Xəbərlər
Nərimanovda Cəbrayıl Şəhəri Günü qeyd olunub
Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının və Bakı Biznes və Kooperasiya Kollecinin birgə təşkilatçılığı ilə 4 Oktyabr – Cəbrayıl Şəhəri Gününə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə Azərbaycan Silahlı Qüvvələrinin sentyabrın 19-20-də Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirləri zamanı şəhid olan kollecin tələbəsi Zeynal İsmiyevin xatirəsi anılıb.
Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi yad edilib.
Tədbirdə çıxış edən YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, Bakı Biznes və Kooperasiya Kollecinin direktoru Elnur Allahverdiyev Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Cəbrayıl şəhərini azad etməsindən, 44 günlük müharibədə qazanılan şanlı Zəfərdən, eləcə də bu il sentyabrın 19-20-də həyata keçirilən antiterror tədbirlərindən bəhs ediblər. Çıxışlarda şəhid Zeynal İsmiyev kimi ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsinin ürəklərdə daim yaşayacağı vurğulanıb. İşğaldan azad olunandan sonra Cəbrayılda geniş bərpa-quruculuq tədbirlərinin həyata keçirildiyi qeyd olunub.