YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Gənclərimiz yeni hədəflərə doğru daha inamla addımlayır

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

Azərbaycan gənclərinin potensialından, vətənpərvərliyindən bəhs edərkən ilk olaraq göz önünə tarixi Zəfərimiz gəlir. 44 günlük İkinci Qarabağ müharibəsində gənclərimizin göstərdiyi şücaət bir vətənpərvərlik məktəbidir. Bu məktəbi öyrənmək, şahidlərimizin xatirəsinə hörmətlə, qazilərimizə diqqət və qayğı ilə yanaşmaq hər birimizin vətəndaşlıq borcudur. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, güclü Azərbaycan hamımızın qürur mənbəyidir. Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq səviyyəli tədbirlər, gənclərimizin istər ölkə daxilində, istərsə də xaricdə keçirilən forumlarda fəal iştirakı bir daha bu həqiqəti ortaya qoyur ki, hər bir vətənpərvər, millətini, xalqını sevən hər bir azərbaycanlı Azərbaycanın daha da qüdrətlənməsinə, beynəlxalq nüfuzunun artmasına öz töhfəsini verməyə səy göstərir.

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin bu çağırışı bu gün də gənclərimizin qarşısında mühüm vəzifələr qoyur: “Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, keçmişimizi yaxşı bilməlidir, dilimizi yaxşı bilməlidir, milli dəyərlərimizi yaxşı bilməlidir.” Həmçinin bu mühüm çağırış da öndə saxlanılırdı ki, ümumbəşəri dəyərlər, Azərbaycan xalqının milli-mənəvi dəyərləri hər bir gənc tərəfindən mənimsənilməlidir.

Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin Sərəncamları əsasında 2007-ci ilin ölkəmizdə “Gənclər İli”, 2020-ci ilin   “Könüllülər ili” elan edilməsi  gənclərə diqqət və qaygının göstəricilərindən idi. Azərbaycan gəncliyinin sabahımız üçün hərtərəfli yetişməsi prioritet məsələlərdəndir. Gənclərimizə öz potensial imkanlarını nümayiş etdirmək üçün bütün imkanlar yaradılır. Onların təhsilinə göstərilən diqqət imzalanan Fərman və sərəncamlarda, təsdiqlənən Dövlət Proqramlarında, irəli sürülən təşəbbüslərdə özünün aydın ifadəsini tapır. Azərbaycan brendi kimi dünyaya səs salan “ASAN xidmət” DOST mərkəzlərində çalışanların böyük əksəriyyəti gənclərdir.  Ölkə Prezidentinin bildirdiyi kimi, könüllülük hərəkatı məhz “ASAN xidmət”dən başlayıb.  Könüllülər hərəkatının genişlənməsi cəmiyyət üçün lazımdır. Könüllü olmaq, ümumiyyətlə, insanların xoş niyyətini göstərir. Könüllülər insanlar təmənnasız olaraq kiməsə kömək etmək, ümumi işimizə töhfə vermək üçün öz asudə vaxtlarından istifadə edib bu işləri görürlər. Yəni, bu, doğrudan da çox ciddi, gözəl bir niyyətin təzahürüdür.

Azərbaycanda könüllülər sinfinin  formalaşmasından qürur hissi keçiririk. Bu hərəkat öz növbəsində Azərbaycan xalqına xas keyfiyyətlərin təbliğində öz sözünü deyir. Yəni, gənc nəsil bu ab-havada yetişir ki, dəyərlərimizə hörmət ruhunda ümumi işimizə töhfə versin, dövlətimizi möhkəmləndirsin və köməyə ehtiyacı olan insanlara yardım göstərsin. İkinci Qarabağ müharibəsində minlərlə könüllü gəncin iştirakı, yazılan tarixdə onların da öz payının olması, koronavirus infeksiyası ilə mübarizədə könüllü həkimlərin, həmcinin könüllü gənclərin ahıl insanlara sosial xidmətin göstərilməsində fədakarlıqları hər birimizdə qürur hissi yaratdı. 

Azərbaycan gəncliyi daim ölkə Prezidentinin ətrafında sıx birləşib, gələcəyə böyük inamla addımlayır. Gənclərimiz dövrün, zamanın tələblərinə uyğun olaraq təkmil islahatların həyata keçirilməsində hərəkətverici qüvvədir. Bu gün bu fikri böyük inamla və fəxr hissi ilə qeyd edirik ki, 44 gün davam edən İkinci Qarabağ müharibəsində tarix yazan gənclər Heydər Əliyev məktəbinin, Prezident İlham Əliyevin idarəçiliyinin yetirmələridir. Gənclərimiz müasir dövrün əsas çağırışı olan yeni texnologiyaların öyrənilməsinə və tətbiqinə xüsusi diqqət göstərməklə Azərbaycanın davamlı inkişafına, hazırda işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə öz töhfələrini verməyə səy göstərirlər. Yeni reallıqların qarşıya qoyduğu yeni çağırışlar gənclərimizi daha yenilikçi olmağa səsləyir.