Xəbərlər
Azərbaycanın növbəti mütləq diplomatik zəfəri
BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclasında Qarabağda yaşayan erməni əhalisinin sanki aclıqdan ölmələri ilə bağlı məsələnin müzakirə olunması erməni şousunun kulminasiya nöqtəsi idi. Bu məsələ artıq dünya birliyinin nəzərində bitmişdir. Əlbəttə, cəhdlər davam etdirilsə də bu məsələni heç kim ciddi qəbul etməyəcəkdir. Eyni zamanda da bu hadisə BMT-nin son zamanlar azalan nüfuzuna kəskin zərbədir. Dünyanın yüzlərlə real problemlərlə, həqiqi aclıq faktları ilə, müharibələrlə üzləşdiyi bir vaxtda olmayan bir məsələni müzakirəyə çıxaran BMT Təhlükəsizlik Şurası ədalətin, hüququn deyil, hansısa ayrı-ayrı maraqların masasına çevrildiyini bir daha sübut etdi.
Bununla da ən yüksək pərdədən blokada oyununa reaksiya verildi. Dünyada formalaşmış ermənipərəst ünsürlər növbəti dəfə Azərbaycan Prezidenti İlham Əliyevin və xalqının dəmir iradəsini əyə bilmədi. Çünki Azərbaycanın mövqeyi haqlı və ədalətli mövqedir. Azərbaycan bir daha nümayiş etdirdi ki, milli maraqların müdafiəsi istiqamətində bir addım da olsun geri atmayacaqdır. Qarabağ Azərbaycanın dünya birliyi tərəfindən birmənalı olaraq tanınmış suveren ərazisidir. Orada yaşayan erməni millətindən olan əhali Azərbaycan Respublikasının vətəndaşlarıdır və Azərbaycan öz vətəndaşları ilə olan münasibətlərini heç kimlə müzakirə etmək fikrində deyildir.
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının strukturu, orada təmsil olunan daimi üzvlərin sayı və verdiyi qərarların ədalətli olub-olmaması və nə qədər uğurla icra olunub-olunmaması müzakirə və mübahisə mövzusu olsa da faktiki o, dünyanın ən nüfuzlu beynəlxalq təşkilatının əsas orqanıdır. 16 avqust 2023-cü il tarixdə BMT-nin Təhlükəsizlik Şurasının növbədənkənar iclasında Azərbaycanın Laçın yolunda baş verən hadisələrlərlə bağlı müzakirə keçirilmişdir. Bütün Ermənistan və Fransanın təxribatlarına rəğmən Azərbaycan növbəti dəfə inanmlı diplomatik qələbə qazana bilmişdir. Məsələni konkretləşdirsək deyə bilərik ki:
- Heç bir iştirakçı Azərbaycana qarşı ciddi nöqsanlar bildirmədi. Sadəcə, həmişə olduğu kimi formal çağırışlar oldu. Hətta Rusiya nümayəndəsinin məsələnin Azərbaycan hüquqları çərçivəsində həllinə dair fikirləri xüsusilə diqqət çəkdi;
- Çağırışların məqsədi - Ermənistan-Azərbaycan danışıqlarının davam etdirilməsi və Laçın-Xankəndi, eləcə də Azərbaycanın təklif etdiyi Ağdam-Xankəndi yollarının humanitar məqsədlər üçün maneəsiz istifadəsi idi. Azərbaycan buna etiraz etmir və humanitar ehtiyacların təmin edilməsi üçün bütün zəruri addımları atmağa hazırdır;
- Heç bir iştirakçı ölkə "blokada" və "soyqırımı" ifadələrini işlətməyərək ermənilərin arzusunu növbəti dəfə ürəklərində qoydu;
- Heç bir dövlət Azərbaycanın Laçın yolundakı suveren hüquqlarını şübhə altına almadı və ala da bilməz;
- Heç bir ciddi qanun pozuntusundan, Qarabağda yaşayan erməni vətəndaşlara münasibətdə hüquq pozuntusundan söhbət belə açılmadı. Reallıq da ondan ibarətdir ki, Azərbaycan reinteqrasiya naminə divarlar, səddlər tikmir, əksinə yollar çəkir, maneələri aradan qaldırır;
- Heç bir qətnamə, qərar çıxarılmadı. Ümumiyyətlə, heç bir sənəd qəbul olunmadı. Tövsiyyə xarakterli fikirlər səsləndi. Heç bir səsvermə keçirilmədi.
