YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türk ölkələri dünyada söz sahibinə çevrilir

“Zəfər Savaşından sonra bölgənin dəyişən geopolitik durumunda xüsusi diqqət çəkən məqamlardan biri də Azərbaycan-Türkiyə münasibətlərinin ən üst zirvəyə çatmasıdır. “Bir millət, iki dövlət” şüarı ilə yola çıxan iki qardaş ölkə bu gün dünyanın siyasi düzənində analoqu olmayan bir müttəfiqlik ortaya qoyub. Bu ittifaq və birlik türkdilli ölkələrin yaxınlaşmasına da ciddi şəkildə müsbət təsirini göstərdi. İllər öncə mədəni əlaqələr üzərində formalaşan türkdilli respublikaların birliyi bu gün siyasi-iqtisadi mahiyyət etibarı ilə ciddi bir platformaya çevrilib. Bu gün dünya siyasi düzənində həm regional, həm də qlobal proseslərə təsir göstərmək baxımından Türk Dövlətləri Təşkilatı ciddi güc mərkəzinə çevrilib. Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü mövcud beynəlxalq proseslərin fonunda xüsusi əhəmiyyət daşıyırdı. Artıq bu siyasi blok və burada səslənən fikirlər dünyanın mühüm analitik mərkəzlərində təhlil olunur və gələcək proqnozların verilməsində nəzərə alınır. Bu baxımdan bütün toplantılarda olduğu kimi, Astana sammitində də Prezident İlham Əliyevin çıxışı bütövlükdə böyük maraq kəsb etdi.” Bu fikirləri Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Rəşad Mahmudov deyib. Deputat bildirib ki, xüsusi olaraq vurğulamaq lazımdır ki, Azərbaycan liderinin Türk Dövlətləri Təşkilatındakı çıxışlarında verdiyi mesajlar və səsləndirdiyi bəyanatlar hər zaman ciddi mahiyyət daşımışdır. Bu dəfə də eyni situasiyanın şahidi olduq. Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi və inkişafının Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu qeyd edən dövlətimizin başçısı bildirdi ki, etnik və mədəni köklərimiz, dilimiz, ortaq keçmişimiz münasibətlərimizin təməlini təşkil edir. Prezident İlham Əliyev çıxışında 2009-cu ildə Naxçıvanda keçirilən Zirvə görüşünə toxundu və ötən müddət ərzində müxtəlif sahələrdə əməkdaşlıqdan, görülən işlərdən söhbət açaraq bunun Türk Dövlətləri Təşkilatının inkişafına təkan verdiyini qeyd etdi. Şübhəsiz ki, bu inkişafın göstərici kimi bu gün TDT-nın qlobal arenada böyük nüfuza malik olduğunu vurğulayan ölkəmizin başçısı həmçinin, Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsinə verdiyi dəstəyə görə liderlərə təşəkkür etdi. Dövlətimizin başçısı Azərbaycan-Ermənistan münasibətlərindən, eləcə də sülh prosesindən danışaraq 2022-ci ildə qarşı tərəfin ölkəmizin suverenliyini və ərazi bütövlüyünü tanıdığını bəyan etsə də, davranışları ilə əməllərinin tamamilə ziddiyyət təşkil etdiyini diqqətə çatdırdı. Məğlub ordunun qalıqları ölkəmizin suveren ərazilərində qalmaqda idi. Digər tərəfdən ölkəmizin ərazi bütövlüyünü tam şəkildə tanıdığını bəyan edən Ermənistanın baş nazirinin bu il sentyabrın 2-də qondarma qurumun “müstəqilliyi”ni təbrik etməsi, Qarabağda keçirilmiş 9 sentyabr “prezident seçkiləri” tamamilə qəbuledilməz oldu. Bu, ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə hörmətsizlikdən, təhdiddən başqa bir şey deylidi və bu, belə davam edə bilməzdi. Azərbaycan haqlı olaraq qanunsuz hərbi birləşmələrin zərərsizləşdirilməsi məqsədilə lokal xarakterli antiterror tədbirləri həyata keçirdi. Prezident İlham Əliyev mülki insanlara və mülki infrastruktura heç bir zərər vurmadan 23 saat davam edən əməliyyat nəticəsində Azərbaycanın özünün suverenliyini və konstitusiya quruluşunu tam bərpa etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırdı. Deputat sonda bildirib ki, Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü təşkilatın tarixində xüsusi hadisə kimi yadda qalmaqla yanaşı, Azərbaycan Prezidentinin də diplomatik liderliyinin daha bir təsdiqi oldu. Prezident İlham Əliyevin Astana sammitindəki çıxışı faktiki olaraq dünyanın mövcud geopolitik durumu ilə bağlı bütün dairələrə verilən dərs oldu. Bütün beynəlxalq platformalarda liderliyi və qətiyyəti ilə qəbul edilən Azərbaycan Prezidenti bir daha son üç ildə rəsmi Bakının sülhpərvər və humanist mövqeyinin düzgün qiymətləndirilməməsi, əksinə, erməni separatizminin qızışdırılmasına ölkəmizin cavabını və ərazi bütövlüyünün tam təmin edilməsini bütün təfərrüatı ilə ifadə etdi ki, bu da anti-Azərbaycan qüvvələrin maskasının cırılması ilə nəticələndi. Sammitdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da bir daha Azərbaycanın mövqeyini qəti şəkildə müdafiə etməsi dünyaya verilən bir mesaj idi ki, artıq təşkilatın əhatə etdiyi coğrafiyada siyasi, iqtisadi və hərbi söz sahibi bu ölkələrin özüdür. Bir sözlə, Azərbaycan və Türkiyə liderləri Asiya qitəsinin böyük bir kəsimində dünyanın bütün imperialist güclərinə qarşı haqqın dönməz üzü olaraq güc ortaya qoyub. Bu güc əbədi və sarsılmazdır!