Xəbərlər
ZƏFƏR MARAFONUNUN LAÇIN FİNALI
28 ildən artıq hərbi-siyasi əsarətdə qalmış Laçını əvvəlcə azad, sonra abad etdik və edirik! Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, “Buna nail olduq, həm döyüş meydanında, həm danışıqlar masasında və razılaşma yolu ilə”.
Laçının xilası mürəkkəb geopolitik şəraitdə incə diplomatik gedişlər, strateji yanaşma, prinsipial mövqe və ardıcıl siyasət sayəsində mümkün oldu. Laçının azadlıq xronologiyasına nəzər salmaq bu reallığı anlamağa kifayət edir:
- 10 noyabrdan 1 dekabra: 44 günlük Zəfər yürüşü zamanı Azərbaycan Ordusunun ardıcıl nailiyyətlər qazanması, xüsusilə də noyabrın 8-də Şuşanı işğaldan azad etməsi nəticəsində Ermənistanın hərbi-siyasi rəhbərliyi təslimçilik mövqeyindən çıxış etdi və 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata imza atdı. Bu, Ermənistan üçün kapitulyasiya, Azərbaycanın qələbəsinin isə siyasi-hüquqi təsdiqi oldu. Razılaşmaya əsasən, 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycan Silahlı Qüvvələrinə təhvil verildi və uzunmüddətli işğal faktına son qoyuldu.
- 26 avqustdan 21 sentyabra: 2022-ci il avqustun 26-da Azərbaycan Ordusunun Laçın şəhərini, Zabux və Sus kəndlərini nəzarətə götürməsi Zəfər yolunun daha bir mühüm dönüş nöqtəsi oldu. Sentyabrın 21-də isə Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən Laçın şəhərində Azərbaycanın Dövlət Bayrağının ucaldılması suverenliyimizin rəmzi, qüdrətimizin ifadəsi oldu.
- Üçüncü minilliyin 23-cü ilinin 23 aprelində: hərbi təxribatlar və siyasi sabotajları davam etdirən Ermənistannın illeqal fəaliyyətinin qarşısının alınması məqsədilə Azərbaycan tərəfindən 2023-cü il aprelin 23-də Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi quruldu. Bu, Zəfər marafonunun Laçın finalı idi.
Əvvəl bizə "sülhə alternativ YOL yoxdur" deyərək 30 illik hərbi-siyasi əsarətə söykənən status-kvonu saxlamağa çalışırdılar. Hərb YOLUnu istisna etməyən Azərbaycan öz milli gücü ilə - döyüş meydanında ədaləti bərpa etdi. Bizi növbəti qələbələrə aparan ZƏFƏR YOLUNU inşa etdik. Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi YOLUnun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurduq... Sırada Zəngəzur YOLUdur! Bu YOLLAR Azərbaycanın çoxəsrlik və müasir dövlətçilik marşrutu, Türk dünyasının istiqlal, istiqrar və istiqbal xəttidir. Müzəffər Ali Baş Komandanımızın qeyd etdiyi kimi: "Heç kim bizi YOLUMUZDAN döndərə bilməz". Çünki haqq YOLundayıq! 2500 il əvvəl qədim Çin filosofu Lao Tszının ifadə etdiyi "Min millik YOL bir addımla başlayır" fikrini XXI əsrin üçüncü onilliyində təsdiq etdik!
Nurlan QƏLƏNDƏRLİ
YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri