YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlət müstəqilliyimizin əsasları gücləndirildi

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Azərbaycan xalqının dövlətçilik tarixində mürəkkəb mərhələlər çox olmuşdur. Tarix boyu bütün çətinliklərə rəğmən heç bir qüvvə xalqımızın dövlətçilik arzularını, ənənələrini məhv edə bilməmiş, hər dəfə tarixi şəraitə uyğun olaraq milli, müstəqil yaratmaq istiqamətində səylər qarşısıalınmaz prosesə çevrilmişdir.

90-cı illərin əvvəllərində Azərbaycanın daxilində və onun ətrafında yaranan siyasi vəziyyət o zaman hakimiyyətdə olan insanların şəxsi xüsusiyyətlərindən irəli gəlirdi. 1991-1993-cü illərdə hadisələri düzgün qiymətləndirə bilməyən həmin dövrün iqtidarı xalq qarşısında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışında görürdü. 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın təkidli dəvətini qəbul edib Bakıya gəldi. Məhz Ulu Öndər Heydər Əliyevin xidmətləri sayəsində Azərbaycanda dövlət müstəqilliyinin əsasları yaradıldı.

Düşünülmüş və məqsədyönlü siyasət daim ölkəyə böyük uğurlar qazandırır, əsl söz sahibinə çevirir, müstəqil addım atmasını şərtləndirir. Məhz möhkəm təməl Azərbaycana davamlı uğurlar qazandırır. Dövlət başçısı İlham Əliyevin əsas çağırışlarından biri budur ki, tarixi paralellər fonunda Azərbaycanın müstəqillik tarixinin ayrı-ayrı mərhələləri təhlil edilməlidir.

Müstəqilliyimizin bərpasının ilk illərində ölkəyə rəhbərlik edənlərin sərişəsizliyi, idarəçilik qabiliyyətinin yoxluğu Azərbaycanı “olum, ya ölüm” dilemması qarşısında qoymuşdur. Bu illər şəxsi ambisiyalarının quluna çevrilənlərin xəyanətləri ilə dolu olan bir dövr idi. Torpaqlarımızın işğal olunması həmin dövrün iqtidarının xəyanətinin nəticəsi idi.  Dövlət başçısı İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsi dövründə xalqa müraciətlərində, eyni zamanda, 30-a yaxın xarici mətbuata müsahibələrində bu məqamı xüsusi qeyd edirdi. O illərdə xaos, anarxiya, özbaşınalıq, iqtisadi böhran baş alıb gedirdi. Digər tərəfdən qeyd etdiyimiz kimi, Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızın deyil, ayrı-ayrı qüvvələrin maraqlarının müdafiəsinə xidmət edirdi. Belə çətin məqamda dahi şəxsiyyət Heydər Əliyev xalqın səsinə səs verdi, xilaskarlıq missiyasını yerinə yetirmək üçün hakimiyyətə qayıtdı, yeni Azərbaycan qurdu, müstəqilliyimizi tarixi nailiyyətimiz kimi qorudu və möhkəmləndirdi. Müasir müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir.

Müstəqilliyimizin, suverenliyimizin qarantı olan ordu quruculuğu Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə diqqət göstərdiyi əsas məsələlərdən idi. Ümummilli Liderin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Ulu Öndər 1971-ci ildə görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Ulu Öndər Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının yaradılması haqqında fərman imzalamışdır. Akademiyanın təsis olunması hərb sahəsində milli kadr ehtiyatının formalaşdırılması prosesinin keyfiyyət etibarı ilə yeni inkişaf mərhələsi sayıla bilər. 2001-ci il 20 avqust tarixli fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmış və bununla həmin təhsil ocaqlarının respublika üzrə hərbi təhsil müəssisələri sistemində statusu yüksəldilmişdir.

Yaradılan möhkəm təməl Ümummilli Liderin 1993-cü ildə hakimiyyətə qayıdışından sonrakı dövrdə ordu quruculuğu sahəsində atdığı addımların davamlılığında əhəmiyyətli rol oynadı.  Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti nəticəsində Silahlı Qüvvələrimizin maddi-texniki bazası möhkəmləndi, döyüş ruhu artdı. Azərbaycan gəncləri özlərinə diqqət və qayğı fonunda hərbi xidmətə də böyük əhval-ruhiyyə ilə gedir, torpaqlarımızın işğaldan azad edilməsi üçün canlarından keçməyə hazır olduqlarını bildirirdilər.

Ümummilli Liderin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərindən bəhs edərkən ilk olaraq göz önünə Onun xilaskarlıq missiyasının gəlməsi təbii ki, səbəbsiz deyil.  Ümummilli Lider “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır” fikirləri ilə xalqına, dövlətinə bağlılığını ifadə etməklə yanaşı, Azərbaycanın bir dövlət olaraq dünyada tanınmasını, yeri və rolunun möhkəmlənməsini, ən əsası sabitlik diyarı, iqtisadi möcüzələr ölkəsi kimi tanıtmaq istəyini yeganə həyat amalına çevirdiyini diqqətə çatdırdı.

Bu gün Heydər Əliyevin şah əsəri olan Azərbaycan uğurla inkişaf edir, yeni hədəfləri müəyyənləşdirməklə gələcəyə inamla addımlayır. Bugünkü və gələcək nəsil Ulu Öndərin, XX əsrin böyük ictimai və siyasi xadiminin həyatını yaxşı öyrənməli, ideyalarını mənimsəməli və təbliğ etməlidir. Məhz Ulu Öndər Heydər Əliyevin siyasi kursunun davamı olaraq 2003-cü ildən Azərbaycanda yeni inkişaf strategiyası həyata keçirilir. Son 20 ildə dövlət başçısı İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində həyatımızın bütün sferalarında ciddi yeniliklər və uğurlar qazanılıb. Müzəffər Ali Baş Komandanın qətiyyəti, Ordumuzun gücü, xalqımızın birliyi sayəsində qazandığımız tarixi Zəfər və onun yaratdığı reallıqlar fonunda qalib Azərbaycan daha möhtəşəm uğurlara imza atır. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin edilməsi tarixi ədalətə söykənən siyasətimizin dünyaya təqdimatıdır. Bu gün Azərbaycan Bayrağı Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə, bütün işğaldan azad edilmiş ərazilərimizdə dalğalanır. Ümummilli Lider Heydər Əliyevin ruhu şaddır.

DİGƏR Xəbərlər Arxiv