YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın memarıdır

YAP Şuşa rayon təşkilatı tərəfindən “Heydər Əliyev İli” çərçivəsində tədbir keçirilib

“Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində YAP Şuşa rayon təşkilatı noyabr ayının 4-də Azərbaycan Dövlət İqtisad Universitetinin akt zalında tədbir keçirib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad olunub.

Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev Ümummilli Lider Heydər Əliyevin öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış  və ardıcıl mübarizə apararaq müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyət  olduğunu deyib. Onun sözlərinə görə, Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi illər ərzində ağır vəziyyətdə olan ölkəmiz dahi şəxsiyyətin fədakar əməyi, böyük zəhməti sayəsində tərəqqiyə doğru inamla addımlayıb: “Ulu Öndər Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, qəhrəman Ordumuzun gücü, qüdrəti ilə torpaqlarımızın işğaldan azad olunması şuşalıların doğma yurd həsrətinə son qoyub. Şuşa və şuşalılar gələcəyə böyük inamla və ümidlərlə baxırlar”.

YAP İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin böyük, mənalı və şərəfli həyat yolu, zəngin və çoxşaxəli irsi haqda danışıb. O bildirib ki, bütün həyatını xalqının xoşbəxt gələcəyinə həsr etmiş Ulu Öndər Heydər Əliyevin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyub. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ideyalarının təntənəsidir.

YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin deputatı Elman Məmmədov söyləyib ki, ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilib. Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görədir ki, bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunur. Heydər Əliyevin keçdiyi böyük, mənalı və şərəfli həyat yolu zaman və məkan anlayışına sığmır.

Milli Məclisin deputatı Fatma Yıldırım Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixindəki müstəsna yeri və rolundan bəhs edib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə ölkəmizin davamlı inkişaf etdiyi, Ulu Öndərin şah əsəri olan müstəqil Azərbaycanın yeni zirvələr qət etdiyi xüsusi vurğulanıb. F.Yıldırım Ümummilli Liderin milli-mənəvi dəyərlərimizə verdiyi dəyərdən danışıb və bu istiqamətdə görülən işlərə diqqət çəkib.

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov  Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətindən, Ümummilli Liderin fədakar əməyi, qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarının yaradılmasından, respublikamızın dünya məkanında öz layiqli yerini tutmasından, ölkəmizin bütün sahələrində baş vermiş müsbət dəyişikliklərdən söhbət açıb. Qeyd olunub ki, müstəqil Azərbaycanın qazandığı bütün müvəffəqiyyətlər Ümummilli Lider Heydər Əliyevin uğurlu və uzaqgörən siyasətinin nəticəsidir.

Şəhid atası Nadir Həsənov, İkinci Qarabağ müharibəsi qazisinin atası Elxan Ələkbərli  çıxışlarında Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi nailiyyətlərdən, habelə torpaqlarımızın işğaldan azad edilməsindən, bu gün həmin ərazilərdə aparılan abadlıq-quruculuq işlərindən bəhs ediblər.

Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərman, YAP sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim edilib.

Tədbirə bədii hissə ilə yekun vurulub.