YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Əziz Xocalı, biz qayıtmışıq!” deyəcəyimiz günü gözləyirik

Xocalı, Xankəndi, Xocavənd və Qarabağ bölgəsinin hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan digər rayonlarından olan məcburi köçkünlər dünya ictimaiyyətinə müraciət ünvanlayıblar.

Müraciəti təqdim edirik.

Biz - Xocalı, Xankəndi, Xocavənd və Qarabağ bölgəsinin hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan digər rayonlarından olan məcburi köçkünlər dünya ictimaiyyətinə bəyan edirik ki, Qarabağ münaqişəsi 2020-ci ildə başa çatsa da, 3 ildir hələ də öz şəhər və rayonlarımıza, kəndlərimizə, evlərimizə, yurd yerlərimizə qayıda bilmirik.

Ermənistan saxta təbliğat aparır ki, guya həmin bölgələrdə ancaq ermənilər yaşayıblar. Onlar hətta azərbaycanlıların tarixən həmin ərazilərdə yaşamaları faktını belə danır. Bu uydurma iddiadır! Bizik Xocalının, Xankəndinin, Kərkicahanın, Malıbəylinin, Quşçuların, Meşəlinin, Qaradağlının əsl, əzəli sakinləri!

Biz Ermənistanın Azərbaycana qarşı təcavüz siyasəti nəticəsində böyük faciələr yaşamışıq, soyqırımlara, kütləvi qırğınlara məruz qalmışıq. Etnik təmizləmələrlə bizim yaddaşımızı da silməyə çalışıblar, məscidlərimiz, doğmalarımızın qəbirləri dağıdılıb, təhqir olunub, evlərimiz viran edilib, yurd yerlərimizə qondarma adlar qoyulub. Nə qədər insan yurd həsrəti ilə bu dünyadan köçdü.

Doğma yurd yerlərimizə böyük ağrı, iztirab hissi ilə ancaq foto və videolarda baxırıq. Bir vaxtlar xoşbəxt yaşadığımız ərazilər indi “boz zona”ya çevrilib.

Ermənistan ordusunun qalıqları həmin ərazilərdən tamamilə çıxarılmalı, Ermənistanın yaratdığı və hələ də dəstəklədiyi oyuncaq xunta rejiminin tör-töküntüləri özünü buraxmalı, qanunsuz silahlı dəstələr tərksilah olunmalıdır. Bu, bizim tələbimizdir! Bu, bütün Azərbaycanın tələbidir!

Azərbaycanın ərazi bütövlüyü bu ilin aprelində Laçında post qurulmaqla tam təmin edilib.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin cəsarətli, düşünülmüş siyasəti bizi bu xoşbəxt günlərə çıxarıb.

İndi Qarabağ və Şərqi Zəngəzur cənnətə çevrilir. Evlərinə qayıdan Zəngilan, Laçın, Füzuli, Tərtər sakinlərinin yerə-göyə sığmayan sevinci bizi ruhlandırır, daha da ümidləndirir ki, biz də tezliklə bu Böyük Qayıdışın tərkib hissəsinə çevrilək.

Buna görə də Xocalıda, Xankəndidə, Xocavənddə, indi “boz zona”ya çevrilmiş digər ərazilər də Azərbaycanın suverenliyi təmin olunmalıdır.

Qarabağ bölgəsində yaşayan erməni sakinlərə səslənirik: siz Azərbaycan bayrağı altında, Azərbaycan Konstitusiyası, Azərbaycan qanunları ilə xoşbəxt yaşaya bilərsiniz! Özünüzün, övladlarınızın, gələcək nəsillərinizin taleyini Ermənistanın və onun dəstəklədiyi qanunsuz xunta rejiminin əli ilə zəhərləməyin! Qarabağ sülh, birgəyaşayış, firavanlıq məkanına çevrilməlidir!

“Boz zona” həmişəlik qala bilməz. Bu dözülməzdir ki, biz hələ də evlərimizə qayıda bilmirik! Biz buradan bəyan edirik ki, hər birimiz Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə inanırıq! Xocalıya, Xankəndiyə, Xocavəndə, Ağdərəyə qayıdacağımıza inanırıq! 30 ildən çoxdur ki, bir gün də olsun buna inamımız itməyib, bu günün böyük həsrəti ilə yaşayırıq!

Hər il Xocalı soyqırımı günü Bakıda “Ana harayı” abidəsini ziyarət edirik. Biz Xocalı faciəsini həm də Xocalımızda qeyd etməliyik. Xocalı bizi gözləyir! Böyük səbirsizliklə “Əziz Xocalı, biz qayıtmışıq!” deyəcəyimiz günü gözləyirik.

Dünya ictimaiyyətinə çağırış edirik ki, Ermənistandan Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı addımlara son qoymağı tələb etsin, bizim öz evimizə qayıtmaq hüququmuz təmin edilsin!