YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP ilə AK Partinin nümayəndələri arasında görüş keçirilib

Dekabrın 4-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) Sədrinin xarici əlaqələr üzrə müavini Zafer Sırakayanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Qonaqları salamlayan YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Azərbaycan-Türkiyə əməkdaşlığının genişləndirilməsində hakim partiyalar arasındakı səmərəli əlaqələrin mühüm rol oynadığını vurğulayaraq YAP-AK Parti işbirliyinin önəminə diqqəti cəlb edib. Bu ilin oktyabr ayında YAP nümayəndə heyətinin qardaş Türkiyəyə səfərini məmnunluqla xatırlayan Tahir Budaqov səfər çərçivəsində məhsuldar görüşlərin keçirildiyini vurğulayıb. O, 2021-ci il iyunun 2-də iki partiya arasında imzalanmış Əməkdaşlıq Protokolundan irəli gələn vəzifələrin icra olunmasının, o cümlədən qarşılıqlı səfərlərin reallaşdırılmasının, fikir və təcrübə mübadiləsinin aparılmasının həm YAP-AK Parti, həm də bütövlükdə Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına mühüm töhfə olduğunu diqqətə çatdırıb.

İki partiyanın gəncləri arasında əlaqələrin gücləndirilməsinin önəminə diqqəti cəlb edən YAP Mərkəzi Aparatının rəhbəri AK Parti nümayəndə heyətinin ölkəmizə səfərinin məhsuldar və faydalı olacağına əminliyini ifadə edib.

Səmimi qəbula və yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən AK Parti Sədrinin xarici əlaqələr üzrə müavini, İstanbul millət vəkili Zafer Sırakaya Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz və bütün dünyaya nümunə olduğunu vurğulayıb. “Azərbaycan ilə Türkiyə hər zaman bir-birinin yanındadır”,- deyən Zafer Sırakaya qarşılıqlı səfərlərin münasibətlərin inkişafına və əməkdaşlığın dərinləşdirilməsinə təkan verdiyini bildirib.

Hakim partiyalar arasında əlaqələrin inkişafının dövlətlərarası münasibətlərin mühüm tərkib hissəsi kimi diqqət mərkəzində olduğunu söyləyən Z.Sırakaya AK Partinin YAP ilə işbirliyinə böyük önəm verdiyini qeyd edib. Partiyalararası münasibətlərin dinamik xarakter daşıdığını qeyd edən AK Parti Sədrinin xarici əlaqələr üzrə müavini  “Şübhə yoxdur ki, genişmiqyaslı əməkdaşlıq çərçivəsində görəcəyimiz işlər həm partiyalarımız, həm də ölkələrimiz üçün faydalı olacaq, müştərək hədəflərin gerçəkləşməsini təmin edəcək” deyib.

Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.