz dost tanışları belə etibar etmir.”

Sədaqət Vəliyeva qeyd edib ki, heç şübhəsiz müdrik xalqımız bu dəfə də Azərbaycanın xoşbəxt gələcəyinə - verdiyi bütün vədləri tamlıqla yerinə yetirən, bizləri Qarabağımıza aparan, başımızı uca edən, ölkəmizin inkşafı və beynəlxalq miqyasda nüfuzunun artması üçün gecə-gündüz yorulmadan çalışan İlham Əliyev siyasətinə səs verəcəkdir: “Uzaqgörən Azərbaycan xalqı Zəfər Seçkilərində bizə Zəfəri bəxş edən Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verəcək”