Xəbərlər
Gənclik böyük qüvvədir

Şəhla Abdullayeva
YAP Ucar rayon təşkilatının sədri
Ümummilli Lider Heydər Əliyev bildirmişdir: “Mən əminəm ki, Azərbaycanın gələcəyi etibarlı əllərdədir. Çünki bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclərdir, vətənpərvər gənclərdir, xalqını, millətini sevən gənclərdir.” Gənclərə diqqət və qayğı müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə həyata keçirilən siyasətin önündə dayanıb. Ümummilli Lider bildirirdi ki, cəmiyyətin gələcək tərəqqisi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılıdır.
Son 20 ilə yaxın dövrdə Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi gənclərə diqqət və qayğının davamlılığında da özünün aydın ifadəsini tapır. Belə ki, gənclərin cəmiyyətdə yeri və rolunun artması, potensial imkanlarından səmərəli istifadə, həmçinin onların xarici ölkələrdə təhsi almalarına göstərilən diqqət biri-birindən mühüm sənədlərin imzalanmasını, Dövlət proqramlarının qəbulunu şərtləndirir.
Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə 2007-ci ilin ölkəmizdə “Gənclər ili” elan edilməsi də bu diqqət və qayğıdan qaynaqlanır. Gənclər Fondunun, gənclər üçün Prezident Mükafatının təsis edilməsi də bu qayğının tərkib hissəsidir. Bu fakt da hər kəsə məlumdur ki, dövlətimizin başçısı İlham Əliyev dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında gənclərin təmsil olunmasını qarşıya mühüm vəzifə kimi qoyub. Bu reallıq hər zaman xüsusi qeyd edilir ki, Azərbaycan gəncləri fəaldır, vətənpərvərdir, biliklidir. Bu inam gənclərimizə elmin sirlərini daha dərindən öyrənməyə, təhsilə çağırış edir. Dövlət başçısı İlham Əliyev bildirir: “Mən bütün gənclərə üz tutub deyirəm ki, təhsilə çox böyük fikir versinlər. Çünki bugünkü dünyada bilik, savad ön plandadır. Bu gün dünya o qədər sürətlə inkişaf edir, texnologiyalar o qədər sürətlə qabağa gedir ki, bilik, savad olmadan həyatda öz layiqli yerini tapmaq çox çətindir. Gənclər peşəkar olmalıdırlar. İstənilən sahədə işləyən gənclər çalışmalıdırlar ki, öz peşəkarlıqlarını artırsınlar.” Son illərdə təhsilin inkişafı istiqamətində atılan addımlara diqqət yetirsək, bu çağırışın konkret addımlarda öz əksini tapdığını görərik. Ölkəmizdə savadlılığın səviyyəsinin təxminən 100 faizə yaxın olması, təbii ki, uğurlu, təkmil islahatların, təhsilin inkişafına göstərilən diqqət və qayğının nəticəsidir.
Azərbaycanda gənclərə diqqət və qayğısı beynəlxalq səviyyədə də təqdir edilir. Dövlət başçısı İlham Əliyevin Davos Dünya İqtisadi Forumunun iclaslarının birində Azərbaycan gəncliyi ilə bağlı unvananan suala cavabını daim xatırlatmaqdan qürur hissi keçiririk. Belə ki, ölkə Prezidenti “Azərbaycanda gənclərin sayı çoxdur və onlar küçəyə çıxsa və eşidilmələrini tələb etsə, İlham Əliyev onlara nə deyər” sualına cavabında bildirmişdir ki, gənclərin nə istədiklərini dinləyərdi. Lakin fakt ondan ibarətdir ki, Azərbaycan gəncləri küçələrdə deyil, gənclər universitetlərdə, məktəblərdədir, gənclər startup biznesindədir, gənclər hökumət məsələlərinə fəal cəlb olunublar. Dünyanın müxtəlif yerlərində gənclərin küçələrdə olması onları nəyinsə qane etmədiyinə görə baş verir. Azərbaycanda həmişə sözümüzə əməl edirik. Heç vaxt yerinə yetirə bilməyəcəyimiz məsələləri dilimizə gətirmirik və insanlarımızın həyat standartları ildən-ilə daha da yaxşılaşır.
Azərbaycan gəncliyinin bu günü və gələcəyi üçün möhkəm təməl mövcuddur. Ümummilli Lider Heydər Əliyevin gənclərin gələcəyi ilə bağlı atdığı addımların xronologiyasına diqət yetirmək kifayədir. Atılan addımların əsasında bu mühüm məqsəd dayanırdı ki, gənclərimiz azərbaycançılığın əsas tərkib hissəsi olan dilimizi, tariximizi, milli-mənəvi dəyərlərimizi öyrənməli və yeni nəslə çatdırmalıdırlar. Bu işlər sistemli olaraq son 20 ilə yaxın dövrdə cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilir. Təsdiqlənən Dövlət proqramları gənclərimizin inkişafında yol xəritəsidir.
Azərbaycan gənclərinin inkişafına Heydər Əliyev Fondunun töhfələri də davamlılığı ilə diqqət çəkir. Fond gənclərin yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılmasına, qabiliyyətlərini göstərməsinə, inkişaf etdirməsinə yardım, uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət edir. “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində 2 mindən artıq məktəb tikilib, yaxud əsaslı təmir edilib. Fondun təşkilatçılığı ilə bu sahədə həyata keçirilən proqram və layihələr ölkəmizdə təhsilin səviyyəsini yüksəltməyə, valideyn himayəsindən məhrum olmuş uşaq və yeniyetmələrin təlim-tərbiyəsi üçün şəraiti yaxşılaşdırmağa imkan vermişdir.
Gənclərimizin tariximizin, mədəniyətimizin, milli-mənəvi dəyərlərimizin, dilimizin öyrənilməsi və gələcək nəsillərə çatdırılması istiqamətində həyata keçirdiyi layihələrlə hər zaman diqqətdə olan Heydər Əliyev Fondunun ümdə məqsədlərindən biri Ulu Öndərimizin zəngin irsinin, dövlət, Vətən, xalq qarşısında misilsiz xidmətlərinin, milli dövlətçilik ideyalarının dərindən öyrənilməsi, təbliği, yeni nəsillərə çatdırılmasıdır. Müasir müstəqil Azərbaycan Ümummilli Liderin şah əsəridir. Gənclərimiz belə qüdrətli, zəngin, qalib Azərbaycanın vətəndaşı olduqları üçün qürurludurlar. Gənclərimiz onlara yaradılan şəraitdən maksimum faydalanaraq öz potensial imkanlarını yeni-yeni hədəflərin reallığa çevrilməsinə yönəldirlər. Azərbaycanı qarşıdakı illərdə daha möhtəşəm uğurlar gözləyir.