Xəbərlər
Zakir Həsənov: Azərbaycan xalqı öz ordusuna inanır, onun gücünə güvənir
Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə şəxsi heyəti təbrik edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Vətən naminə müqəddəs və şərəfli xidmətdə şəxsi heyətə uğurlar arzulayan nazirin təbrikində deyilir: “Azərbaycan Xalq Cümhuriyyəti Əlahiddə Azərbaycan Korpusunun varisi olan Silahlı Qüvvələrimiz 97-ci ildönümünü böyük ruh yüksəkliyi, döyüş və mənəvi-psixoloji hazırlıqda qazandığı nailiyyətlərlə qarşılayır. Xalqımızın ümummilli lideri Heydər Əliyevin digər sahələrlə yanaşı, ordu quruculuğu sahəsində apardığı siyasət də möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir. Ali Baş Komandanımızın qeyd etdiyi kimi, Azərbaycan Ordusunun peşəkarlığı, döyüş qabiliyyəti artır, Azərbaycan əsgər, gizir və zabitləri Vətənə ləyaqətlə xidmət edirlər, öz Vətəninə sadiqdirlər. Bizim bütün hərbi hissələrimizdə, xüsusilə də cəbhədə yerləşən hərbi hissələrdə ruh yüksəkliyi var və Azərbaycan əsgərinin vətənpərvərlik hissləri çox yüksəkdir, möhkəmdir. Azərbaycan Ordusunun maddi-texniki təchizatı ən yüksək səviyyədədir. Son vaxtlar əldə etdiyimiz silah, texnika deməyə əsas verir ki, qarşıya qoyulan vəzifələri icra edə bilərik”.
Təbrikdə, həmçinin qeyd olunub ki, günün müxtəlif vaxtlarında, istənilən iqlim şəraitində irimiqyaslı taktiki təlimlərdə şəxsi heyət öz peşəkarlığını, yüksək döyüş qabiliyyətini dəfələrlə nümayiş etdirir. Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən mütəmadi olaraq atəşkəs rejimi pozulsa da, əsgər və zabitlərimizin ayıq-sayıqlığı nəticəsində düşmən susdurulur, kəşfiyyat-təxribat qruplarının qarşısı vaxtında alınır.
“Azərbaycan əsgəri quruda, havada və dənizdə Vətən qarşısında vəzifə borcunu şərəf və vicdanla yerinə yetirir, Ulu Öndərimizin ideyalarına sadiqdir, Vətənin hər bir çağırışına hər an hazırdır. Bu gün xalq ilə ordunun sağlam və monolit birliyi yaranıb. Xalq öz ordusuna inanır, onun gücünə güvənir. Şəhid ailələri, müharibə veteran və əlilləri, eləcə də hər bir hərbi qulluqçu ölkə rəhbərliyinin daim diqqət və qayğısı ilə əhatə olunub. İnanıram ki, bu sizi sevindirməklə yanaşı, məsuliyyətinizi daha da artırır. Əmin olduğumu bildirirəm ki, Silahlı Qüvvələrimizin şəxsi heyəti bundan sonra da xalqımızın və dövlətimizin etimadını şərəflə doğruldacaq, hərbi intizamını artıracaq, döyüş və mənəvi-psixoloji hazırlığını yüksəldəcək, bundan sonra da qazandığı uğur və nailiyyətlərlə xalqımızı sevindirəcək və tezliklə işğal altında olan əzəli və əbədi torpaqlarımızın xilas edilməsinə nail olacaq. Hər birinizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və şərəfli xidmətinizdə müvəffəqiyyətlər arzulayıram”, - deyə general-polkovnik Zakir Həsənovun təbrikində bildirilib.