YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusu üzərinə düşən növbəti vəzifəni şərəflə yerinə yetirdi. Sentyabrın 19-da ölkəmiz 10 noyabr 2020-ci il tarixli  üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladı. Bir gün ərzində rəşadətli ordumuz qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail oldu.

Cənab İlham Əliyev sentyabrın 20-də xalqa müraciətində bu mühüm məqamı xüsusi qeyd etdi ki, əməliyyatın uğurlu gedişatı  Ermənistan dövlətini və onun himayəsi altında fəaliyyət göstərən qanunsuz xunta rejimini ciddi təşvişə salmışdır. Əməliyyatdan bir qədər sonra vasitəçilər tərəfindən müxtəlif qeyri-müəyyən siqnallar gəlməyə başladı. Silahlı Qüvvələrimizin uğurlu irəliləyişi nəticəsində bu siqnallar daha intensiv xarakter aldı. Sentyabrın 20-si səhər beynəlxalq tərəfdaşlardan verilən məlumat ondan ibarət oldu ki, qanunsuz silahlı birləşmələr şərtlərimizi qəbul etməyə hazırdırlar.

Şərtlərimiz  bunlar idi: Ermənistan ordusunun  ərazimizdə qanunsuz məskunlaşmış birləşmələri silahları yerə qoymalı, tərk-silah olunmalı, ərazimizdən tamamilə çıxarılmalı və eyni zamanda, bütün silahlar və texnikalar təhvil verilməlidir. Ancaq o təqdirdə Azərbaycan antiterror tədbirlərini dayandıra bilərdi. Əks-təqdirdə sona qədər gedəcəyimiz aydın idi.

Azərbaycan Prezidenti 44 günlük İkinci Qarabağ müharibəsinin gedişi dövründə də  müharibənin dayandırılması ilə bağlı müracitələrə cavab olaraq şərtlərimizi diqqətə çatdırmışdır. Azərbaycanın hərbi-siyasi qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli Bəyanat əsasında Ağdam, Kəlbəcər və Laçın  siyasi yolla ölkəmizə qaytarıldı. Həmin sənəddə bu ərazilərimizin hansı tarixlərdə qaytarılcağı öz əksini tapmışdır.

Azərbaycan hər zaman sözünə sadiqdir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, sözümüz imzamız qədər dəyərlidir. Lokal antiterror tədbirlərinin bir gün ərzində uğurla başa çatması, uğur hekayəsinin yazılması deyilənlərin təsdiqidir.

Bölgəmizdə yeni vəziyyətin yaranması labüddür. Cənab İlham Əliyev bunu belə əsaslandırır ki, kriminal xunta rejimi təslim olandan sonra bu gərginlik mənbəyi,  zəhər yuvası artıq tarixdə qalır və Qarabağda yaşayan erməni əhalisi də nəhayət rahat nəfəs ala bilər. Qarabağın erməni əhalisi bizim vətəndaşlarımızdır. Sadəcə olaraq, erməni millətçiləri, müharibə cinayətkarları, Ermənistanın və Qarabağın dırnaqarası rəhbərləri o insanları girov götürmüş, onların beyinlərini zəhərləmişdi. Azərbaycan, Azərbaycan xalqı haqqında yalanlar uydurub onların beyinlərinə doldurmuşdur. Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək. Çünki niyyətimiz sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır. Bizim erməni xalqı ilə heç bir problemimiz, ədavətimiz  yoxdur. 

Azərbaycanın ədalətə, beynəlxalq hüquqa əsalsanan siyasəti hər zaman siyasi,  diplomatik mübarizədə qələbə qazanmasını şərtləndirir. Ermənistandan fərqli olaraq Azərbaycanın təbliğatı real faktlara, tarixi həqiqətlərə əsaslanır. Dünyada sülhün, təhlükəsizliyin təminatında mühüm rola malik olan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində də Qarabağın Azərbaycan ərazisi olduğu, erməni silahlı birləşmələrinin ərazilərimizi qeyd-şərtsiz tərk etmələrinin vacibliyi öz əksini tapıb. Əksər dünya gücləri bu qətnamələrin icrasına məhəl qoymayan Ermənistana təzyiq göstərməməklə, onların icrası üçün vahid mexanizmin müəyyənləşdirilməsində maraqlı olmamaqla beynəlxalq aləmdə bir etimadsızlıq mühtinin yaranmasına səbəb oldular. Bu isə münaqişəli məsələlərin həllində problemlərin yaranmasına, beynəlxalq hüququn mövcudluğu barədə şübhələrin yaranmasına gətirib çıxarır.

Dövlət başçısı İlham Əliyev xalqa müraciətində bir daha bu çağırışları dünyaya çatdırdı: “Biz, sadəcə olaraq, tələb edirdik həm onlardan, həm onların arxasında duran və onlar üçün dar məqamda onların yanında olmayan, uzaqda, Avropada yerləşən dırnaqarası erməni cəfakeşləri bilsinlər - nə qədər uzaq dursalar bizim bölgəmizdən, o qədər də bölgə rahat nəfəs alacaq və biz bunu təklif edirik. Biz təklif edirik ki, Cənubi Qafqaz ölkələrinin gələcəyi sülhə, əmin-amanlığa, inkişafa söykənsin. Biz təklif edirik ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları, necə deyərlər, satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər əl çəksinlər bizdən. Dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən, qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın. Bu bölgə əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar məkanı olmuşdur. Yetər artıq!”