YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev Azərbaycanın tarixini yenidən yazan əvəzolunmaz şəxsiyyətdir

Şəbnəm Həsənova

Politoloq

Şəxsiyyətin tarixdəki rolu və yerinin işıqlandırılmasına necə yanaşmaq məsələsi dəfələrlə qaldırılıb. Dünyanın müxtəlif regionlarında və xalqların yanaşmalarında fərdin rolunun öyrənilməsi tarixi inkişafın xüsusiyyətlərini dərk etmək zərurəti ilə əlaqədar xüsusi əhəmiyyət kəsb edir. Şəxsiyyət problemi və onun ölkənin siyasi proseslərinə təsiri böyük elmi, nəzəri və praktiki əhəmiyyətə malikdir. Ləyaqət göstərmək, şəxsiyyətin tarixi prosesdəki əhəmiyyətini üzə çıxarmaq zərurəti tarixçi və tədqiqatçıların qarşısında həmişə aktual vəzifə olaraq qalır. Bir çox yerli və əcnəbi alim və tədqiqatçılar şəxsiyyətin tarixdəki rolu haqqında yazaraq, dövlət rəhbərinin qərarların qəbulunda çox vaxt həlledici rol oynadığını qeyd ediblər. Lakin bu məqamda onu da vurğulayaq ki, bəzi liderlərin siyasi portretləri praktiki olaraq yoxdur, ya da daha dəqiq ifadə etsək praktikada mövcud deyil. Ümummilli Lider Heydər Əliyevin portreti isə həm tarixdə, həm siyasətdə, həm də praktiki olaraq praktikada olmaqla xalqının bütün nəsil şəcərələrinin qəlbində dərindən iz buraxmışdır.  Heydər Əliyevdən nə qədər danışsaq da, yazsaq da azdır. Onun siyasi fəaliyyətinin müəyyən aspektlərinə həsr olunmuş əsərlər yazılsa da, şəxsiyyətindən və proseslərə şəxsi töhfəsindən danışılsa da hər biri onun fəaliyyətinin qarşısında acizdir. Acizdir ona görə ki, “Mənim özüm də, övladlarım da müstəqil Azərbaycan uğrunda qurban olmağa hazırıq!” sözləri hər bir ürəyin sərf etməyə qadir olmadığı, cürət edə bilməyəcəyi ifadədir.

Daxili və xarici siyasət qərarlarının dəqiq qəbulu deyilərkən nəinki region və post-sovet məkanında, dünya miqyasında qəbul və ehtiram edilən liderlər arasında xalqımızın ən böyük nümayəndəsinin adının ilk sıralarda qərar tutması soyu əsrlərə, minilliklərə dayanan bir xalqın zəngin irsindən xəbər verir. Siyasi tarixşünaslıqda bu xüsusiyyətlər ayrılıqda dövlətlərin və xalqların deyil, dünyanın ümumi siyasi fonuna toxunur. Dövlətin siyasi quruluş ənənəsində güclü lider dünya ölkələrində fərdin rolu ilə xüsusilə aydın görünür. Ümummilli lider biləklərdəki zəncirləri qıraraq bir xalqın və dövlətin deyil, bütövlükdə regionun tarixi və siyasi fərqli rəng palitralarına, xüsusiyyətlərinə baxmayaraq siyasi məkanı demokratikləşdirməyə çalışırdı. Bəli, dövlətin tarixinin formalaşmasında şəxsiyyətin rolu mühüm amillərdən biridir. Ümummilli Lider Heydər Əliyev Azərbaycanın tarixini yenidən yazan, bu irsi bizə miras qoyub gedən əvəzolunmaz şəxsiyyətdir. Sözlərin aciz olduğu kimi əvəzolunmaz sözü də təsadüf deyil. Çünki öz ölkələrinin inkişafına töhfə verən liderlər təkcə öz dövlətləri üçün deyil, bütün region və hətta dünya üçün əhəmiyyət kəsb edir. Siyasətdə bir şəxsiyyət çox mühüm müsbət və ya mənfi rol oynaya bilər, lakin siyasətdə və tarixdə şəxsiyyətin rolu mövzusuna toxunarkən, tarixdə əsasən müsbət iz qoymuş görkəmli insanlardan danışmaq adətdir. Heydər Əliyev idarəçiliyinin istənilən dönəmində yalnız müsbət addımlarla sayılıb-seçilən, tarixin bütün dövrlərində məhz bu cür xarakterizə olunan fenomenal şəxsiyyətdir. Siyasətdə liderlik həm də böyük insan kütlələrinin fəaliyyətinə, taleyinə təsir göstərmək bacarığıdır ki, burada qeyri-adi keyfiyyətlərə ehtiyac var.

Heydər Əliyev öz qeyri-adi təbiəti, dərin siyasi biliyi ilə hər bir azərbaycanlının taleyinə toxunmuş, iz buraxmış şəxsiyyətdir. Cəmiyyətin çoxmillətli və çoxkonfessiyalı təbiəti ilə vurğulanan ölkənin dini və sosial quruluşunun xüsusiyyətlərini dərindən dərk edən Heydər Əliyev dövlətin birləşməsini, möhkəmlənməsini, güclü və ciddi öhdəlik kimi görürdü. Qeyd etmək vacibdir ki, əhalinin dilinə, dininə, adət-ənənəsinə hörmət etməklə, digər tərəfdən isə dünyəvi inkişaf yolu tutması, o cümlədən ölkənin siyasi vektorunun stabillik və tərəqqi oxundan yayınmaması Ümumilli Lider Heydər Əliyevin misilsiz xidməti nəticəsində mümkün olmuşdur. Siyasətdə fərdin rolu ilk növbədə keçmişdə və ya indiki dövrdə güc və səlahiyyətə malik olan liderlə əlaqələndirilir. Mütləq qaydada vurğulamalıyıq ki, Heydər Əliyevə etimad göstərən xalqa Heydər Əliyevin özünün üz tutması və “Mən İlham Əliyevə özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” deyərək etimad və sədaqət hisslərinin qarşılıqlı mövcudluğu idi ki, biz bugünkü reallığı yaşaya bilirik. Tarix boyu Azərbaycanın geosiyasi yerləşməsi baxımından regionun və dünyanın inkişaf tarixində həmişə baş vermiş beynəlxalq problemlərin ocaqlarına yaxın olması onun inkişafına da, tənəzzülünə də güclü təsir göstərib. Əsas amil isə burada ondan ibarətdir ki, mənfiləri müsbətlərə çevirə biləsən. Heydər Əliyev nəinki siyasi xadim kimi, fərdi şəxs kimi də bütün mənfiləri müsbətlərə çevirərək ölkəsinə yalnız sabitlik, rifah, çiçəklənmə bəxş edən şəxsiyyət idi. Keçmişdə isə danışmaq qəti olmaz. Çünki nə qədər ki Azərbaycan var Ümumilli Liderimiz yaşayacaq! Nə qədər ki biz varıq Ümummilli Liderimizi yaşadacağıq!