YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ali ehtiramın göstəricisi

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri

2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq ordumuzun uğurlu əks-hücum əməliyyatları, xalqımızın 30 illik Qarabağ həsrəti Böyük Qələbə, işğal altındakı torpaqlarımızın azad edilməsi ilə başa çatdı. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz döyüş meydanında düşmənin dərsini verməklə yanaşı, dünyaya cəsarət, qorxmazlıq və vətənpərvərlik nümunəsi nümayiş etdirdi. Xalq-iqtidar birliyi bu tarixi qələbənin əsas özüllərindən biri oldu. Siyasət meydanında Ali Baş Komandan, ön cəbhədə rəşadətli ordumuz, mərd və qorxmaz xalqımızın inamı işğalçı dövlətin məğlubiyyətini boynuna almağa məcbur etdi.

44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu, sözün əsl mənasında, düşmənin sinəsinə çalın-çarpaz dağ çəkdi, düşməni tamamilə diz çökdürdü. Vətən oğulları öz canları, qanları bahasına torpaqlarımızı düşmən əsarətindən azad etdi.

Dövlətimizin qətiyyəti, ordumuzun gücü, xalqımızın misilsiz dəstəyi sayəsində əldə olunan bu möhtəşəm qələbə, əlbəttə ki, tariximizin şanlı zəfəri kimi gələcək nəsillərin xatirəsində əbədi yaşayacaq. Vətən müharibəsində xalqımız tarixində olmadığı dərəcədə yüksək birlik, həmrəylik nümayiş etdirdi, vahid amal uğrunda birləşdi. Ay yarım davam edən bu savaş xalq-iqtidar birliyindən güc alan Azərbaycanın qüdrətinin, milli birliyinin sarsılmazlığının göstəricisi oldu.

Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev 27 sentyabr – Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzalamışdır. Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir.

27 Sentyabr- Anım Günündə Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsini ehtiramla anır. Xalqımız işğalla heç zaman barışmadı, yekun nəticədə Azərbaycan vətəndaşlarının 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyuldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz işğal altındakı torpaqlarımızı 44 gün ərzində geri qaytardı. Bu tarixi qələbə isə şəhidlərimizin, qazilərimizin qanı, canı bahasına başa gəldi. Buna görə indi hər bir Azərbaycan vətəndaşı bizə qələbə sevinci yaşadan şəhidlərimizə və qazilərimizə borcludur.

Azərbaycan dövlətinin hərtərəfli qayğısı ilə əhatə olunan şəhidlərimizin xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq və gələcək nəsillər onları hər zaman fəxrlə, qürurla yad edəcəklər. Vətən uğrunda şəhid olanlar əsla unudulmayacaq, çünki onlar özlərindən sonrakı nəsil üçün silinməz, unudulmaz dastan yazdılar.