Xəbərlər
Qurucu Lider, xilaskar dövlət xadimi
Qazax rayonunda “Heydər Əliyev İli” çərçivəsində tədbir keçirilib
“Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində YAP Qazax rayon təşkilatı sentyabrın 22-də rayon Gənclər Evində tədbir keçirib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin xatirəsi dərin hörmətlə anılıb. Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsinə ehtiram ifadə olunub.
Tədbir iştirakçıları Heydər Əliyev Mərkəzini də ziyarət edib, Ümummilli Liderin zəngin və şərəfli ömür yolunu əks etdirən eksponat və fotoşəkillərlə tanış olublar.
Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, Ümummilli Lider və xalqın məhəbbətini qazanan öndər kimi əbədilik qazanmasından danışıb. Bildirib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə yorulmaz fəaliyyət göstərərək qəlblərdə daim sevgi, xatirələrdə əbədiyaşarlıq qazanıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov vurğulayıb ki, böyük şəxsiyyətlər yaşayıb yaratdıqları, fəaliyyət göstərdikləri zamanlarda prosesləri öz xalqlarının rifahı naminə irəliyə aparmaqla adlarını əbədi olaraq tarixə yazdırırlar. Azərbaycan xalqı da hər zaman müasir dövlətimizin memarı və qurucusu, ölkəsinin müstəqilliyi, inkişafı naminə əvəzedilməz işlər görmüş, tarixi proseslərə təsir göstərmiş dahi şəxsiyyət Heydər Əliyevi qürur hissi ilə xatırlayır.
YAP İdarə Heyətinin üzvü, elmlər doktoru Əfsun Sucayev qeyd edib ki, Ulu Öndər Heydər Əliyev milli inkişaf strategiyasını uğurla həyata keçirərək Azərbaycana tarixi nailiyyətlər qazandırıb. Heydər Əliyevin müstəqillik dövründə ölkəmizə rəhbərliyi illəri xalqımızın öz müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir.
YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonrakı dövrdə ölkə həyatının bütün sahələrində qazanılan uğurlardan bəhs edib. Bildirib ki, Azərbaycandakı daxili sabitliyin təməli məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərin qəbul etdiyi strateji qərarlar Azərbaycanın bugünkü inkişafına zəmin yaradıb.
Milli Məclisin deputatı Ülviyyə Ağayeva Ümummilli Liderin Vətən və xalq qarşısında xidmətlərinin ölçüyəgəlməz olduğunu deyib. Vurğulanıb ki, Azərbaycan bu gün dahi şəxsiyyətin müəllifi olduğu yeni inkişaf strategiyasının uğurlarını yaşayır.
Partiya veteranı Abbas Göyüşov və digər çıxış edənlər söyləyib ki, bugünkü reallıqlar Heydər Əliyevin ideyalarının əbədi olduğunu bir daha sübut edir.
Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərman, YAP sıralarına yeni qoşulanlara isə üzvlük vəsiqələri təqdim edilib.