YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan qüdrətli dövlətlər arasında qürurla addımlayır

Bayram Aslanov

YAP İdarə Heyətinin üzvü, Yap Gəncə şəhər təşkilatının sədri

Bu gün müstəqil Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır. Müzəffər Ali Baş Komandanımız, ölkə başçısı cənab İlham Əliyevin iti siyasi-diplomatik zəka ilə həyata keçirdiyi siyasət sayəsində 30 il əsirlikdə qalan torpaqlarımız azadlığa, əsl sahiblərinə qovuşdu. Ərazi bütövlüyümüz hərbi-siyasi yolla bərpa edildi, dəmir yumruqla düşmənin başı əzildi. Verdiyi bütün vədlərə sadiq qalan Prezident cənab İlham Əliyev xalqımızın ən müqəddəs arzusunu reallığa çevirdi, 30 illik yurd həsrətimizə, Qarabağ münaqişəsinə birdəfəlik son verdi.

44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu torpaqlarımızı azad etdikcə bütün dünya ərazilərimizin erməni vandallığının qurbanı olduğunun, şəhər və kəndlərimizin viran qaldığının, erməni vəhşiliyinin şahidi oldu. Hər kəs tarixi abidələrimizə, milli-mədəni irsimizə, mənəvi dəyərlərimizə, təbiətimizə qəsd edildiyini, düşmənin vəhşi xislətini, məkrli, çirkin niyyətini açıq-aşkar gördü.

Artıq düşmənin viran qoyduğu, xarabalığa çevirdiyi torpaqlar el gücü, milli birliyimiz, ölkə Başçımızın məqsədyönlü, xalqımızın xoş gününə hesablanan siyasəti sayəsində gülüstana çevrilir.

29 sentyabr 2023-cü il tarixində BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində ölkə Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi:” Bu gün bu region Azərbaycanın bütün Qarabağ bölgəsi kimi, sıfırdan yenidən inşa edilir”.

Şərqi Zəngəzurun nəfis tərtibatda inşa edilmiş Konqres Mərkəziinin 53 ölkədən 200-ə yaxın xarici qonağa yüksək səviyyədə iştirak etdiyi beynəlxalq tədbirə ev sahibliyi etməsi təsdiq edir ki, düşmənin viran qoyduğu torpaqlar yenidən bərpa edilir.

“İlk “ağıllı kənd” Zəngilan rayonunda yerləşir. Bu şəhərin Baş planı artıq təsdiq edilib. Biz infrastruktura böyük vəsait ayırmışıq, bir neçə yaşayış layihəsi icra edilməkdədir. 2025-ci ildə, ola bilər bir az da tez, Zəngilan şəhərinin ilk sakinləri qayıdacaqlar” – deyə bildirən Prezidentimiz cənab İlham Əliyevin təmkin və məqsədyönlü, uzaqgörən siyasəti sayəsində yüz minlərlə məcburi köçkünün qəribçilikdən, Vətəndə yurd həsrəti çəkməkdən qurtulduğunun bariz nümunəsidir.

“Qarabağ Azərbaycandır və nida” sözlərini qətiyyətlə dünyaya bəyan edən ölkə Prezidentimizin mötəbər tədbidə onu da vurğuladı ki, biz Zəngilanı mühüm nəqliyyat qovşağı hesab edirik, çünki onun coğrafi mövqeyi bunu labüd edir. Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm faktor olmuşdur. O, insanlar üçün asan çıxışı təmin edəcəkdir. Gələcəkdə isə, əminəm ki, Zəngilanda xarici turistlərin sayı çox olacaqdır. Çünki bu bölgə Azərbaycanın ən gözəl guşələrindəndir. Meşələri, çayları, gölləri və misilsiz ekosistemi olan Zəngilan bizim ən böyük sərvətimizdən biridir. Əminəm ki, vaxt keçdikcə bu, turistlər tərəfindən ən çox sevilən bölgə olacaq.

Bu gün müasir və qüdrətli dövlətlər arasında qürurla addımlayan Azərbaycanın uzun illər işğal altında qalan torpaqları qısa zaman kəsiyində gülüstana çevrilir. Azərbaycanın davamlı inkişaf və modernləşmə yolu ilə irəliləməsi, işğaldan azad edilən şəhər və kəndlərimizin inkişafı, çiçəklənməsi xain düşmənə növbəti zərbədir.