Xəbərlər
Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir
“Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı gənc nəslə diqqəti dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirildi. Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər böyüməkdə olan gənc nəslə qayğını hər zaman önə çəkib. Ulu Öndərin gənclərlə bağlı imzaladığı bir çox sənədlər isə respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün başlıca zəmin yaratdı.”
Bu fikirləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib. O qeyd edib ki, ulu öndərin gənclər forumunun təşkili ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilməyə başlanılıb: “1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumu və burada Ulu Öndər Heydər Əliyev çıxışında səsləndirdiyi konsepsiya gənclər siyasətinin istiqamətlərini və həyata kecirilməsi ilə baglı qarşıda duran vəzifələri müəyyən edib. Eyni zamanda Ulu Öndər ölkə gəncləri qarşısında tarixi bir vəzifə qoyub. Məhz ulu öndərin 1996-cı il fevralın 2-si İmzaladıgı Sərəncamla Azərbaycanda Gənclər Günü elan edilib. MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda Gənclər Günü təntənəli şəkildə qeyd edilməyə başlanıb. Həmçinin Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra təhsilimizin ötən əsrin 70-80-ci illərində mövcud olmuş bir çox ənənələri uğurla davam etdirilib. Bunun bariz nümunəsi olaraq 2003-cü ildə dünyanın inkişaf etmiş 40-a yaxın ölkəsində 160-a qədər ixtisas üzrə 3000-dən artıq azərbaycanlı gəncin təhsil almasını göstərmək olar. Eyni zamanda istedadlı gənclərin təhsilə marağını daha da artırmaq və dəstəkləmək üçün Prezident Heydər Əliyevin ali məktəblərə qəbul imtahanlarından ən yüksək bal toplamış abituriyentlərlə şəxsən görüşüb, onlara “Prezident təqaüdü”nün verilməsi barədə qərarı dahi şəxsiyyətin təhsilə diqqətinin nümunəsi idi. Sözsüz ki, Ümummilli Liderin müəyyənləşdirdiyi dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi gənclərin qarşısında duran problemlərin həllinə münasibətin köklü surətdə dəyişməsinə imkan yaradıb. Onları vahid azərbaycançılıq ideologiyası ətrafında daha da sıx birləşdirib. Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi də məhz Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətini təşkil edib”.
Deputat hesab edir ki, ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə vermiş olduğu önəm mühüm əhəmiyyət kəsb edir: “Bu bir reallıqdır ki, ölkəmizdə gənclərlə bağlı iş dövlət siyasətinin mühüm tərkib hissəsidir. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilir. Dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, gücünə, istedadına inam hissi daha da güclənib. Bu xüsusda Prezident İlham Əliyev tərəfindən ötən müddət ərzində bir çox xüsusi əhəmiyyətə malik sənədlər təsdiq olunub. Həmin mühüm sənədlərin qəbul olunması və uğurla həyata keçirilməsi ölkəmizdə gənclərin potensialının inkişaf etdirilməsi, onların faydalı məşğulluğunun təmin edilməsi istiqamətində böyük əhəmiyyət kəsb edir. Gənclər siyasəti sahəsində atılan addımlar və qəbul olunan mühüm qərarlar Prezident İlham Əliyevin gələcəyə hesablanmış uğurlu siyasətinin təcəssümüdür. Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşıb. Gənc kadrların irəli çəkilməsi siyasəti ölkə gənclərinin hərtərəfli inkişafına ən yüksək səviyyədə diqqət və qayğı göstərən Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə “Yüksəliş” müsabiqəsi təsis edilib. Bu müsabiqənin əsas məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır. Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) 2018-ci ilin noyabr ayında Azərbaycan Gənclər Fondunun nəzdində fəaliyyətə başlayıb. Prezident İlham Əliyevin 2019-cu il tarixli 1 oktyabr tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının şəhər və rayonlarında yaşayan gənc vətəndaşların dövlət gənclər siyasətinin tələblərinə, ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinə uyğun şəkildə hərtərəfli inkişafının təmin olunması məqsədilə ölkənin şəhər və rayonlarındakı Heydər Əliyev Mərkəzlərində bu nümayəndəliklərinin yaradılması və fəaliyyətinin təmin edilməsi qərara alınıb”. Millət vəkili vurğulayıb ki, 1997-ci ildən etibarən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti seçilmiş dövlət başçısı İlham Əliyev gənclərin idmana cəlb olunması məsələsinə xüsusi diqqət ayırıb: “Bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi yaradılıb və bu proses hazırda da davam etdirilir. Bakı şəhərində ən mötəbər idman yarışları təşkil olunur. Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib. Eyni zamanda Prezident İlham Əliyevin hakimiyyəti illərində yetişən vətənpərvər gənclər rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşdu. Həmin qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdı. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclərimizin qəhrəmanlığı sayəsində əldə olunan bu Şanlı Zəfərlə ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi “Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər”. Sevinc Hüseynovaya görə, gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib: “Ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında gənclər fəal iştirak edib. Bu gün də gənclərimiz ideoloji mübarizənin önündə gedir. Ulu Öndər Heydər Əliyevin görmək istədiyi vətəninə, dövlətinə, xalqına sadiq gənclik məhz budur. Çünki bu gün müasir Azərbaycan gəncliyi dövlətinin, xalqının maraqlarına xidmət edir”.