YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Tarixi Zəfərimizin yaratdığı reallıqlar Yeni Azərbaycan Partiyasının qarşısında yeni üfiqlər açır

“Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin yaradıcısı  olduğu, Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının yaradılmasından 31 il keçir. 31 il zaman baxımından böyük dövr olmasa da, uğurlarla zəngin bir mərhələdir. Bir mühüm məqamı xüsusi qeyd etməliyik ki, Yeni Azərbaycan Partiyası yaradılanda  əsas devizi “Yeni Azərbaycan uğrunda” idi. Partiya bu deviz  əsasında uğurlu fəaliyyətini davam etdirərək Azərbaycanın daha da qüdrətlənməsinə, xalqımızın rifah halının yaxşılaşmasına öz töhfəsini verdi.  2020-ci ildə Azərbaycanın tarixi Zəfərə imza atması bütün sahələrdə, o cümlədən Yeni Azərbaycan Partiyasının fəaliyyətində yeniliklərə, təmilləşməyə yol açdı. Tarixi Zəfərimizə qədər keçilən yol, bu illər ərzində ölkəmizin bütün sahələrdə qazandığı uğurlar, təcrübə şanlı Zəfərimizi şərtləndirən əsas amillər oldu. Eyni zamanda, xalqımızın yenilməzliyi, məğrurluğu, gənclərin milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə olunması tarixi Zəfərə gedən yolu addım-addım yaxınlaşdırdı. Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində tarixi ədaləti bərpa edib 30 ilin işğalına son qoymaqla yeni çağırışları ilə dünyanın diqqətində oldu. Azərbaycan həqiqətlərinin təbliğində Yeni Azərbaycan Partiyasının öz payı vardır. Diqqət yetirsək görərik ki, YAP ölkənin həyatında mühüm hadisə olan seçkilərə qatılarkən daim həmin dövrün tələbinə uyğun olaraq çağırışlarını səsləndirməklə yanaşı, ötən dövrün ən möhtəşəm uğurlarını önə çəkir. Onların fonunda qarşıdakı dövrdə görüləcək işlər açıqlanır. Bütün hallarda ərazi bütövlüyümüzün bərpa, torpaqlarımızın  işğaldan azad edilməsi prioritet məsələ idi. Artıq son üç ildə bu istiqamətlər yenilənib, ölkəmizin həyatında yeni mərhələ başlayıb.” Bu fikirləri Milli Məclisin deputatı Nurlan Həsənov bildirib.

Millət vəkilinin sözlərinə görə, tarixi Zəfərimizin reallıqları fonunda 5 mart 2021-ci il tarixində VII qurultayını keçirən Yeni Azərbaycan Partiyası qəbul etdiyi yeni qərarları, həmçinin partiyanın Sədri İlham Əliyevin tapşırıqlarına uyğun olaraq hazırlanan və həmin ilin sonunda təsdiqlənən yeni Proqramı ilə qarşısına qoyduğu vəzifələri, hədəfləri təqdim etdi. Artıq “Yeni Azərbaycan uğrunda” çağırıını “Biz birlikdə güclüyük!” devizi əvəzlədi. Bu deviz özündə bütün məqamları ehtiva edir.

Nurlan Həsənov qeyd edib ki, dövlət başçısı, YAP Sədri İlham Əliyevin  partiyanın VII qurultayında, həmçinin ötən il partiyanın yaradılmasının 30 illik yubileyi münasibətilə keçirilən tədbirdəki çıxışında səsləndirdiyi hər bir fikir ölkəmizin, partiyanın gələcəyinə xidmət edən mühüm məqamları əks etdirir. Belə ki, VII qurultayda  “O dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlaya bilmişik. Kimə biz borcluyuq. Əgər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi” çağırışının davamı olaraq partiyanın yaradılmasının 30 illiyi münasibətilə tədbirdəki çıxışında cənab İlham Əliyev bildirdi  ki, Azərbaycan dövləti Ulu Öndərin bizə etdiyi vəsiyyət əsasında milli-mənəvi dəyərlər üzərində qurulur, inkişaf edir. Azərbaycan dəyərləri bizim üçün əsas dəyərlərdir. Biz hamımız bunun şahidiyik ki, gənc nəsil də milli ruhda böyüyür,  milli ənənələrə, azərbaycançılıq ideyalarına sadiqdir.

Millət vəkili onu da bildirib ki, günümüzün  reallıqları  1992-ci ildə partiyanın yaradılması ilə bağlı “91-lər”in müraciətində, həmçinin müraciətə dahi şəxsiyyətin cavabında əksini tapan hədəflərin gerçəkliyə çevrildiyini təsdiqləyir. “91-lər”in müraciəti əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi: “Belə bir inam ifadə olunmuşdir ki, Azərbaycanı düşdüyü ağır vəziyyətdən xilas edən yalnız Ümummilli Lider Heydər Əliyev ola bilər.  Elə də oldu. Partiya yaranmasından cəmi 7 ay sonra iqtidar partiyasına çevrildi. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev düşünülmüş və məqsədyönlü siyasəti ilə həm Azərbaycanın, həm də Yeni Azərbaycan Partiyasının qarşısında yeni imkanlar açdı. Bugünkü reallıqlar həmin illərdə ifadə olunan əminliklərin təqdimatıdır. Ümummilli Lider partiyanın gələcəyinə böyük inamını ifadə edərək YAP-ı dünənin, bu günün və gələcəyin partiyası kimi dəyərləndirmişdir.”

Nurlan Həsənov qeyd edib ki, Ulu Öndər Heydər Əliyev rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində cəmiyyətin aparıcı qüvvəsinə çevrildi, milyonların sevgisini qazandı: “Təsis konfranını 550 nümayəndənin iştirakı ilə keçirən Yeni Azərbaycan Partiyasının hazırda sıralarında 800 minə yaxın üzvün birləşməsi Heydər Əliyev ideyalarına sədaqətin, Prezident İlham Əliyevin siyasətinə inamın göstəricisidir. Prezident İlham Əliyev hər zaman belə bir çağırışı səsləndirir ki, ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Yeni Azərbaycan Partiyası dövlət və cəmiyyətin inkişafı naminə sağlam əməkdaşlıq mühiti daim təşviq edir. Açıq və etibarlı münasibətlərin bərqərar olunmasına xidmət edən islahatlar formalaşan yeni siyasi konfiqurasiyanın tərkib hissəsidir. İqtidar-müxalifət münasibətlərinin sağlam təməllər üzərində inkişaf etdirilməsi Prezident İlham Əliyevin dövlət siyasətini xarakterizə edən əsas göstəricilərdən biridir.”

Millət vəkili 31 ilin uğurlarını bir yazıda əhatə etməyin mümkünsüzlüyünü bildirərək belə bir əminliyi ifadə edib ki, bu illər ərzində atılan addımlar, əldə olunan uğurlu nəticələr gələcək üçün stimuldur. Prezident İlham Əliyevin çağırışları real həyatda öz təsdiqini tapır. Azərbaycan daim irəli baxır, yeni hədəflərin  gerçəkliyə çevrilməsinə səy göstərir. Tarixi Zəfərimizin yaratdığı reallıqlar ölkəmizin, həmçinin Yeni Azərbaycan Partiyasının qarşısında yeni üfiqlər açır.