YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fransanın qərəzli və pozucu mövqeyi regionda dayanıqlı sülhün yaranmasına böyük təhdiddir

Üç il bundan əvvəli - 2020-ci ilin bu günlərini yada salaq. Həmin vaxt Ermənistan silahlı birləşmələrinin müxtəlif istiqamətlərdən Azərbaycan ərazilərini raket atəşinə tutması təcavüzkarın yeni müharibə planlarına aydınlıq gətirdi. 30 ilə yaxın dövrdə törətdikləri təxribatlarla, yaşatdıqları faciələrlə dövlətimizin, xalqımızın səbir kasasını dolduran Ermənistan və onun havadarları əks-hücum əməliyyatlarının sonadək davam etdiriləcəyini gözləmirdilər. Lakin 2019-cu ildə Ermənistanın baş naziri Nikol Paşinyanın Xankəndidən sərsəm “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını səsləndirməsindən sonra aydın oldu ki, danışıqların aparılması mənasızdır. Bundan sonra imitasiya naminə danışıqların aparılmasına ehtiyacın olmadığı aydın idi. Dövlət başçısı İlham Əliyevin bu günlərdə Zəngilanda keçirilən 2-ci Azərbaycan Milli Şəhərsalma Forumundakı çıxışında qeyd etdiyi kimi, Ermənistanın rəhbəri Azərbaycanın beynəlxalq səviyyədə tanınmış bir hissəsinin Ermənistana məxsus olduğunu rəsmi şəkildə deyirsə, burada hansı danışıqlardan söhbət gedə bilər? Buna baxmayaraq, yenə də hesab edirdik ki, bəlkə bu, siyasi yanlışlıqdır. Lakin bundan sonra Ermənistanın müdafiə naziri bəyan etdi ki, Ermənistan bizimlə yeni ərazilər uğrunda yeni müharibəyə hazırdır. Yəni, onlar bizi yeni işğalla hədələyirdilər. Belə çıxır ki, bizim ərazimizin 20 faizinin işğalı onlara kifayət etmirdi.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, Ermənistanın sərsəm düşüncələri, yanlışlıqları, yeni müharibə planı 44 günlük İkinci Qarabağ müharibəsinin baş verməsinə gətirib çıxardı. Təbii ki, bunları qeyd etməyimiz səbəbsiz deyil. 30 illik işğal dövründə Ermənistana dəstəyini əsirgəməyən Fransa kimi dövlətin ədaləti, beynəlxalq hüququ bir kənara qoyub maraqlarının arxasınca getməsi dövlətlərarası münasibətlərdə əsas amil olan etimad mühitinin heçə enməsinə səbəb oldu. Artıq tarixin arxivinə atılan keçmiş Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan bir qurumun həmsədr dövlətlərindən biri kimi Fransanın yürütdüyü ermənipərəst siyasət bir daha bu ölkənin iç üzünü ortaya qoyur. Demokratik dəyərlərin daşıyıcısı adına iddia edən bir ölkənin XXI əsrdə müstəmləkəçilik siyasətini davam etdirməsi beynəlxalq hüququn, demokratik dəyərlərin, insan hüquq və azadlıqlarının tapdalanması deməkdir. Fransa bu siyasəti ilə özünü biabır edib. Tarixə müraciət edək. Paris Şimali Afrika ölkələrində əsrlərlə müsəlmanlara qarşı cinayətlər, qırğınlar törədib. Bu ölkə təkcə Əlcəzairdə 130 il ərzində yüz minlərlə müsəlmanın qanını töküb, adını dünya tarixinin ən qəddar dövlətləri sırasına yazdırıb. Fransanın cinayətləri Əlcəzairlə kifayətlənməyib. Tarixdə müstəmləkəçi dövlətlərin sayı çox olsa da, Fransa qədər zorakılıqlara, soyqırımlarına yol verən ikinci dövlət olmayıb. Ermənistana siyasi, hərbi dəstəyini əsirgəməyən Fransa ilə təcavüzkar ölkəni birləşdirən “dəyərlər” də işğalçılıq, separatçılıq, ksenofobiya, islamofobiya terrorçuluq, başqa xalqlara məxsus sərvətlərin mənimsənilməsidir.

