YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Gələcəyimiz gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

“Mən inanıram ki, Azərbaycanın bu gün yetişən gənc nəsli bütün keçmiş nəsillərdən daha da yüksəklərə qalxacaqdır. Çünki siz müstəqil Azərbaycanda, öz azad Vətəninizdə yaşayırsınız.” Ümummilli Lider Heydər Əliyevin bu fikirləri Azərbaycan gəncliyinin fəaliyyətinin əsas prinsipinə çevrildi.

Müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycanda yaşanan vəziyyət hər kəsə məlumdur. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev uğurlu, düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində yeni Azərbaycan qurdu. Ölkəmiz müstəqilliyini itirmək, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən xilas oldu. Azərbaycanın həyatında yeni dövr başladı. Digər istiqamətlərdə olduğu kimi, gənclərimizə diqqət və qayğı sahəsində də atılan addımlar davamlılğı ilə diqqətdə oldu. Ümummilli Lider Heydər Əliyev aydın strategiya ilə müstəqilliyimizin bərpasının ilk illərində gənclərin enerji və imkanlarını milli maraqlarımızın müdafiəsinə səfərbər etdi, onların vətənpərvər ruhda formalaşmasına zəmin yaratdı. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin Birinci Forumunda Ümummilli Lider gənclər qarşısında mühüm tarixi vəzifələr müəyyənləşdirdi. 

Bu gün Azərbaycan qalibiyyəti ilə dünyanın diqqətindədir. 30 ilə yaxın işğal altında qalan torpaqlarımız öz tarixi sahibinə qovuşub. Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpasında Azərbaycan gəncliyinin göstərdiyi qəhrəmanlıq, şücaət dünyaya səs saldı. Yeni reallıqlar bütün sahələrdə, o cümlədən gənclər siyasətində yeniləşməyə, təkmilləşməyə yol açdı. Bu, dövlət başçısı İlham Əliyevin imzaladığı Fərman və Sərəncamlarda, Dövlət proqramlarında özünü təsdiqləyir. Dövlət başçısı İlham Əliyev bildirir: “ Biz haqlı olaraq fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq və gənclər həm öz gələcək həyatını düzgün müəyyən etmək üçün və eyni zamanda, dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar. Mən bu sözləri deməklə, eyni zamanda, Azərbaycan gənclərinə həm ürək sözlərimi deyirəm, həm də təşəkkür sözümü deyirəm. Çünki bir çox hallarda, xüsusilə Vətən müharibəsində gənclərin rolu həlledici olmuşdur və biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik.”

Qeyd etdiyimiz kimi, Azərbaycan gəncləri 44 günlük İkinci Qarabağ müharibəsində Vətən, torpaq sevgisini bir daha dünyaya nümayiş etdirdilər.  44 günlük Vətən müharibəsinin hər günü bizim üçün əzizdir, doğmadır. Vətən uğrunda öz canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bizim üçün   müqəddəsdir. Gənclərimiz artıq müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər.

Azərbaycanın hər bir uğurunda öz payı olan, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasında təmsil olunan 800 minə yaxın üzvün böyük əksəriyyətini məhz gənclər təşkil edir. Gənclərimiz bu partiyada öz potensial imkanlarını ortaya qoymaq üçün geniş meydan görürlər.

Ümummilli lider Heydər Əliyev partiyanın sıralarında gənclərin çoxluq təşkil etməsinin vacibliyini bildirirdi. Bu mühüm məqamı da xüsusi qeyd edirdi ki, gənclərimiz müstəqillik yolumuzun heç də hamar olmadığını bilməli, bugünkü inkişafa gəlib çıxmaq üçün keçdiyi yol barədə aydın təsəvvürə malik olmalıdır. Dövlət başçısı İlham Əliyevin Yeni Azərbaycan Partiyasının tarixi Zəfərimizin reallıqları fonunda keçirilən VII qurultayında səsləndirdiyi “O dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlaya bilmişik. Kimə biz borcluyuq. Əgər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi. Biz bu tarixi bilməliyik, bilirik və bundan sonra öz fəaliyyətimizi bu möhkəm təməl üzərində quracağıq, necə ki, bu vaxta qədər qurmuşuq” fikirləri Ümumilli Liderin yuxarıda qeyd etdiyimiz çağırışının davamı kimi dəyərləndilməlidir. Müstəqillik tariximizin ayrı-ayrı mərhələlərinin tarixi paralellər əsasında təhlil edilərək indiki və gələcək nəsillərə çatdırılması hər birimizin vətəndaşlıq borcudur.

DİGƏR Xəbərlər Arxiv