Xəbərlər
Məğrur, yenilməz xalq olduğumuzu sübut etdik
“Cənab İlham Əliyev iyirmi il bundan əvvəl Prezident kimi fəaliyyətə başlayanda bu vədi açıladı ki, Azərbaycan Bayrağı işğal altında olan bütün torpaqlarımızda ucaldılacaq. Hər gün, hər saat bu müqəddəs məqsədə doğru irəlilədik. Azərbaycan bu illər ərzində gücləndi, dünya miqyasında özünə layiq yer tutdu. Azərbaycan önəmli təşəbbüslərin müəllifidir. Ölkəmiz Qarabağ münaqişəsinin həll üçün güclü siyasi və hüquqi zəmin yaratdı. Hər bir inkişafın əsasında dayanan iqtisadi tərəqqi təmin edildi. Son 20 ildə əldə olunan iqtisadi uğurlar göz qabağındadır. Bütün regional layihələrdən təcrid olunmuş Ermənistandan fərqli olaraq Azərbaycan transmilli layihələr ilə regionda tamamilə yeni mənzərə yaratdı. Azərbaycan regionun enerji, nəqliyyat xəritəsini yenidən tərtib etdi. Ölkəmizin təşəbbüsləri təkcə xalqımızın deyil, bir çox ölkələrin, o cümlədən region ölkələrinin maraqlarını təmin edir. Azərbaycanın beynəlxalq nüfuzu gücləndi. Yeni dostlar, tərəfdaşlar qazandı. Tərəfdaş ölkələrin sayının artmasına səbəb olan beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığa xüsusi önəm verildi, BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı və digər qurumlar Qarabağ münaqişəsi ilə bağlı qətnamələr qəbul edib. Qarabağ münaqişəsinin nizamlanması üçün 1992-ci ildə təsis olunmuş ATƏT-in Minsk Qrupu fəaliyyətinin 28 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışmış və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalmışdır. 2019-cu ildən etibarən isə Ermənistan hərbi-siyasi rəhbərliyinin bir-birinin ardınca verdiyi təxribatçı bəyanatlar və atdığı addımlar danışıqlar prosesini məqsədyönlü şəkildə tamamilə pozmuşdur. Bununla Ermənistan bir daha özünün əsl məqsədinin mövcud status-kvonu möhkəmləndirməkdən ibarət olduğunu nümayiş etdirmişdir.”
Bu fikirləri Milli Məclisin deputatı Nurlan Həsənov bildirib.
Nurlan Həsənov qeyd edib ki, Ermənistanın qəbul etdiyi təcavüzkar və hücum xarakterli milli təhlükəsizlik strategiyası və hərbi doktrina, işğal edilmiş ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasətini genişləndirməsi, “yeni ərazilər uğrunda yeni müharibə” çağırışı, 2020-ci il iyulun 12-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində təxribat törətməsi, eyni zamanda, bütövlükdə qoşunların təmas xəttində gərginliyi artırması Ermənistanın genişmiqyaslı hücuma hazırlaşdığını göstərirdi. Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı torpaqlarımızın işğaldan qurtarılması, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün Vətən müharibəsinə başladı. Bu müqəddəs amal uğrunda bütün Azərbaycan xalqı səfərbər və həmrəy oldu.
Millət vəkili 30 illik işğal dövrünün reallıqları sırasında dünyanın ikili standartlara əsaslanan siyasətinin yaratdığı problemlərdən də bəhs edib: “Həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslənilmiş və beynəlxalq qətnamələr kağız üzərində qalmışdır. Məsuliyyətli ölkə olaraq Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır. BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirmiş, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənmişdir. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi icra olunmamışdır. Aramsız davam edən Ermənistanın təxribatçı addımları, bəyanatları, hərəkətləri müharibəni qaçılmaz etmişdi. Ermənistan silahlı qüvvələrinin 2020-ci il 27 sentyabr tarixində Azərbaycan ərizələrini müxtəlif istiamətlərdən raket atəşinə tutmaları dövlətimizin, xalqımızın səbir kasasını doldurdu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz dünya hərb tarixinə yeni səhifə yazdı. Qürurumuz, kimliyimiz olan Zəfərimiz tariximizin şanlı səhifələrindən biridir. Xalqımız bu günü 30 il gözlədi. Amma heç zaman ümidini itirmədi. Əmin idi ki, dövlətimizin qətiyyəti sayəsində torpaqlarımız azad olunacaq, soydaşlarımız dogma yurd-yuvalarına qayıdacaqlar. Bu gün həmin anın şahidi olduğumuz üçün qürurluyuq. Tarixi sahibinə qovuşan torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır. Qarabağ və Şərqi Zəngəzur dirçəlir.”
Nurlan Həsənov bildirib ki, biz haqlı olaraq Silahlı Qüvvələrimizlə fəxr edirik: “Müharibələrdə böyük qələbələrin əsasında duran ən başlıca amil xalq-dövlət-ordu birliyinin sarsılmaz vəhdətinin təmin olunmasıdır. İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz bunu bir daha təsdiqlədi. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası istiqamətində inamla irəliləyən və əsas hədəfə doğru addım-addım yaxınlaşan Ali Baş Komandan İlham Əliyev oktyabrın 15-də Xankəndidə Azərbaycan Bayrağını ucaldaraq Zəfər tariximizə daha bir şanlı səhifəni yazdı. Bizə bu qüruru yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Ordumuza minnətdarıq. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, böyük xalq olduğumuzu sübut etdik.”