Xəbərlər
Tarixi ədalət
Mansur Quliyev
YAP Ağdam rayon təşkilatının sədri
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Şanlı Azərbaycan ordusunun sücayəti və qahrəmanlığı sayəsində Azərbaycanın haqq davası olan 44 günlük Vətən Müharibəsi zamanı işğaldan azad olundu və tarixi ədalət bərpa olundu. Bu müharibə xalqımızın milli həmrəyliyinin, öz haqqı uğrunda mübarizə aparmaq əzminin nümayişi oldu.
Azərbaycan BMT-nin və digər Beynəlxalq qurumların qərar və qətnamələrini döyüş meydanında təkbaşına özü yerinə yetirdi və tarixi ədaləti bərpa etməklə öz ərazi bötövlüyünü təmin etmiş oldu. Bu gün işğaldan azad olunmuş ərazilərdə infrastruktur quruculuğu, nəqliyyat qovşağlarının bərpası və digər sosial yönümlü layihələrin icrası uğurla və çox surətlə davam etdirilir. Bütün sadalanan bu amillər Azərbaycanın nə qədər güclü və qüdrətli bir dövlət olduğunu bir daha sübuta yetirmiş olur.
Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyev bu qələbənin müəllifi kimi torpaqlarımızı işğaldan məhz güc yolu ilə azad edərək Ermənistanın müdafiəsinə qalxmış dövlətlərə və siyasi mərkəzlərə öz yerlərini göstərdi. Beləliklə, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini, ATƏT-in qərarlarını yerinə yetirməklə 30 ilə yaxın idi ki, təhdid mənbəyi olan münaqişəyə son qoydu, ərazi bütövlüyünü təmin etdi.
Prezident İlham Əliyev 3 noyabr 2023-cü il tarixində Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşündə çıxışı zamanı bildirdi ki, “2020-ci ildə Ermənistan rəhbərliyinin təxribat xarakterli hərəkətləri və bəyanatları, o cümlədən hərbi təxribatları İkinci Qarabağ müharibəsini qaçılmaz etdi.
2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, özünümüdafiə hüququndan istifadə edərək Ermənistanı döyüş meydanında məğlubiyyətə uğratdı və ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən və 27 il kağız üzərində qalmış 4 qətnaməsinin icrasını özümüz təmin etdik. Cəmi 44 gün ərzində davam edən İkinci Qarabağ müharibəsi 10 noyabr 2020-ci il tarixində Ermənistanın kapitulyasiya aktını imzalaması ilə nəticələnmişdir.
Ermənistanın ölkəmizə qarşı işğalçılıq və etnik təmizləmə siyasətinə baxmayaraq, məhz Azərbaycan Ermənistanla sülh sazişi imzalamağa hazır olduğunu bəyan etdi və beş baza prinsipini təqdim etdi.”
Vətən Müharibəsindəki şanlı Zəfərimizdən sonra regionda yeni geosiyasi vəziyyət yaranıb, bu proseslər Azərbaycanın xeyrinə davam edir. Çunki, bu gün Azərbaycan sözün əsl mənasında həm Beynəlxalq aləmdə, həm də regionda böyük nüfuza sahib olan bir dövlətdir. Tam əminliklə deyə bilərik ki, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi və yorulmaz fəaliyyəti nəticəsində ölkəmiz yeni-yeni uğurlara, yeni-yeni qələbələrə imza atacaqdır.
Bu gün Azərbaycan müstəqil siyasət yürüdür və öz milli maraqları çərçivəsində, Beynəlxalq hüquq normalarına əsaslanaraq öz siyasi mövqeyini ortaya qoyur. Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycan nəinki regionda, Beynəlxalq aləmdə böyük nüfuz sahibi olan bir dövlətə çevrilmişdir.