Bir sözlə desək, BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclası ölkəmiz üçün növbəti mütləq diplomatik zəfərdir. BMT-nin Təhlükəsizlik Şurasının növbədənkənar iclasında aparılan müzakirələr yalnız ədalətin təcəssümü deyildi. Eyni zamanda da Azərbaycan Prezidenti İlham Əliyevin və Azərbaycan diplomatiyasının doğru siyasətinin nəticəsi idi. Baxmayaraq ki, Azərbaycan 90-cı illərin əvvəllərində də haqlı idi və həmin elə bu BMT Təhlükəsizlik Şurası heç vaxt icra etmədiyi, heç icra etmək üçün cəhd göstərmədiyi 4 Qətnamə qəbul etmişdir. Azərbaycan 30 ildir ki, haqlıdır, Azərbaycan 30 ildir ki, ədalətlidir. Bu zəfərin, bu növbəti diplomatik qələbənin də memarı Azərbaycanın Prezidentidir. Azərbaycan son illər əldə etdiyi zəfərləri ilmə-ilmə toxumuş və bugünkü nəticələri əldə etmişdir.
Azərbaycanın istər Qoşulmama Hərəkatında fəaliyyəti, istər etibarlı enerji təminatçısı kimi dünyada mövqeyi və əlbəttə dəmir iradəsi nəticəsində belə bir zəfər reallaşdı. Azərbaycan heç vaxt boş vədlər vermədiyini bir daha nümayiş etdirdi. Ağdam-Xankəndi yolunun alternativ yol kimi açıq olduğu və təmirdən sonra daha qısa, daha təhlükəsiz və daha istifadəyə yararlı bir yol olduğu sübuta yetirildi. Bununla da növbəti dəfə Azərbaycanın suveren ərazilərinin beynəlxalq arenaların müzakirə obyekti olmadığı dünyaya çatdırıldı. İndi Ermənistan baş nazirinin hökümətin iclasında bir daha “Dünyada elə bir ölkə, qurum yoxdur ki, Qarabağı Azərbaycan ərazisi kimi tanımasın. Dünya bizi eşitmək istəmir” ifadələrini səsləndirəcəyini sanki duyuram. Əslində isə dünya onları deyil, onların yalanlarını eşitmək istəmir. Azərbaycan və onun Müzəffər rəhbəri bir daha sözün bütün mənalarında dünyanın gözünü açdı. Yalanlar, yalandan yazıq kimi görünənlər, özlərinə yazıq imici yaradanlar artıq dünyada sayəmizdə qəbul olunmurlar.
BMT-nin Təhlükəsizlik Şurasının növbədənkənar iclasında əldə olunan növbəti qələbə həm də dünyanın heç də 1992-ci ildə Xocalı soyqırımı vaxtı olan dünya olmadığını nümayiş etdirdi. Azərbaycan müharibəni yalnız döyüş meydanında qazanmadı, o həm də informasiya müharibəsində qələbə əldə edərək reallıqları dünya ilə paylaşdı. Həqiqəti qəbul edənlər Azərbaycanla dost oldular. Azərbaycan cəmiyyəti, xüsusi ilə fəal gənclər öz sosial şəbəkə platformalarını yaradaraq, orada birləşərək dünyanı Azərbaycan həqiqətlərinə inandıra bildilər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dörd dildə verdiyi müsahibələr isə Azərbaycan cəmiyyətinə mübarizənin yeni yolunu, istiqamətini göstərdi.
BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclasında səfir Yaşar Əliyevin sosial şəbəkələrdən nümunə gətirməsi və Xankəndidə əslində heç kimin acından ölmədiyini faktlarla sübut etməsi sosial şəbəkələrin gücünü və orada şəbəkələşən Azərbaycan cəmiyyətinin məsələlərə təsir imkanını göstərdi. Ermənilərin “blokada” yalanının ifşa edilməsi istiqamətində göstərilən şəkil-foto-kollajlar aylardır “#noblockade” “#fakeblockade” həştəq və etiketlərdən istifadə edilərək Azərbaycan cəmiyyətinin təbii formada birləşməklə apardığı məqsədyönümlü kampaniyaların nəticəsidir. Bu ictimai və təbii formalaşan kampaniyalar dövlətimizə bir daha Ermənistan üzərində informasiya müharibəsində qalib gəlməyə kömək etdi. Budur bizim gücümüz, budur bizim birliyimiz!