YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Türkiyə qardaşlığı tarixinə mühüm səhifə yazıldı

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Hər zaman bu reallığı qeyd etməkdən qürur duyuruq ki, Azərbaycan-Türkiyə  dostluğu, qardaşlığı böyük tarixə söykənir. Bir millətin iki dövləti biri-biri ilə sıx tellərlə bağlıdır. Azərbaycan-Türkiyə dostluğu tarixin sınaqlarından şərəflə çıxan və bu gün dünyaya nümunə olan birlik, həmrəylikdir. Bu fikir də daim böyük qürur hissi ilə qeyd edilir ki, dünyada Azərbaycan və Türkiyə qədər biri-birinə yaxın ölkələr yoxdur. Bu müttəfiqlik, birlik bütün istiqamətlərdə qurulub və nümunədir. Tarixi Zəfərimizin reallıqları fonunda 2021-ci ilin 15 iyun tarixində imzalanan Şuşa Bəyannaməsi əlaqələrin gələcək inkişafının yol xəritəsidir.

Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi dostluq və qardaşlıq münasibətləri ölkələrimizlə yanaşı, bütün türk dünyasının da birliyinə, eləcə də sıx siyasi, iqtisadi əlaqələrin ən yüksək səviyyəyə çatmasına böyük stimul verir. Cənab Rəcəb Tayyib Ərdoğanın paytaxt Bakı ilə yanaşı, bölgələrimizə də səfəri, görülən işlərlə tanışlığı, inkişafdan keçirdiyi məmnunluq hissi bu dostluğun, qardaşlığın sarsılmazlığının təqdimatıdır.

Sentyabrın 25-də Azərbaycan və Türkiyə Prezidentləri Naxçıvanda görüşdülər. Göstərilən qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirdi ki, Türkiyə-Azərbaycan əlaqələri dünyada tayı-bərabəri olmayan müstəsna səviyyədədir. “Bir millət, iki dövlət” şüarı çərçivəsində əlaqələrimizi və əməkdaşlığımızı bütün sahələrdə gücləndirmək üçün fəaliyyətimizi davam etdiririk: “İlham qardaşımla imzaladığımız Şuşa Bəyannaməsi əlaqələrimizi müttəfiqlik səviyyəsinə yüksəldən bir dönüş nöqtəsidir. Naxçıvan tarix boyu daşıdığı strateji əhəmiyyəti ilə Azərbaycanla əlaqələrimizdə xüsusi yerə sahibdir. Naxçıvan bu gün də iqtisadiyyat, nəqliyyat və enerji xətləri baxımından böyük potensiala malikdir. Regional nəqliyyat xətlərinin yaradılması ilə birlikdə bu potensialı tam mənasında həyata keçirmək imkanına sahib olacağıq.”

Naxçıvan görüşü Azərbaycan-Türkiyə qardaşlığı tarixinə mühüm səhifə kimi yazıldı. İlk səfərindən, 2008-ci ildən bu günədək muxtar respublikanın əldə etdiyi inkişafı qürurla bəhs edən Türkiyə Prezidenti Naxçıvanın bugünkü səviyyəyə çatmasında böyük payı olan Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevi anadan olmasının 100-cü ildönümündə bir daha ehtiramla yad etdi.

Türkiyə ilə Azərbaycan arasında ticari-iqtisadi, enerji sahələrində sürətlə inkişaf edən əməkdaşlığı, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP kimi layihələrini, İkinci Qarabağ müharibəsi dövründə və Qarabağ Zəfərindən sonra Türkiyənin Azərbaycana siyasi-mənəvi dəstəyini, müttəfiqlik haqqında Şuşa Bəyannaməsini xüsusi qeyd edən qardaş ölkənin Prezidentləri qarşıdakı dövrdə bu əlaqələrin daha da möhkəmlənməsi üçün geniş imkanların mövcudluğunu bildirdilər.

Naxçıvan görüşündə iki ölkə Prezidentinin iştirakı ilə İğdır-Naxçıvan qaz kəmərinin təməlqoyma mərasimi oldu. Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında bildirdi ki, İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi qardaşlıq münasibətlərimizin tarixində önəmli hadisədir və əlaqələrimizə yeni təkan verəcək, Naxçıvanın enerji təhlükəsizliyini daha böyük ölçüdə təmin edəcək.

Səfər çərçivəsində imzalanan sənədlər iki ölkənin münasibətlərinin inkişafına stimuldur. Azərbaycan ilə Türkiyə arasında siyasi, iqtisadi, ticarət, enerji, hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın perspektivləri və daha da dərinləşdirilməsi məsələləri müzakirə olundu. İki qardaş ölkənin hər bir addımı birliyimizin, həmrəyliyimizin möhkəmləndirilməsinə, əlaqələrdə yeni istiqamətlərin müəyyənləşdirilməsinə xidmət edir. Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, sarsılmazdır, böyük gələcəyi vardır.