Xəbərlər
Azərbaycan gənclər ölkəsidir

Elmar Əhmədov
YAP Salyan rayon təşkilatının sədri
Azərbaycan gənclər ölkəsidir. Ölkəmizdə gənclərə dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilir. Gənclərin bu günü və gələcəyi ilə bağlı Dövlət proqramlarının qəbulu və uğurlu icrası, ən əsası müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin 1997-ci ildə imzaladığı Sərəncamla MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda Gənclər Gününün təsis olunması, cənab İlham Əliyevin Sərəmcamları əsasında 2007-ci ilin ölkəmizdə “Gənclər İli”, 2020-ci ilin isə “Könüllülər ili” elan edilməsi gənc nəslə göstərilən diqqət və qayğının bariz nümunələridir.
Ölkəmiz Ulu Öndər Heydər Əliyevin yaratdığı möhkəm təməl üzərində biri-birindən əhəmiyyətli, dünyanı heyrətləndirən uğurlara imza atır. Azərbaycan innovasiyalar ölkəsi kimi tanınır. Daim beynəlxalq aləmdə təkmilləşməyə, yeniişməyə açıq ölkə kimi diqqətdədir. Gənclərimiz bu uğurlardan böyük qürur hissi keçirirlər.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən gənclər siyasətinin nəticəsi olaraq, müasir Azərbaycan gəncliyi yeni inkişaf mərhələsinə qədəm qoyub. Belə ki, hazırda ölkəmizdə yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır və onlar irəli çəkilir. Sosial həyatın bütün sferalarına nəzər salsaq görərik ki, orada gənclər əksəriyyət təşkil edirlər. Son bir ildə perspektivli gənclərin dövlət idarəçiliyində mühüm vəzifələrə təyin olunmalarının da kifayət qədər nümunələrini görmək mümkündür. Gənclər gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayırlar. Prezident İlham Əliyev bildirir: “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram.” Bu fikirlər özündə bütün məqamları ehtiva edir. Dövlət başçısı İlham Əliyev gənclərə inanır, arxalanır, eyni zamanda, onların daha da inkişafı, öz potensial imkanlarını ortaya qoymaları üçün şərait yaradır. Çünki Prezident İlham Əliyev əmindir ki, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik ənənələrinə olduqca məsuliyyətlə yanaşan, Ulu Öndərin ideylarına sadiqlik nümayiş etdirən Azərbaycan gəncləri vətənpərvərdir, Vətəni sevəndirlər, Vətənə bağlıdırlar.
Gənclərə bu inam özünü 44 günlük İkinci Qarabağ müharibəsində təsdiqlədi. Azərbaycan gənci “Torpaqdan pay olmaz” deyib Müzəffər Ali Baş Komandanın “Hücum!” əmrini yüksək dəyərləndirərək Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, 30 illik torpaq həsrətinə son qoyulması üçün silaha sarıldılar. Vətən, torpaq yolunda şəhidlik zirvəsinə ucalan Vətən oğulları vətənpərvəlik məktəbini yaratdılar. Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Onların rəşadəti sayəsində əldə olunan şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Müstəqillik dövründə, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər. Bu gün hər bir Azərbaycan gənci bu məktəbdən öyrənir, qalib Azərbaycanın gələcəyi üçün üzərinə düşən vəzifəni layiqincə yerinə yetirəcəyini bildirir. Vətən müharibəsində iştirak etmiş hər bir gəncinə Azərbaycan xalqı minnətdardır. Tarixi sahibinə qovuşan torpaqlarımız cənnət məkana çevrilir.
Vətən müharibəsi dövründə gənclərimiz sosial şəbəkələrdə də çox fəal oldular. Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasına öz töhfələrini verdilər. Birgə səylərin nəticəsində Azərbaycan informasiya məkanında üstünlük əldə etdi.
Tarixi Zəfərimizin reallıqları hər bir dövrün çağırışlarını yüksək səviyyədə yerinə yetirən Azərbaycan gəncinin qarşısında yeni imkanlar açır. Gənclərimiz müasir düşüncələrindən, ideyalarından bəhrələnərək yeni çağırışların həyata keçirilməsinə öz töhfələrini verməyə çalışırlar. Bugünümüzün reallıqları Ümummilli Lider Heydər Əliyevin vaxtilə səsləndirdiyi “Bizim gənclər gərək hazırlaşsınlar ki, XXI əsrdə Azərbaycanın inkişafını təmin edə bilsinlər. Bunun üçün biliklənmək, təhsil almaq, sağlam həyat tərzi keçirmək, mənəvi, milli dəyərlərimizə daim söykənmək və ümumbəşəri dəyərlərdən səmərəli istifadə etmək lazımdır. Mən əminəm ki, bizim gənclərimiz Azərbaycanın gələcəyini bizdən elə yaxşı təmin edəcəklər. Çünki bizim çox zəkalı, çox bacarıqlı, istedadlı gənclərimiz vardır. Mən ümidvaram ki, gənclər bugünkü təcrübədən yaxşı bəhrələnəcəklər və Azərbaycanın gələcəyini təmin edəcəklər” fikirlərin təsdiqidir.