YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni reallıq və uzunmüddətli sülh yaranacaq

Əlişah Rəcəbov

YAP Ağdaş rayon təşkilatının sədri

Ölkəmizdə həmrəylik mühiti mövcuddur. İkinci Qarabağ müharibəsi zamanı bütün millətlərin, bütün etnik qrupların, bütün konfessiyaların nümayəndələri Azərbaycan uğrunda, ləyaqət uğrunda, Vətən uğrunda bir yumruq kimi birləşdi. Sentyabrın 20-də xalqa müraciətində Prezident İlham Əliyev bu mələsəyə diqqət çəkərkən onu da qeyd etdi ki, işğaldan azad olunmuş bütün ərazilər inkişaf etdiriləcəkdir. Azərbaycan müxtəlif sosial proqramlar icra etməyə hazırdır. Ölkəmiz bütün Qarabağı və Şərqi Zəngəzuru yenidən qurur. Dövlətimiz eyni şəraiti Xankəndidə, Ağdərədə, Xocavənddə, kəndlərdə, Əsgəranda yaradacaqdır. Ölkə başçısı onu da bildirdi ki, Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb. O şansı əldən verməsinlər. Çünki bu, məntiqə, tarixi ədalətə, beynəlxalq hüquqa, gələcək inkişafa əsaslanan və gələcək inkişafa hesablanan birgəyaşayış təklifdir.

Həmçinin Cənubi Qafqazda yeni reallıq və uzunmüddətli sülh yaranacaq. Biz əmin olmalıyıq ki, qarşı tərəf revanşist fikirlərlə yaşamır və onlar da əmin olmalıdırlar ki, bizim onların torpağında gözümüz yoxdur. Biz onların ərazi bütövlüyünü tanıyırıq və bunu bəyan etmişik, bütün ölkələrin ərazi bütövlüyünü tanıyırıq.

Azərbaycan haqlı olaraq təklif edir ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər ölkəmizdən əl çəksinlər. Dünyanın o başında oturub Azərbaycana qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksinlər, qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın.

Xalqa müraciətində Prezident İlham Əliyev vurğuladı ki, əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar məkanı olmuş regionumuza artıq sülh gəlməlidir. Azərbaycan və Ermənistan öz aralarında olan məsələləri tənzimləyəcək, sülh müqaviləsi imzalayacaq və Cənubi Qafqaz ölkələri üçtərəfli formatda gələcək əməkdaşlıq haqqında işləməyə başlayacaqlar.

Azərbaycan dövləti möhkəm iradə və gücə malikdir. Ölkəmizə xor baxanlar, torpağımıza göz tikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt unutmasınlar ki, dəmir yumruq yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Onu da unutmasınlar ki, Qarabağ Azərbaycandır!

Ölkə başçısı müraciətində bir daha qeyd etdi ki, Qarabağın erməni əhalisi bizim vətəndaşlarımızdır. Sadəcə olaraq, erməni millətçiləri, müharibə cinayətkarları, Ermənistanın və Qarabağın dırnaqarası rəhbərləri o insanları girov götürmüşdü, onların beyinlərini zəhərləmişdi. Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək. Azərbaycanın niyyəti sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır.

Prezident İlham Əliyev xatırlatdı ki, bütün haqsızlıqlara, kriminal Ermənistan rejimi tərəfindən törədilmiş cinayətlərə baxmayaraq, biz erməni xalqını bu cinayətlərdə heç vaxt günahlandırmamışıq. Xocalı soyqırımında, şəhərlərimizin, kəndlərimizin dağıdılmasında, qəbirlərin qazılmasında biz erməni xalqını günahlandırmamışıq. Biz kriminal rejimin ünsürlərini, başda duranlarını ittiham etmişik və biz onları məsuliyyətə cəlb edirik və edəcəyik.

DİGƏR Xəbərlər Arxiv