Partiya xəbərləri
YAP-ın nümayəndələri ICAPP-ın tədbirlərində iştirak ediblər
Xəbər verildiyi kimi, Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndələri 2023-cü il 4-7 avqust tarixlərində Monqolustanın paytaxtı Ulan-Batorda hakim Monqolustan Xalq Partiyasının ev sahibliyi ilə keçirilən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) Gənclər Qolunun VI və Qadınlar Qolunun VII iclaslarında iştirak ediblər.
14 ölkədən 18 siyasi partiyanın 100-ə yaxın nümayəndəsinin qatıldığı tədbirdə ICAPP-ın baş katibi Çunq Eu-yonq, Monqolustan Xalq Partiyasının baş katibi Amarbayasqalan Daşzeqve, Monqolustanın Rəqəmsal İnkişaf və Kommunikasiyalar naziri, Monqolustan Xalq Partiyasının Sosial Demokratik Gənclər təşkilatının prezidenti Uçral Nyam-Osor və Monqolustanın Mədəniyyət naziri, Monqolustan Xalq Partiyasının Sosial Demokratik Qadınlar təşkilatının vitse-prezidenti xanım Nomin Çinbat çıxış ediblər.
“Pandemiyadan sonrakı sosial-iqtisadi tərəqqi naminə gənclərin sosial və siyasi dialoqda iştirakı” mövzusunda keçirilən ICAPP-ın Gənclər Qolunun VI iclasında çıxış edən YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov postpandemiya dövründə gənclərin bilik və bacarıqlarının artırılmasının, sahibkarlıq və innovasiyalar sahəsində təşəbbüslərinin dəstəklənməsinin vacibliyini vurğulayıb, Azərbaycanda həyata keçirilən gənclər siyasətindən və Yeni Azərbaycan Partiyasının bu istiqamətdə fəaliyyətindən bəhs edib.
“Pandemiyadan sonra gender əsaslı bərpaya nail olmaq üçün qadın liderliyinin təşviqi” mövzusunda keçirilən ICAPP-ın Qadınlar Qolunun VII iclasında çıxış edən YAP Mərkəzi Aparatının Beynəlxalq əlaqələr və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Hülya Məmmədli qadınların fəallığının artırılmasının ümumi sosial-iqtisadi rifaha və cəmiyyətin özəyi olan ailə institutunun möhkəmləndirilməsinə müsbət təsirindən, Azərbaycanda həyata keçirilən gender siyasətindən və Yeni Azərbaycan Partiyasının bu sahədə gördüyü işlərdən danışıb.
İclaslarda, həmçinin təşkilati məsələlərə də baxılaraq Gənclər Qolunun və Qadınlar Qolunun yeni Büro üzvləri seçilib və ICAPP-ın hər iki qurumunun yenilənmiş fəaliyyət qaydaları qəbul edilib.
Tədbirin sonunda ICAPP-ın Gənclər Qolunun və Qadınlar Qolunun Ulan-Bator Bəyanatları qəbul edilib.