YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hər bir müraciət növbəti qələbələrin müqəddiməsinə çevrildi

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir.

44 gün davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilmişdir. 2020-ci il noyabrın 10-da Ermənistanın kapitulyasiya aktı- “Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin Bəyanatı” imzalandı. Həmin gün xalqa sayca səkkizinci müraciətində cənab İlham Əliyev milli şüara çevrilmiş “Qarabağ Azərbaycandır və nida” ifadəsinin artıq bütün Qarabağı əhatə etdiyini və Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulduğunu elan etdi.

44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müntəzəm müraciətlər etdi. Bu müraciətlər Azərbaycan xalqını ayağa qaldırdı, onu yumruq kimi sıx birləşdirdi, müharibənin gedişatına və taleyinə güclü təsir göstərdi. Hər bir müraciət növbəti qələbələrin müqəddiməsinə çevrildi.

Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkəmizdə bütün sahələrdə olduğu kimi, Silahlı Qüvvələrin yenidən formalaşdırılması məqsədilə bu sahədə də köklü islahatlar həyata keçirilmişdir. Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri nəticəsində formalaşan Azərbaycan Silahlı Qüvvələri bu gün yeni inkişaf yoluna qədəm qoymaqla Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz şərəfli missiyasını uğurla davam etdirir. Sirr deyil ki, 2003-cü ildən bu günə qədər hərbi xərclərimiz 15 dəfə artmış, cənab Prezidentin təşəbbüsü ilə 20-dən çox hərbi zavod yaradılıbmış, bu zavodlarda 1200 adda hərbi təyinatlı müxtəlif məhsullar istehsal olunaraq nəinki ordumuzun potensialı gücləndirilmiş, eyni zamanda hərbi məhsullarımızın ixrac olunmasına da başlanılmışdır. Bununla bərabər, xarici ölkələrdən ən müasir zirehli texnikalar, gözətçi gəmiləri, hərbi gəmilər, hava hücumundan müdafiə sistemləri, döyüş təyyarələri, nəqliyyat vasitələri, helikopterlər, kəşfiyyat və döyüş pilotsuz uçuş aparatları, artilleriya qurğuları, uzaqmənzilli raketlər, yaylım atəşli raket sistemləri, əməliyyat-taktiki raket kompleksləri, eləcə də digər texnika və silahlar alınmaqla Silahlı Qüvvələrimizin arsenalı daha da zənginləşdirilmişdir.

Heydər Əliyev siyasi yolunun ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan dünyada iqtisadi və siyasi sabitliyin qorunduğu, bütün sahələr üzrə davamlı inkişaf edən ölkələrdən birinə çevrilib. Azərbaycan bu siyasi kursa sadiq olmaqla bu gün beynəlxalq müstəvidə möhtəşəm nailiyyətlər ortaya qoyur. İqtisadi cəhətdən güclü, siyasi cəhətdən isə tam müstəqil dövlətə çevrilmiş Azərbaycanın mövqeyi regional və beynəlxalq məsələlərdə mütləq nəzərə alınır. Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilib. Bu, Azərbaycanın artan mövqeyinin, nüfuzunun göstəricisidir.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin beynəlxalq müstəvidə, eləcə də ölkə reallıqları çərçivəsində ümummilli liderin yolunu uğurla davam və inkişaf etdirməsi möhtəşəm nailiyyətlər ortaya qoymaqdadır.

Bu gün Ümummilli Liderimizin arzuladığı bir Azərbaycan var, dövlətçilik əmin əllərdə yaşayır, Qarabağ, onun tacı Şuşa tarixi sahibinə qovuşub, doğma yurdumuza 30 ildən sonra yenidən həyat qayıdır. Əminliklə demək olar ki, Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi altında, Heydər Əliyev ideyaları işığında bundan sonra da yeni qələbələrə, yeni nailiyyətlərə doğru irəliləyəcək.