YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Türkmənistanın xarici işlər nazirini qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 26-da Türkmənistanın xarici işlər naziri Rəşid Meredovu qəbul etmişdir.

Dövlətimizin başçısı Azərbaycan ilə Türkmənistan arasında əlaqələrin qədim tarixi köklərə malik olduğunu və bu gün müstəqil dövlətlər kimi ikitərəfli münasibətlərimizin fəal şəkildə inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin genişləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd etdi. İkitərəfli əlaqələrin gələcək illərdə də inkişaf etdiriləcəyinə və möhkəmləndiriləcəyinə əminliyini ifadə edən dövlətimizin başçısı bunun üçün qarşılıqlı marağın olduğunu dedi. Münasibətlərimizin hazırkı səviyyəsinin razılıq doğurduğunu bildirən Prezident İlham Əliyev ölkələrimizin qarşılıqlı fəaliyyətinin regional əməkdaşlığın genişlənməsi baxımından da mühüm əhəmiyyət daşıdığını qeyd etdi.

Xarici işlər nazirlərinin yeni formatda keçiriləcək ilk görüşünün önəmini vurğulayan dövlətimizin başçısı görüşdə səmərəli müzakirələrin aparılacağına və yaxşı nəticələr əldə ediləcəyinə ümidvar olduğunu bildirdi. Prezident İlham Əliyev üçtərəfli formatda keçirilən bu cür tədbirlərin regional əməkdaşlıqla yanaşı, ikitərəfli əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini vurğuladı.

Xarici işlər naziri Rəşid Meredov Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. Rəşid Meredov ölkəsinin Prezidentinin Azərbaycan ilə əlaqələrin iqtisadi, enerji, mədəni, humanitar və digər sahələrdə genişləndirilməsinə böyük önəm verdiyini dedi. Azərbaycana səfərinin Respublika Günü ərəfəsinə təsadüf etdiyini vurğulayan nazir Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun bu əlamətdar bayram münasibətilə ən səmimi təbriklərinin, ölkəmizin və Azərbaycan xalqının həyatında mühüm rol oynayan bu böyük gün ilə əlaqədar ən xoş arzularının ifadə olunduğu məktubu Prezident İlham Əliyevə təqdim etdi.

Dövlətimizin başçısı Prezident Qurbanqulu Berdiməhəmmədovun təbrikinə və salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkmənistan dövlətinin başçısına çatdırmağı xahiş etdi.