YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gələcək fəaliyyətin xəritəsi

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri

Türkdilli dövlətlərin birliyinin dünyaya təqdimatında öz sözünü deyən Azərbaycan Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun artması istiqamətində mühüm addımları ilə diqqətdədir. Ölkəmizin quruma sədrliyi dövründə atdığı addımların xronologiyasına diqqət yetirmək kfayətdir. Bu mühüm məqamları da qeyd etməliyik ki, Azərbaycanın sədrliyi dünyanın koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin gücləndirildiyi, eyni zamanda, 44 günlük İkinci Qarabağ müharibəsinin yaşandığı dövrə təsadüf etdi. Bütün hallarda Azərbaycan bu birliyi, həmrəyliyi qorumaq və daha da möhkəmləndirmək üçün səylərini əsirgəmədi.

Reallıq budur ki, dünya hər zaman Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının timsalında türk dünyasının birliyini görüb. Noyabrın 3-də Astanada “Türk Əsri” çağırışı altında keçirilən Türk Dövlətləri Təşkilatının X yubiley Zirvə görüşü çərçivəsində də iki qardaş, dost ölkənin prezidentlərinin görüşü oldu. Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Bu ilin sentyabrında həyata keçirilən antiterror tədbirlərinin uğurla başa çatması məmnunluqla vurğulandı.

Rəcəb Tayyib Ərdoğan dövlətimizin başçısını Xankəndi və Xocalı şəhərlərində Azərbaycan Bayrağını ucaltması münasibətilə təbrik etdi.

Söhbət zamanı Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşünün ölkələrimiz və xalqlarımız arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi işinə xidmət etdiyi qeyd olundu. Görüşdə ikitərəfli münasibətlərimizin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik bildirildi, əməkdaşlığımızın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Bu mühüm məamı da xatırlatmaq istərdik ki, 44 günlük İkinci Qarabağ müharibəsində, həmçinin qardaş ölkədə fevral ayında baş verən dəhşətli zəlzələ zamanı dünya bir daha bu qardaşlığın möhkəm tellərlə bağlı olduğunun, sarsılmazlığının şahidinə çevrildi. Türkiyənin “Azərbaycan tək deyil” çağırışı dünyaya mesaj oldu. 44 günlük İkinci Qarabağ müharibəsində sonadək Azərbaycana  mənəvi və siyasi dəstəyini əsirgəməyən qardaş ölkə son üç ildə işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinə öz töhfələrini verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Astanada Türk Dövləri Təşkilatının yubiley Zirvə görüşündəki çıxışında Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinin bütün Türk dövlətlərində qürur doğurduğunu və bunun sülh üçün geniş imkanlar açdığını vurğulayaraq bildirdi ki, Can Azərbaycan Qarabağın otuzillik işğalına Vətən müharibəsindən sonra birdəfəlik son qoydu. Bu tarixi uğurdan son dərəcə qürur və sevinc hissi duyuruq. Bununla da bölgəmizdə davamlı sülhə bir addım da yaxınlaşdıq. Açılan fürsət pəncərəsinin dəyərləndirilməsi ən böyük arzumuzdur. Ermənistanın Azərbaycan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi vacibdir. Azərbaycanın qərb bölgəsi ilə Naxçıvanı birləşdirəcək kommunikasiya xəttinin həyata keçirilməsi də böyük önəm daşıyır. Bu xəttin açılması bütün bölgə ölkələrinin rifahına ciddi töhfə verməklə yanaşı, Türkiyəni də Ata yurdumuz olan Orta Asiya ilə birləşdirəcək. Bu prosesin uğurla başa çatdırılması üçün Türk dünyası olaraq Azərbaycana dəstəyimizi davam etdirməliyik. Türkiyə Prezidenti Naxçıvan Sazişinə dəyişikliklər edilməsinə dair Protokolla bağlı ardıcıl işlərin görüldüyünü də diqqətə çatdıraraq qeyd etdi ki, Naxçıvan Sazişinə dəyişikliklər edilməsinə dair Protokol Məclisimiz tərəfindən Türk Dövlətləri Əməkdaşlıq Günü olan 3 oktyabr tarixində qəbul edildi. Noyabrın 1-də Protokolun təsdiqlənməsi prosesini başa çatdırdıq. Bütün üzv ölkələri Protokolun ən qısa müddətdə həyata keçirilməsi üçün lazımi addımları atmağa dəvət edirəm.

Türk dövlətləri arasında enerji sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində də ardıcıl tədbirlərin reallaşdırıldığını vurğulayan Prezident Rəcəb Tayyib Ərdoğan nəhəng enerji və nəqliyyat infrastrukturu layihələrinin Türk dövlətləri arasında daim əsas və mühüm əməkdaşlıq sahəsi olduğunu önə çəkərək bildirdi ki,  Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum təbii qaz boru kəmərləri və Trans-Anadolu boru kəməri bunun konkret nümunələridir. Xəzərin təbii qazının Türkiyəyə və Avropaya nəqli həm Türk dövlətlərinin rifahına, həm də Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək. Ölkələrimiz arasındakı nəqliyyat şəbəkəsini inkişaf etdirmək hədəfini də xüsusi vurğulamalıyıq. Bu düşüncə ilə Xəzərdən keçən Şərq-Qərb - Orta Dəhlizin rolunun artırılması istiqamətində səylərimizi davam etdiririk.

Qardaş ölkənin Prezidentinin hər bir fikrində Azərbaycan-Türkiyə dostluğunun dərin köklərə əsaslandığı özünün aydın ifadəsini tapır. Bu qardaşlıq 2021-ci il 15 iyun tarixində Şuşa Bəyannaməsinin imzalanması ilə sənədləşdi. Qarabağın tacı belə mühüm sənədin imzalanmasına şahidlik etməklə gələcək inkişafın prioritetlərini açıqladı. Tarixi Zəfərimizdən sonra həm Azərbaycan-Türkiyə əməkdaşlığının, həm də Türk dünyasının birliyinin daha da möhkəmləndiyi diqqətdən kənarda qalmır. Atılan hər bir addım Türk dünyasının birliyinin nümayişidir. Zirvə görüşünün mahiyyətini özündə ehtiva edən Astana Bəyannaməsi Türk Dövlətləri Təşkilatının gələcək fəaliyyətinin aydın mənzərəsini təqdim edir.