Xəbərlər
Xilaskarlıq missiyası Ümummilli Liderin fəaliyyətinin bütün məqamlarını özündə ehtiva edir

Mehdi Balabəyov
YAP Şabran rayon təşkilatının sədri
Dekabrın 12-si müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin anım günüdür. Paytaxt və bölgələrdə, idarə və müəssisələrdə anım tədbirləri keçirilir, Ulu Öndərin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətləri bir daha geniş təhlil olunur. Reallıq budur ki, Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı, bu gün ölkəmizin taleyinin necə olacağını təsəvvür etmək çətin deyildi. Ulu Öndər Heydər Əliyev qayıdışı ilə Azərbaycanı vətəndaş müharibəsindən, müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. Ö dövrün reallıqları bir daha bu həqiqəti təsdiqlədi ki, müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir.
Dahi şəxsiyyət düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanı bu faciələrdən, təhlükələrdən xilas edərək inkişaf, tərəqqi yoluna çıxardı. Dövlətçiliyimizin əsasları yaradıldı. Azərbaycanın inkişafını təmin edən Milli Konstitusiymız qəbul edildi. Demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunu tutaraq bütün atributların bərqərar olmasına səylər göstərildi. Hər bir ölkənin inkişafının əsasında dayanan sabitliyin və normal iqtisadi mühitin yaradılması ilə Azərbaycanın beynəlxalq aləmdə təqdimatı, bir dövlət kimi varlığının təsdiqi həyata keçirildi. Ümummilli Lider Azərbaycanı yenidən qurdu, dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızı bir amal-azərbaycançılıq ideyası ətrafında sıx birləşdirdi.
Atəşkəsin əldə olunması Ulu Öndər Heydər Əliyevin siyasi nüfuz və peşəkarlığının nəticəsi idi. Hərbi uğursuzluqlarla üzləşdiyini və daha irəliləyə bilmədiyini görən təcavüzkar Ermənistanın rəhbərliyi 1994-cü ilin mayında danışıqlar masası arxasında oturmağa, cəbhə bölgəsində atəşkəsi nəzərdə tutan Bişkek protokolunu 1994-cü il mayın 8-də imzalamağa məcbur oldu. Protokol mayın 12-də qüvvəyə mindi və cəbhə xəttində aktiv hərbi əməliyyatlar həmin gündən dayandırıldı. Atəşkəsin əldə olunması Azərbaycanın iqtisadi inkişafının təmin edilməsi və ordu quruculuğu prosesinin uğurla aparılması baxımından mühüm bir mərhələ oldu.
1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsidir. Ölkə daxilində başlanan islahatlar dövlətimiz üçün həlledici rol oynamışdır. Həmin dövrdə görülmüş işlər sayəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu, beynəlxalq aləmdə daxili siyasətlə bağlı bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirdi, dünyada böyük hörmətə malik oldu.
Bu reallığı da xüsusi qeyd etməliyik ki, milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. Ümummilli Lider Heydər Əliyevin ən böyük gücü dərin, universal biliyində, qətiyyətində, qeyri-adi yaddaşında, tükənməz səbrində, müsahibini təmkinlə dinləmək bacarığında, uzaqgörənliyində, qarşısına qoyduğu məsələni həyata keçirmək qabiliyyətində, müdrikliyində, siyasətçi keyfiyyətlərində, mahir diplomat olmasında, həmsöhbətinə təsir etmək gücünə malik olmasında idi.
Bu fakt da inkaredilməzdir ki, böyük şəxsiyyətlərin ideyaları cəmiyyətdə baş verən hadisələrə şox ciddi təsir göstərir və gələcəyin aydın təsəvvürünü yaradır. Müstəqilliyinin yenidən bərpasının ilk illərində Azərbaycanın başının üstünü qara buludlar alanda xalqın üzünü öz xilaskarına-Ulu Öndər Heydər Əliyevə tutması səbəbsiz deyildi. Ümummilli Liderin zəngin dövlətçilik təcrübəsi, siyasi iradəsi, hadisələrə düzgün yanaşmaqla yanaşı, seçim etmək, gələcəyə istiqamətlənən yolu müəyyənləşdirmək bacarışı və bunların əsasında dayanan Vətən, dövlət, xalq sevgisi Azərbaycanı o illərin çətinliklərindən, faciələrindən xilas etdi. Liderin xilaskarlıq missiyası onun fəaliyyətinin bütün məqamlarını özündə ehtiva edir.
Dahi şəxsiyyət Heydər Əliyev 2003-cü ildə xalqa inamın və etimadın ünvanı kimi cənab İlham Əliyevi və Yeni Azərbaycan Partiyasını göstərməklə uğurlarımızın davamlılığına imza atdı. Son 20 ildə Prezident İlham Əliyevin Azərbaycanın bu günü və gələcəyi ilə bağlı inkişaf strategiyasının, qəbul etdiyi qərarların və irəli sürdüyü təşəbbüslərin nəticəsi olaraq ölkəmiz dünyaya inkişafın yeni modelini təqdim edir. 30 ilin işğalına 44 gündə son qoyulması, tariximizin Zəfər səhifəsinin yazılması, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması Heydər Əliyev siyasətinin təntənəsi, Heydər Əliyev yolun ancaq və ancaq uğurlara yol açdığının təsdiqidir. Bu gün Azərbaycan Bayrağı işğaldan azad edilən bütün torpaqlarda dalğalanır. Qarabağımız və Şərqi Zəngəzurumuz genişmiqyaslı bərpa-quruculuq işləri ilə dünyanın diqqətindədir.