Xəbərlər
“Heydər Əliyev və Qafqazda sülh prosesi” dərsliyi işıq üzü görüb

Tanınmış qafqazşünas alim, tarix elmləri doktoru, Bakı Dövlət Universitetinin “Qafqaz xalqları tarixi” kafedrasının müdiri, professor, respublikanın Əməkdar müəllimi İradə Hüseynovanın “Heydər Əliyev və Qafqazda sülh prosesi” adlı fundamental dərsliyi işıq üzü görüb.
Dərslik 2023-cü ildə - Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilində çapdan çıxıb. Ali məktəblər üçün ingilis dilində hazırlanan dərslik Azərbaycan xalqının Ümummilli Lideri, milli dövlətçiliyimizin memarı Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyətində önəmli yer tutan bir problemin - Şərqlə Qərb, Şimalla Cənub arasında geosiyasi və geostrateji mövqeyi ilə seçilən, dünyanın nadir bölgəsi olan Qafqazda sülh və əmin-amanlığın bərqərar olması istiqamətində apardığı siyasətin, həyata keçirdiyi tədbirlərin, “Ümumi Qafqaz evi” ideyasını inkişaf etdirən elmi təhlilinə və dəyərləndirilməsinə, nəhayət “Vətəndə sülh, regionda sülh” siyasətinin müasir dövrdə uğurla davam və inkişaf etdirilməsi mərhələlərinə həsr olunub.
Qafqazşünaslıqda və Azərbaycan tarixşünaslığında ilk təcrübə sayılan “Heydər Əliyev və Qafqazda sülh prosesi” kitabı, eyni zamanda, ingilis dilində yenidən nəşr olunaraq Ümummilli Liderin zəngin siyasi və dövlətçilik fəaliyyətinin kompleks araşdırılması istiqamətində aparılan tədqiqatların davamı və ayrılmaz tərkib hissəsi kimi ictimaiyyətə təqdim edilib.
Dərsliyin məqsədi keçmiş SSRİ imperiyasının Qafqaz xalqlarına qarşı həyata keçirdiyi repressiv tədbirlərə Heydər Əliyevin münasibətinin və mövqeyinin, Qafqazda mövcud olan konfliktlərin ədalətli həlli üçün tərəflər arasında dialoqun yaranması istiqamətində, Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsində, Qafqazda sülh və əməkdaşlığın, “Ümumi Qafqaz evi” ideyasının inkişafında, tarixi Böyük İpək Yolunun bərpasında, Qafqazda milli-mənəvi dəyərlərin qorunmasında Heydər Əliyevin fəaliyyəti və rolunun öyrənilməsindən ibarətdir.
Nəfis şəkildə, yüksək poliqrafik keyfiyyətdə çap edilmiş dərslik giriş, on iki fəsil, nəticə, istifadə olunmuş zəngin mənbə və elmi ədəbiyyatların siyahısından ibarətdir. Dərsliyin əsas məziyyətlərindən biri də burada Azərbaycan, rus və ingilis dillərində əhatəli, onun məzmun və strukturunu ehtiva edən xülasələrin verilməsidir. Bu, əsərin beynəlxalq istifadə imkanlarını artırır. Bununla yanaşı, ali məktəblər üçün dərslik yaradıcılığında ilk dəfə olaraq kitabın elektron versiyası da nəşrə əlavə olunub.
Dərslikdə Ulu Öndərin Qafqazda sülh strategiyasına dair müəyyənləşdirdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Heydər Əliyev ideyalarının qalibiyyəti kimi geniş təhlil olunaraq elmi cəhətdən əsaslandırılıb. Professor İradə Hüseynovanın “Heydər Əliyev və Qafqazda sülh prosesi” dərsliyinin elmi redaktoru akademik İsmayıl Hacıyevdir.
Əliyevşünaslığa və qafqazşünaslığa dəyərli ərməğan olan bu fundamental dərslik tarixçi alimlər, müəllimlər, doktorant, magistr, politoloqlar, həmçinin geosiyasi, beynəlxalq problemlərlə məşğul olan mütəxəssislər, diplomatlar, tədqiqatçılar və geniş oxucu kütləsi üçün faydalı olacaq.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Zəfərimiz, postmünaqişə dövründə əzmlə aparılan quruculuq işləri bir daha onu göstərdi ki, Müstəqil Azərbaycan Qafqaz bölgəsində sülhün, sabitliyin bərqərar edilməsində hər zaman maraqlı dövlət olub. Müasir dövrdə Qafqaz xalqlarının məhz sülh və əmin-amanlıq şəraitində dinc və birgə yaşaması, dövlətlərarası əməkdaşlığın inkişafı Azərbaycan siyasətinin prioritet istiqamətlərindəndir.
Qeyd edək ki, İradə Hüseynova 300-dən çox elmi əsərin, Ulu Öndər Heydər Əliyev haqqında ilk doktorluq dissertasiyasının və onun siyasi, dövlətçilik fəaliyyətinə həsr olunmuş bir sıra elmi monoqrafiyaların və dərsliklərin müəllifidir.