YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dinc həyata qayıdış davam edir

Natiq Quluzadə

YAP Zəngilan rayon təşkilatının sədri

Erməni işğalından sonra azad nəfəs alan, tarixin amansız dolaylarında igid oğul və qızlarını qurban verən, bu gün isə azad Qarabağın azad guşələrindən biri kimi çiçəklənən Cəbrayıl var. O cəbrayıl rayonu ki, 1993-cü ilin avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı Cəbrayıl  şəhəri, 4 qəsəbə və 92 kənd erməni vandalları tərəfindən darmadağın edilmişdi.  İşğala qədərki dövrdə Cəbrayılda 10 çarpayılıq xəstəxanalarda 92 həkim, 432 orta ixtisaslı tibb işçisi, 72 məktəbdə 1660 nəfərdən çox müəllim, 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 10 mədəni çadır və avtoklub, 78 kitabxana və 1 muzeydə 508 mədəniyyət işçisi çalışırdı. Rayonun tarix-diyarşünaslıq muzeyində 20 mindən yuxarı eksponat vardı. Rayonda 8 sənaye müəssisəsi, 42 kolxoz, iri və xırda buynuzlu mal-qaranın kökəltmə birliyi, quşçuluq fabriki fəaliyyət göstərirdi.

Təəsssüf ki, bu gün insan hüquqlarından ağızdolusu danışan, hüquqlarının pozulduğunu iddia edən, lakin bir fakt belə göstərə bilməyən ermənilər işğal zamanı kimsəyə rəhm etmədən yerli sakinləri son nəfərinə qədər ərazidən qovmuş, əllərinə keçən hər kəsi isə güllələmişlər. Yuxarıda qeyd edilən təsərrüfatlar, təhsil müəssisələri, mədəniyyət obyektləri isə sözün əsil mənasında vəhşicəsinə tar-mar edilmişdir.

Dağtumas kəndinin yaxınlığında yerləşən “Divlər Sarayı” mağarası, Qalacıq kəndindəki “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji, Dağtumas kəndindəki “Başıkəsik Gümbəz”, Sirik kəndindəki “Qala”, Diri dağındakı “Qız qalası”, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki “Dairəvi Türbə”, Xubyarlı kəndindəki “Dairəvi” 8 guşəli türbələr və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər birinin aqibətində erməni vandalizminin qanlı və vəhşi izləri qalmışdır.

2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktyabr tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad edilmişdir. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 90 kənd işğaldan azad edildi. Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti vardır.

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 04 oktyabr Cəbrayıl şəhəri günü kimi müəyyən olub.

İşğaldan sonra 7 dəfə Cəbrayıl rayonuna səfər edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu bölgənin abadlaşdırılması, məskunlaşdırılması sahəsində böyük rol oynayacaq bir sıra obyektlərin, yaşayış binalarının təməlini qoymuş, ilk məskunlaşan kənd olaraq Cocuq Mərcanlı kəndində yerli sakinlərlə görüşmüşdür.

Azad edilmiş ərazilərdə həyata keçiriləcək enerji siyasətinin əsas məqsədi isə həmin əraziləri “Yaşıl Enerji” zonasına çevirməkdir. Buna görə də azad edilmiş ərazilərdə energetika sahəsində görüləcək işlərdə bərpaolunan enerji mənbələrindən istifadəyə və ekoloji təmiz texnologiyaların tətbiqinə üstünlük verilir. Bu isə enerji resurslarından daha səmərəli şəkildə istifadə edilməsinə imkan yaradacaqdır. SES-lərin əsaslı şəkildə bərpa edilməsi də bu məqsədlərin reallaşdırılmasına imkan yaradacaqdır. Yaxın vaxtlarda SOCAR BP şirkəti ilə Cəbrayıl rayonunda 240MVt-lıq günəş elektrik stansiyanın tikintisinə başlayacaq.

Beləliklə, doğma Vətənimizin bu gözəl guşəsi yenidən abadlaşır, öz sakinlərini qoynuna alır və dinc həyata qayıdış davam edir.