Xəbərlər
Növbədənkənar Prezident seçkiləri müstəqil Azərbaycan tarixində yeni dövrün başlanğıcı olacaq

“7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar Prezident seçkiləri bir sıra özəlliklərinə görə diqqət çəkir. Birincisi, müstəqil Azərbaycanın tarixində ilk dəfə seçkilər bütün ölkə ərazisində keçiriləcək. Bu mənada, növbədənkənar seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir. İkincisi, növbədənkənar Prezident seçkiləri Zəfər seçkiləri olaraq Azərbaycanın siyasi tarixinə vəsiqə alacaq. Beləliklə də, 30 illik fasilədən sonra doğma torpaqlarına qayıtmış insanlar öz yurdlarında seçici olaraq səsvermədə iştirak edəcəklər. Üçüncüsü, növbədənkənar Prezident seçkiləri müstəqil Azərbaycan tarixində yeni dövrün başlanğıcı olacaq. Qarabağın, Şərqi Zəngəzurun bərpa edilməsi, yeni transmilli layihələrin reallaşdırılması, qlobal nəqliyyat-kommunikasiya arteriyasının şaxələnməsi və işğaldan azad olunmuş ərazilərdən keçməsi, bütövlükdə Azərbaycanın Avrasiya coğrafiyasının geosiyasi və geoiqtisadi mərkəzinə çevrilməsi yeni dövrün ilkin faktorları olacaq. Dördüncüsü, növbədənkənar Prezident seçkiləri Azərbaycanın Qələbəsini həzm edə bilməyən dövlətlərin təxribatlarının qarşısını almaqla yanaşı, siyasi sistemin gücləndirilməsini də strateji amil kimi ortaya qoyur”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, antiAzərbaycan dairələrinin, radikal müxalifətin, eləcə də “beşinci kolon”un iddialarına baxmayaraq, növbədənkənar seçkilərin keçirilməsi dünyada qəbul olunmuş siyasi təcrübədir və bu cür seçkilərdə seçicilər siyasi iradələrini sadəcə vaxtından əvvəl ifadə edirlər: “Onu da qeyd etmək lazımdır ki, qanunvericilik kontekstində də baxdıqda növbədənkənar Prezident seçkilərini fərqli edən faktor yoxdur. Seçki Məcəlləsi bütün namizədlərə bərabər hüquq tanıyır, hər birinə seçkiqabağı fəaliyyət və təşviqat aparılması üçün bərabər şərait təmin edir. Xüsusilə də, dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara seçkilərdə iştirak etmək üçün bütün imkanlar mövcuddur. Məhz ədalətli rəqabət mühitinin təmin edilməsi şəraitində növbədənkənar Prezident seçkiləri potensialı və elektoratı olan bütün siyasi qüvvələr üçün özlərini təsdiq üçün universal fürsətdir. Ona görə də, bəlli qrupların və siyasi dairələrin əsassız narazılıqları onların yalnız qərəzli mövqeyi və məhdud potensialının təcəssümü kimi başa düşülməlidir. Əks təqdirdə özünə və elektoratına güvənən siyasi partiyalar bu seçkiləri qaçılmaz fürsət kimi dəyərləndirməlidir”.
“Hər gün sosial şəbəkələrdə, mətbuatda seçki tələb edən radikal siyasi qüvvələrin növbədənkənar Prezident seçkiləri sabotaj etmək cəhdləri anlaşılmazdır” – deyən Ramil Vəlibəyov əlavə edib ki, ucuz demaqogiya, uydurma miflər və bəhanələr radikal siyasi qüvvələrin acizliyinin və məğlubiyyətinin etirafıdır. Dövlət reyestrindən keçmək üçün 5 min nəfərlik siyahını zorla və hiylə ilə təşkil edən radikal müxalifət partiyaları, xüsusilə də AXCP və Müsavat təxribat və ixtilaf yolunu deyil, zəifliyini etiraf etməlidir. Belə daha ədalətli olar.