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, Qarabağda lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın öz suverenliyini bütün ərazilərində bərpa etməsindən sonra regionda 30 ildən çox davam edən münaqişənin bitməsini Fransa heç cür həzm edə bilmir. Fransa rəsmilərinin sərsəm bəyanatlarına diqqət yetirdikdə onların narahatlıqlarının Ermənistana yeni müharibə çağırışlarında aydın ifadəsini tapdığını görməmək olmur. Oktyabrın 3-də Ermənistana səfər edən Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonnanın mətbuat konfransı zamanı səsləndirdiyi fikirlər ölkəsinin hansı planlar üzərində çalışdığını qabarıq şəkildə büruzə verir. Katrin Kolonna Ermənistanla hərbi əməkdaşlığı gücləndirəcəklərini, İrəvana hərbi attaşe təyin olunacağını, Sünikdə konsulluğun açılacağını bildirdi. Fransa rəsmisi, həmçinin Qarabağdan könüllü əsasda getmiş erməni sakinlərin ərazidən zorla köçkün düşdüyünü iddia etməklə beynəlxalq ictimaiyyətin diqqətini yayındırmağa çalışdı. Azərbaycanın həyata keçirdiyi lokal antiterror tədbirlərinin dinc erməni sakinlərə qarşı heç bir təhdid təşkil etmədiyinin həm beynəlxalq təşkilatlar, həm də Ermənistanın baş naziri tərəfindən bəyan edilməsinə baxmayaraq, Fransa nazirinin Azərbaycanın öz suveren ərazilərində atdığı legitim addımı cinayət adlandırmasının özü cinayətdir. Maraqlıdır, Fransa 30 ilə yaxın müddətdə azərbaycanlıların öz doğma torpaqlarından güc yolu ilə kütləvi şəkildə qovulmasından, onlara qarşı müharibə cinayətləri və kütləvi qırğınlar törədilməsindən niyə belə narahatlıq hissi keçirmirdi? Azərbaycanla bağlı ədalətin və beynəlxalq hüququn tapdandığı məsələlərdə Fransanın adı ön sıradadır. Ermənilərin havadarlarının dəstəyi ilə zaman-zaman azərbaycanlılara və türklərə qarşı deportasiya, soyqırımı siyasəti həyata keçirdikləri tarixi reallıqdır. Bu vəhşi toplumun azərbaycanlıların başına gətirdiyi faciələrin ən dəhşətlisi Xocalı soyqırımıdır. Bu günədək bu faciənin soyqırımı kimi tanınmasına laqeyd yanaşan Fransa kimi dövlətin rəsmilərinin bu gün regionda gərginlik yaratmaq məqsədilə Qarabağdan könüllü şəkildə çıxan erməni sakinlərin zorla köçkün düşmələri ilə bağlı əsassız, qeyri-ciddi fikirlər səsləndirmələri dünyanın hüquq probleminin hələ də həllini tapmadığının, ikili standartlarla yanaşmanın yeni-yeni faciələrə yol açdığının nümayişidir.

Vüqar Rəhimzadə bildirib ki, kiçik dövlətlərə ədalət, beynəlxalq hüquq dərsi keçən, amma özü bu prinsiplərə məhəl qoymayan Fransanın özünün bu dərslərə böyük ehtiyacı vardır. Azərbaycan Xarici İşlər Nazirliyi Katrin Kolonnanın sərsəm fikirlərinə münasibətində bildirir ki, Fransanın Ermənistanı hər vəchlə silahlandırmağa çalışması, onu yenidən təcavüzə və hərbi avantüraya cəlb etməsi qəbuledilməzdir. Fransanın bölgəmizə tarixən müdaxilə etmə cəhdləri kimi, bu səylərinin də uğursuzluğa düçar olacağı həmin ölkənin rəhbərlərinə aydın olmalıdır.

YAP Xətai rayon təşkilatının sədri onu da əlavə edib ki, Fransanın müdafiə naziri Sebastyan Lekornyu “Fransa Ermənistanın müdafiə sahəsində tələbatlarını araşdırır. Prezident şəxsən prosesləri izləyir, çünki bu məsələ Fransa üçün çox vacibdir. O, bildirib ki, bizim üçün əsas məqsəd Ermənistanın ərazi bütövlüyü, suverenliyi və ölkə əhalisinin müdafiəsidir» fikirlərinin davamı olaraq onu da bildirib ki, biz Ermənistanda indiyədək mövzu olmayan hərbi missiya açmışıq. Bu missiya bizə gündəlik olaraq Ermənistan ordusu və hakimiyyəti ilə əlaqədə olmaq, onların müdafiə sahəsində tələbatlarını öyrənməyə imkan verəcək. Bu açıqlama özündə bütün planları ehtiva edir. Söylənilən fikirlərdən açıq-aydın hiss olunur ki, Fransa Ermənistanı silahlandırmaq, onu yeni müharibəyə hazırlamaq niyyətindədir.

Vüqar Rəhimzadə belə bir ümumiləşdirməni aparıb ki, Ermənistan müstəqillik qazandığı gündən müstəqil siyasət yürütməyib və xarici himayəçilər üçün “forpost” olmağa üstünlük verib. Bu gün Fransanın Ermənistanda yeni hərbi missiya yaratması Parisin açıq şəkildə Ermənistanı yeni müharibəyə hazırlamaq istəyindən xəbər verir. Ermənistan uğradığı hərbi və siyasi məğlubiyyətdən nəticə çıxarmalıdır. Yeni himayəçi tapmaq və bu dəfə Fransanın “forpostu” olmaq istəyi Ermənistana müsbət heç nə vəd etmir.