YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Başlanan yol uğurla davam edir

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Türk dünyasının birliyi Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir.  Naxçıvandan başlanan yol uğurla davam edir. Tam əminliklə söyləmək olar ki, ortaq soy-kök, ortaq tarix və mədəniyyət, milli dəyərlər, eyni zamanda, üzv ölkələr arasında qarşılıqlı dəstək, mövcud potensial və həyata keçiriləcək layihələr Türk Dövlətləri Təşkilatının rolunu daha da artırır və onu dünyanın aparıcı beynəlxalq qurumlarından birinə çevirir.  2009-cu ildə Naxçıvan şəhərində keçirilən toplantıda imzalanan Sazişə əsasən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası  yaradıldı.  Sazişi dörd ölkənin - Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə prezidentləri imzalamışdılar. 2021-ci ilin noyabrında Şura Türk Dövlətləri Təşkilatına çevrildi və onun üzvlərinin sayı artdı. Hazırda təşkilatın 5 əsas - Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və 2 müşahidəçi üzvü - Macarıstan və Türkmənistan var.

Dövlət başçısı İlham Əliyev 2021-ci ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının İstanbulda keçirilən VIII Zirvə görüşündə Azərbaycanın  ikiillik sədrlik dönəmində türk dünyasının birləşməsi üçün böyük səylər göstərdiyini, bir çox tədbirlər keçirildiyini önə çəkərək bildirmişdir ki,  hazırda daha bütöv, birləşmiş şəkildə gələcəyə addımlayırıq: “Bugünkü Zirvə Görüşünün çox böyük tarixi əhəmiyyəti var. İlk növbədə, ona görə ki, biz Şuramızı təşkilata çeviririk və bu təşkilatın çox gözəl gələcəyi var. Çünki bu təşkilatın təməlində təbii müttəfiqlər yerləşir və həm tarix, həm mədəniyyət, həm bizim ənənələrimiz, bizim adət-ənənələrimiz, bax, bu, birliyi diktə edir. Eyni zamanda, indiki dünyada təhlükələr hər ay, hər il yaranır və əfsuslar olsun ki, dünyanın aparıcı ölkələri bu təhlükələrə qarşı düzgün addımlar ata bilmirlər və əminəm ki, Türk Dövlətləri Təşkilatının təkcə ölkələrimiz, xalqlarımız üçün deyil, dünya üçün önəmi bundan sonra da artacaq. Çünki bizim işbirliyimiz səmimidir, biz hamımız qardaşıq, bir-birimizə qardaş deyirik, biz hamımız ənənəvi dəyərlər üzərində ölkələrimizi inkişaf etdiririk. Bizim xalqlarımız arasındakı birlik, qardaşlıq gündən-günə möhkəmlənir.”

Qeyd edək ki, həmin Zirvə görüşündə bir sıra mühüm qərarlar qəbul edilmişdir. Belə ki,  Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının “Türk Dövlətləri Təşkilatı”na dəyişdirilməsi haqqında,  Türkmənistana Türk Dövlətləri Təşkilatında müşahidəçi statusunun verilməsi haqqında,  Azərbaycan Prezidentinin “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsi haqqında, Türk Şurası VIII Zirvə Görüşünün Bəyannaməsi, “Türk dünyasına baxış - 2040” sənədinin qəbulu ilə bağlı,  "Türk dünyasının birliyinə verdiyi töhfələrə görə” Türk Dövlətləri Təşkilatının Əlişir Nəvai adına Beynəlxalq Mükafatı haqqında, Türk Dövlətləri Təşkilatının İnvestisiya Fondunun yaradılmasının tamamlanması haqqında və digər mühüm məsələlərlə əlaqədar  qərarlar  imzalanmışdır.

Dövlət başçısı İlham Əliyev Astana Zirvə görüşündəki çıxışında diqqəti Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında iqtisadi əlaqələrin hazırkı inkişaf səviyyəsinə yönəltdi. Bildirildi ki, Azərbaycan Türk dövlətlərinin iqtisadiyyatına 20 milyard dollardan çox sərmayə qoymuşdur. Bunun əsas hissəsi Türkiyəyə qoyulan sərmayədir. Birgə sərmayə fondlarının yaradılması prosesi başlamışdır. Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğızıstan İnkişaf Fondu yaradıldı. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın Türk dövlətləri ilə ticarət dövriyyəsi 40 faiz artmışdır. Ümumilikdə 4,8 milyon kvadratkilometr əraziyə, 1,4 trilyon dollar dəyərində ümumi daxili məhsula və 855 milyard dollarından çox ticarət dövriyyəsinə malik türk dövlətləri böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Türk dövlətləri dünyanın ümumi ticarət dövriyyəsinin 2,4 faizini və qlobal ümumi daxili məhsulun 1,6 faizini təşkil edir.

Hər bir Zirvə Görüşü müzakirəyə çıxarılan məsələlərin aktuallığı, keçirildiyi məkan baxımından xüsusi diqqət çəkir. “Türk Əsri” çağırışı özündə gələcəyimizlə bağlı mühüm məqamları birləşdirir. Bu Zirvə görüşündə də diqqəti çəkən məqamlardan biri bu oldu ki, tədbir Qazaxıstanda keçirildiyi halda, çıxışlarda Azərbaycanın ünvanına reallığı özündə ehtiva edən xoş sözlərin səsləndirilməsi ölkəmizə, cənab İlham Əliyevə inamın və etimadın göstəricisidir. Türkiyə  Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinin bütün Türk dövlətlərində qürur doğurduğunu və bunun sülh üçün geniş imkanlar açdığını vurğulayaraq bildirdi ki, Can Azərbaycan Qarabağın otuzillik işğalına Vətən müharibəsindən sonra birdəfəlik son qoydu. Bu tarixi uğurdan son dərəcə qürur və sevinc hissi duyuruq. Bununla da bölgəmizdə davamlı sülhə bir addım da yaxınlaşdıq. Açılan fürsət pəncərəsinin dəyərləndirilməsi ən böyük arzumuzdur. Ermənistanın Azərbaycan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi vacibdir. Azərbaycanın qərb bölgəsi ilə Naxçıvanı birləşdirəcək kommunikasiya xəttinin həyata keçirilməsi də böyük önəm daşıyır. Bu xəttin açılması bütün bölgə ölkələrinin rifahına ciddi töhfə verməklə yanaşı, Türkiyəni də Ata yurdumuz olan Orta Asiya ilə birləşdirəcək. Rəcəb Tayyib Ərdoğan türk dövlətlərinə belə bir çağırışı səsləndirdi: “Bu prosesin uğurla başa çatdırılması üçün Türk dünyası olaraq Azərbaycana dəstəyimizi davam etdirməliyik.”

Qeyd edilənlər fonunda Azərbaycanın türk dövlətləri ilə həm ikitərəfli, həm də Türk Dövlətləri Təşkilatı daxilində əlaqələrinin yüksələn xətlə inkişafı təsdiqlənir. Təşkilatın qarşısında geniş imkanlar açılır. Zirvə görüşlərinin sonunda hədəfləri özündə birləşdirən Bəyannamələrin imzalanması məqsədə doğru atılan addımlara bələdçilik edir. Astana Bəyannaməsi böyük ailə olan türk dünyasının birliyinin daha da möhkəmlənməsində yol xəritəsidir.