Xəbərlər
İqtisadi yüksəlişin strateji hədəfləri

Emin BAĞIROV
ETN Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru
Son illər ölkəmizin daxili və xarici dövlət borcunun idarə edilməsi istiqamətində ölkə başçısının rəhbərliyi ilə davamlı tədbirlər həyata keçirilib. “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”da qarşıya qoyulan vəzifələr uğurla reallaşdırılıb.
Bundan sonra da həmin sənədlərdə dövlət borcalmaları üzrə müəyyənləşdirilən strateji hədəflərə çatmaq üçün bir sıra prioritet layihələrin gerçəkləşdirilməsi nəzərdə tutulub. Prezident İlham Əliyevin 4 avqust 2023-cü il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda bir sıra dəyişikliklər edilməsi də məhz bu məqsəddən irəli gəlib. Xatırladım ki, sözügedən strategiyanın “Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat üzrə strateji çərçivə” bəndi üzrə 2026-cı ilin sonuna ümumi dövlət borcunun ÜDM-də payının 30 faiz, o cümlədən xarici dövlət borcunun 10 milyard ABŞ dollarını üstələməməsi qərara alınıb.
Yeri gəlmişkən, dəyişiklikdən əvvəl müvafiq göstəricilər ümumi dövlət borcunun ÜDM-də payının 20 faiz, o cümlədən xarici dövlət borcunun ÜDM-də payının isə 10 faiz ətrafında saxlanması nəzərdə tutulub. Dövlətimizin başçısının bu ilin ilk altı ayının sosial-iqtisadi yekunları ilə bağlı müşavirədə də vurğuladığı kimi, ötən dövr ərzində qarşıya qoyulan hədəfə nail olunub, xarici dövlət borcu 6,7 milyard dollar olmaqla ÜDM-in, təxminən, 10 faizini təşkil edib.
Qeyd edim ki, müvafiq dəyişikliklərdən irəli gələrək cari ilin sonunadək strategiyada nəzərdə tutulan tədbirlərin nəticə indikatorlarının illər üzrə bölgüsünü müəyyənləşdirən cədvəli yenidən nəzərdən keçirilməklə aralıq və yekun nəticə indikatorlarında da müvafiq dəyişikliklər öz əksini tapacaq.
Yeni dəyişikliyə əsasən, 2025-ci ilin sonuna xarici dövlət borcunun 7,1 milyard ABŞ dolları məbləğində, yəni ÜDM-in 10,7 faizi həcmində olması gözlənir. Bununla belə, mövcud xarici dövlət borcunun qaytarılması, eləcə də ölkənin sosial-iqtisadi inkişaf templərinə əlavə təkan verilməsi məqsədilə prioritet sahələrdə investisiya layihələrinin maliyyələşdirilməsi səbəbindən bu göstəricilərin dəyişəcəyi də istisna edilmir. Bu məqamda onu da bildirmək istərdim ki, 2023-cü il iyulun 1-ə kimi, daxili dövlət borcu 4 milyard 970,3 milyon manat və ya bu il üzrə proqnozlaşdırılan ÜDM-in 4,5 faizini təşkil edib.
Maliyyə Nazirliyinin bu barədə yaydığı məlumata görə, Azərbaycanın 2023-cü il iyul ayının 1-dək xarici dövlət borcu 6 milyard 576,9 milyon ABŞ dolları və ya 2023-cü il üzrə proqnozlaşdırılan ümumi daxili məhsulun (ÜDM) 10 faizini təşkil edib. Cari ilin ötən dövrü ərzində cəlb edilən vəsaitlər, yerinə yetirilən əsas borc öhdəlikləri, habelə xarici valyuta məzənnələrində baş vermiş dəyişikliklər nəzərə alınmaqla, bu ayın əvvəlinə kimi, xarici dövlət borcu ilin əvvəli ilə müqayisədə mütləq ifadədə 116,3 milyon ABŞ dolları və ya 1,7 faiz azalıb.
Yeri gəlmişkən, xarici dövlət borcunun 49,4 faizi 5 ilə qədər, 42,6 faizi 5 ildən 10 ilə qədər olan müddətdə, 8 faizi isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır. Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlər, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş dövlət qiymətli kağızları üzrə hesabat tarixinə faktiki istifadə olunmuş vəsait üzrə ödənilməmiş qalıq vəsaitdən ibarətdir.
Keçən ilin sonu ilə müqayisədə daxili dövlət borcunun səviyyəsi mütləq ifadədə 782,1 milyon manat məbləğində artıb. Bu artımın əsas səbəbləri isə dövlət borcunun idarə edilməsi strategiyasına uyğun olaraq xarici borcun tədricən əvəzlənərək daxili dövlət borcalmasının həcminin artırılması məqsədilə cari ilin ötən dövrü ərzində xarici dövlət borc üzrə vaxtı çatan əsas borc ödənişlərinin daxili maliyyə bazarında yerləşdirilən dövlət istiqrazları hesabına təkrar maliyyələşdirilməsi, habelə dövlət büdcəsinin xərclərinin bir hissəsinin daxili borclanma hesabına maliyyələşdirilməsi olub.
Daxili dövlət borcunu daxili maliyyə bazarında yerləşdirilmiş dövlət qiymətli kağızları üzrə ödənilməmiş qalıq vəsait təşkil edib. Hesabat tarixinə daxili dövlət borcunun 27,5 faizi 1 illik, 52,1 faizi 2 və 3 illik, 20,4 faizi isə 5 il və daha artıq müddətli dövlət qiymətli kağızlarının payına düşür.