Xəbərlər
Gəncədə şəhid övladları ilə görüş keçirilib
Yeni tədris ilinin başlanması münasibətilə YAP Gəncə şəhər təşkilatında Vətən uğrunda canlarından keçən şəhidlərimizin 1-ci sinfə gedən övladları ilə görüş keçirilib.
Bu münasibətlə keçirilən tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, millət vəkilləri Pərvin Kərimzadə və Müşfiq Cəfərov, şəhid övladları iştirak ediblər.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək, dövlətin şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğıdan, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində uğurla həyata keçirilən tədbirlərdən söz açıb, şəhidlərin məktəbli övladlarını yeni tədris ilinin başlanması münasibətilə təbrik edib.
YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov qeyd edib ki, Vətən uğrunda canlarından keçən şəhidlərin övladları xalqımıza əmanətdir və onların qayğısız böyümələri, təhsil almaları üçün dövlətimiz tərəfindən bütün tədbirlər görülür.
44 gün davam edən və düşmən tapdağı altında olan ərazilərimizin işğaldan azad olunması ilə nəticələnən Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsi, xalqımızın iftixar və qürur mənbəyinə çevrildiyini qeyd edən millət vəkili Pərvin Kərimzadə və Müşfiq Cəfərov şəhidlərimizin məktəbli övladlarını yeni tədris ilinin başlanması münasibətilə təbrik ediblər.
Artıq ənənə halını alan və uşaqlara sevinc dolu anlar yaşadan tədbirdə onlara məktəbli çantaları və müxtəlif dərs ləvazimatları təqdim edilib.
Görüşdə iştirak edən şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonda xatirə şəkli çəkdirilib.